Alfa Romeo krossoverlər çeşidini genişləndirərək geniş auditoriyanı fəth etməyə çalışsa da, qələbələrlə zəngin olan avtoidman keçmişini də unutmur. Yeni Alfa Romeo 33 Stradale superkarı təkcə 8C Competizione modelinin layiqli davamçısı deyil, həm də 60-cı illərdə Alfa Romeo Tipo 33 yarış avtomobilinin əsasında yaradılmış 33 Stradale modelinin ideoloji varisidir.
Yeni orta mühərrikli superkarla şirkət fərdi sifarişlər (Fuoriserie) əsasında eksklüziv avtomobillərin inşası ənənəsini bərpa edir. Bu qəbildən olan sonuncu Alfa Romeo avtomobili 54 il bundan öncə, 1969-cu ildə inşa edilib. Buna görə də, Alfa Romeo 33 Stradale modelinin tirajı çox kiçikdir: dünya üzrə cəmi 33 nüsxə. Bununla birlikdə, 1967-ci ildən 1969-cu ilə qədər istehsal edilmiş eyni adlı ilk superkar cəmi 13 nüsxədə (üçüncü tərəf layihələri üçün əlavə olaraq beş şassi) buraxılmışdı.
Yeni kupenin dizaynı üzərində Alfa Romeo Centro Stile bölməsinin komandası işləyib. Onlar əvvəlki superkarın müasir şərhini verməyə çalışıblar və buna 100% nail olublar: kəpənək qanadları formasında qapılar və ümumi nisbətlər təkrar canlandırılıblar. Üstəlik, avtomobilin ən yüksək nöqtəsi, əksər müasir avtomobillərdə olduğu kimi, ön şüşənin yuxarı kənarının arxasında deyil, damın mərkəzində yerləşir.
Superkarın əsasında alüminium gücləndiriciləri və birləşdirilmiş alt çərçivələri olan karbon monokok durur. Şəffaf arxa örtük polikarbonatdan hazırlanır. Alfa Romeo 33 Stradale superkarında aktiv aerodinamik elementlər yoxdur və Cx əmsalı heyrətamiz deyil (0,375), lakin mühəndislər qaldırıcı və yerəbasma qüvvəsinin mükəmməl balansına nail olmağa çalışıblar.
İki nəfərlik kokpitin iki tərtibat variantı təklif olunur: dəri və alüminiumdan - Tributo, karbon və alkantaradan - Alfa Corse. Cihazlar paneli virtualdır, üçölçülü proyeksiya displeyi də mövcuddur, lakin salonda nə sensorlar, nə də sensorlu ekranlar var: burada yalnız qədimi metal tumblerlər və açarları gözə çarpır. Üstəlik, onların bir hissəsi tavandakı konsolda yerləşdirilib.
Alfa Romeo 33 Stradale öndə və arxada qoşa köndələn qolları, adaptiv amortizatorları olan orijinal şassiyə malikdir. Bundan başqa, Alfa Romeo 33 Stradale 40 km/saat həddinə qədər sürətlərdə avtomobilin ön tərəfini 50 millimetr qaldırmağa imkan verən hidravlik mexanizmə sahibdir.
Karbon-keramik diskləri olan Brembo əyləc sistemi naqil vasitəsi ilə idarə olunur: öndə altı porşenli, arxada isə dörd porşenli mexanizmlər quraşdırılıb. Avtomobilin tənzimlənməsi üzərində zavod Formula 1 komandasının pilotu Valtteri Bottasın məşğul olacağı bildirilib.
Superkar iki versiyada - benzin və elektrik versiyasında təklif olunacaqdır. Hələlik yalnız birinci variant göstərilib: buraxılış sisteminin arxadakı dörd çıxış borusunu görməmək mümkün deyil. Oturacaqların arxasında Quadrifoglio versiyasında olan Alfa Romeo modellərindən tanış olan 2,9-litrlik altısilindrli aqreqatın növbəti təkamülü olan 3.0-litrlik V6 biturbomühərriki var.
Quadifoglio modellərində 510 - 540 at qüvvəsi hasil edən mühərrikin gücü, superkar üçün 620 at qüvvəsinə qədər artırılıb. Güc aqreqatının dartma qüvvəsi səkkiz pilləli iki muftalı “robot” vasitəsi ilə elektronika tərəfindən idarələnən differensial kilid olan arxa oxa ötürülür.
Strada və Pista hərəkət rejimləri nəzərdə tutulub, lakin stabilizasiya sistemini tamamilə söndürümək də mümkündür. Çəkisi 1,5 tondan az olan superkar 100 km/saat həddinə üç saniyədən az müddətdə sürətlənməlidir: dəqiq göstərici sınaqlardan sonra dərc olunacaq. Maksimal sürət - 333 km/saatdır. Eyni zamanda, bu superkar Alfa Romeo brendinin sonuncu benzin superkarı olacaq.
Elektrik versiyası Maserati GranTurismo Folgore kupesi ilə eyni 800 voltluq texnologiyaya malik olacaq. Üç dartma mühərriki "750 at qüvvəsindən çox" güc hasil edir: onlardan biri ön oxda, ikisi isə arxada yerləşir ki, bu da dartma vektorunu idarə etməyə imkan verir.
Dartma batareyasının tutumu 102 kilovat-saatdır, lakin bu tutumun yalnız 90 kilovat-saatı əlçatandır. Dolu batareya ilə yürüş məsafəsi təxminən 450 kilometrdir. Alfa Romeo 33 Stradale elektrokarı daxili yanma mühərriki olan superkardan nəzərəçarpacaq dərəcədə ağır olacaq: 2,1 ton! Maksimal sürət də bir qədər aşağı olacaq - 310 km/saat. Lakin 100 km/saat həddinə sürətlənmə vaxtı eyni olmalıdır.
Superkarların istehsalını Touring Superleggera kuzov atelyesi həyata keçirəcək. Alfa Romeo 33 Stradale superkarının ilk hazır nüsxəsi 2024-cü ilin dekabrında alıcıya çatdırılacaq. Alfa Romeo superkarın bütün tirajının artıq sifariş olunduğunu iddia edir.
Hər bir superkarın qiyməti təxminən iki milyon avrodur, yəni bu, tarixdəki ən bahalı yeni Alfa Romeo avtomobilidir. Qarşıda bu avtomobillərin uzun müddət tələb edən fərdiləşdirilmə prosesi var. Bu, iki eyni superkarın olmayacağından xəbər verir. Alıcılar hətta avtomobilin VIN kodunun son səkkiz simvolunu da seçə biləcəklər! Lakin benzin və elektrik versiyaları arasındakı nisbətin necə olacağı hələlik məlum deyil.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.