Almaniyanın Auto Bild nəşri Texniki Nəzarət Təşkilatı (TÜV) ilə birlikdə Avropa bazarındakı ən etibarlı işlənmiş yığcam krossoverlərin siyahısını dərc edib.
Birinci yeri, satışları 2015-ci ildə başlayan Mazda CX-3 modeli tutub. Krossover Mazda2 modelinin bazasında inşa edilib, lakin texniki cəhətdən donorunu üstələyir - mütəxəssislər modelin Avropada özünü doğrultmuş daha iri Mazda CX-5 krossoverinə daha yaxın olduğunu bildirirlər. Bununla birlikdə, krossoverin sahiblərinə işlənmiş avtomobilin amortizatorlarına diqqət yetirmək tövsiyyə olunur.
Yapon krossoverini, bir neçə dəfə ən yüksək TÜV reytinqini almış Volkswagen Tiguan modeli ilə eyni platformada inşa edilən Audi Q3 modeli təqib edir. Mütəxəssislər Audi Q3 modelinin problemli hissəsinin paslanan əyləc diskləri olduğunu bildirirlər.
Siyahıya, ən etibarlı yapon krossoverlərindən biri sayılan Suzuki SX4 S-Cross modeli də daxil olub. Lakin. onun yağ istehlakı ilə bağlı problemləri var. Almaniyanın etibarlılıq reytinqinə daxil olan digər Suzuki modeli Vitara ofrouderidir. Sonrakı yeri, istehsalı 2019-cu ilin yayında dayandırılmış, lakin ikinci əl bazarında tələb olunan Opel Mokka X modeli tutur.
2009-cu ildən bəri istehsal olunan BMW X1 modeli, nəsildən asılı olmayaraq etibarlıdır, lakin mütəxəssislər alıcılara krossoverin əyləc sisteminə diqqət yetirməyi məsləhət görürlər. Mitsubishi ASX modelində də oxşar problemlər ola bilər.
Renault Captur modelinə gəldikdə isə, o da TÜV tərəfindən yüksək qiymətə layiq görülüb, Fransız krossoverinin ən problemli yeri, ilk nəsil Nissan Qashqai modelində olduğu kimi asqısıdır. Qeyd etmək gərəkdir ki, modelin ikinci nəslində əksər qüsurlar aradan qaldırılıb. Siyahının sonunda mütəxəssislər MINI Countryman, Renault Kadjar və Skoda Yeti modelinin ikinci nəslini yerləşdiriblər.
Etibarlılıq sahəsində ən böyük problemlər Ford EcoSport, Nissan Juke, Peugeot 2008 və Renault Duster modellərində aşkar edilib. Ən böyük tənqid Duster modelinin payına düşüb - mütəxəssislər yürüyüşü olan krossoveri almaqdan imtina etməyi və istehsalçının zəmanət verdiyi yeni avtomobili seçməyi məsləhət görüblər.
Mənbə: Auto Bild