Aston Martin şirkəti tarixindəki ən güclü kabrioleti təqdim edib. DBS 770 Ultimate Volante 770 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbomühərrik, səkkiz pilləli ZF “avtomatı”, adaptiv asqı və karbon-keramika əyləcləri ilə təchiz edilib. Ümumilikdə 199 belə avtomobil istehsal olunacaqdır. Eksklüziv kabrioletlərin bütün tirajı artıq satılıb.

Bu ilin əvvəlində Aston Martin 770 at qüvvəli V12 mühərriki ilə təchiz edilmiş sonuncu DBS modelini təqdim edib. O zaman yalnız kupe kuzovlu versiyanın şəkilləri göstərilmiş, DBS 770 Ultimate Volante kabrioleti barədə isə qısa xatrlatma verilmişdi. İndi kabriolet də nümayiş etdirilib.

Hər iki avtomobil texniki cəhətdən eynidir, lakin açıq versiyanın 100 km/saata sürətlənməsi kupedən bir qədər yavaş olacaqdır - 3,4 əvəzinə 3,6 saniyə. Maksimal sürət isə dəyişilməz qalıb – 340 km/saat. Ultimate seriyasının tirajı 499 nüsxə ilə məhdudlaşdırılıb – kupe 300, kabriolet isə 199 nüsxədə buraxılacaq.

Kabriolet də eyni 5,2-litrlik V12 biturbomühərriklə təchiz edilib. Səkkiz pilləli “avtomat”, adaptiv amortizatorlar və bütün idarəetmə proqramları yenidən tənzimləniblər.

Arxa oxdakı yüksək sürtünməli mexaniki differensial standart təchizata daxildir. Bundan başqa, kabriolet Valkyrie hiperkarında və infernal Victor kupesində olduğu kimi karbon-keramika əyləcləri və 21 düymlük təkər diskləri ilə təchiz edilib.

Seçimlər siyahısına karbon oturacaqlar, interyerin müxtəlif tərtibat variantları və titandan hazırlanmış buraxılış sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Q by Aston Martin fərdiləşdirmə departamenti vasitəsilə təkər disklərini kuzovla eyni rəngə boyamaq, eyni zamanda, tünd karbonplastikdən dekoru, oturacaqdakı toxunma dəridən əlavələri, naxışlı örtmələri və karbon sükanı sifariş etmək olar.

Aston Martin artıq DBS 770 Ultimate kupe və kabrioletinin istehsalına başlayıb. Avtomobillərin sifarişçilərə çatdırılmalarına bu ilin üçüncü rübündə start veriləcəkdir. Bütün tiraj artıq satılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.