AMG bölməsinin model xəttindəki ən “bərkgedən” Mercedes-AMG GT 63 S E Performance 4-Door superhibridi xırda restaylinqə məruz qalıb. Xatırladaq ki, Mercedesi-Benz şirkəti cari ilin may ayında eyni reseptdən istifadə edərək, AMG GT modelinin altısilindrli versiyalarını yeniləmişdi. Ən nəzərəçarpan dəyişikliklər avtomobilin ön tərəfindədir: hibrid liftbək alt hissəsində geniş hava girişi olan yeni bamperə və radiator barmaqlığını vizual olaraq böyüdən qara əlavəyə malikdir.
İstehsalçının AMG GT üçün beş fərqli xarici dekor paketini təklif etdiyini nəzərə alsaq, onları ayırd etmək bir qədər çətin olacaq. “Bərkgedən” liftbəkin standart təchizatına lyuku olan panoram dam və ikinci cərgədəki sərnişinlərin ixtiyarına verilən qacetlər üçün simsiz şarj sistemi daxildir. MBUX multimedia sistemində AMG modellərinə xas olan bir neçə yeni bölmə var. Bundan başqa, əlavə ödəniş müqabilində yeni rəngi - White Opalite, - çalarını sifariş etmək olar. Bu, boya 1428 avroya başa gəlir, lakin bəzi digər rəng seçimləri üçün isə bir qədər çox pul ödəmək gərəkdir! Ən bahalı rəng 8687 avroya başa gələn açıq yaşıl Green Hell Magno çalarıdır.
Bütün texniki hissə əvvəlki kimidir. Hibrid M177 seriyasından olan 4,0-litrlik V8 biturbo mühərriki və arxa oxda quraşdırılmış elektrik mühərriki ilə təchiz edilir. Onların ümumi hasilatı 843 at qüvvəsi və "1400 Nm-dən çox" fırlanma anı təşkil edir. 100 km/saata sürətlənmə müddəti 2,9 saniyədir, ikinci “yüzlük” isə on saniyəyə qət edilir. Standart asqı adaptiv amortizatorlara malik olan AMG Ride Control+ pnevmatik asqısıdır. Ötürmə, əlbəttə ki, bütün təkərlərədir.
Yenilənmiş hibridə sifarişlər artıq qəbul olunur, onun Almaniyadakı satış qiyməti 207 709 avrodur. Artıq Avropada hibrid əlavəsi olmayan səkkizsilindrli liftbəklər satılmır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.