Yeni nəsil Mercedes-Benz S-Class (W223) sedanının model xəttindəki ən güclü avtomobil S 580e hibrid modifikasiyası olacaqdır. Böyük Britaniyanın "Autocar" nəşri belə iddia edir.
Nəşrin jurnalistləri Mercedes-Benz şirkətinin yeni S-Class modeli üçün, S 500 sedanından alınmış 3,0-litrlik altısilindrli turbomühərrikin əsasında yeni hibrid güc qurğusunu hazırlayacağını öyrəniblər.
3,0-litrlik mühərrik 28 kilovat-saatlıq batareyadan qidalanan və ötürmələr qutusuna quraşdırılmış elektrik mühərriki ilə birlikdə çalışır. Hibrid qurğunun ümumi gücü 510 at qüvvəsi olacaqdır. Yalnız elektrik enerjisində istifadə etməklə, yeni S-Class sedanı WLTP dövrünə əsasən 100 kilometrə qədər məsafə qət edə biləcəkdir.
Təkrar doldurulan hibridinin Avropa bazarında 2021-ci ilə qədər debüt edəcəyi gözlənilir. Daha sonra, yeni hibrid Amerikadakı dilerlərə çatdırılacaqdır.