Yeni nəsil Mercedes-Maybach S-Class sedanı S 680 indeksli ən güclü versiyaya sahib olub: belə sedan 6,0-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Şirkət hələlik S 680 modifikasiyasının dinamik xüsusiyyətlərini açıqlamayıb və ən güclü Maybach sedanının tam ötürmə sistemini alacağı barədə bir müddət bundan öncə peyda olmuş məlumatı təsdiqləməyib.
Mercedes-Maybach S 680 modelinin debütü Maybach markasının ilk avtomobili olan W3 modelinin 100 illik yubileyinə təsadüf edir. Maybach W3 modeli 1921-1926-cı illərdə istehsal edilmiş və bu beş il ərzində 305 nüsxəlik tirajla buraxılmışdı. Bu avtomobillərdən heç biri günümüzə qədər gəlib çatmayıb.
Yeni Mercedes-Maybach S 680 haqqında təfərrüatlar çox azdır. Alman istehsalçısı V12 emblemi və S 680 indeksi təsvir edilmiş şəkilləri yayımlayıb. Bununla belə, 12-silindrli mühərrikin dəqiq hasilatı açıqlanmayıb: əvvəlki modeldə bu mühərrik 630 at qüvvəsi və 1000 Nm fırlanma anı təklif edirdi.