Amerikan J.D. Power analitik agentliyi 2022-ci model ilinin avtomobilləri üçün Initial Quality Study (IQS) keyfiyyət reytinqini dərc edib. Həmişə olduğu kimi, reytinqi tərtib edrəkən, ekspertlər avtomobil sahiblərin şikayətlərini nəzərə alıblar və hər bir markaya 100 avtomobilə düşən problemlərin sayına görə qiymət veriblər. Siyahıya amerikan markaları başçılıq edir: birinci yeri - Buick (139 şikayət), ikinci yeri - Dodge (143), üçüncü yeri isə, Chevrolet (147) tutur. Sonuncu yerdə isə, 100 avtomobilə 328 problemlə Polestar brendi qərarlaşıb.

“Amerikalılar” ilə yanaşı, ilk beşliyə Koreya brendləri də daxil olmağı bacarıblar - sahiblərdən 156 şikayət alan Genesis markası premium seqmentdə liderdir, eyni nəticəni Kia markası da göstərib. Genesis keçən il üçüncü yerdə olan Lexus markasını qabaqlayıb - yapon premium brendi 2022-ci ildə 157 nasazlıqla altıncı yerə geriləyib.

Sənaye üzrə orta göstəricidən (180 şikayət) yüksək nəticəni GMC (162 problem), Cadillac (163), BMW (165), Ford, Lincoln və Nissan (hər biri 167), MINI (168), Toyota (172) və Mazda (180) markaları əldə ediblər. Bu dəfə ortalama göstərici qeyri-adi dərəcədə yüksək olub və 180 nasazlıq təşkil edib: analitiklər bunu çip çatışmazlığı fonunda avtomobil elektronikasının “mürəkkəbləşməsi” ilə əlaqələndirirlər.

Ən çox şikayət Polestar elektromobillərindən daxil olub – 328. Bu səbəbdən də isveç-çin markası ümumi siyahıya daxil edilməyib. Tesla avtomobilləri də orta səviyyədən aşağı nəticə göstəriblər – 100 elektrokara 226 şikayət daxil olub. Ümumi reytinqin “dibində” Chrysler (265), Volvo (256), Maserati (255), Audi (239) və Volkswagen (230) markaları qərarlaşıblar.

Modellərə gəlincə isə, 100 avtomobilə 101 şikayət almiş Chevrolet Corvette ən yüksək keyfiyyətli avtomobil kimi tanınıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.