Nyu Yorkda keçirilən avtosalonda Hyundai şirkəti model cərgəsində olan ən kiçik krossoveri təqdim edib. Hyundai Venue modeli Creta krossoverindən 23 santimetr qısadır. ABŞ ilə birlikdə avtomobil Hindistanda da debüt edib.
Hyundai Venue modelinin qabarit uzunluğu 4036 millimetr, eni - 1770 millimetr, hündürlüyü - 1565 millimetr, təkər bazasının ölçüsü isə 2520 millimetrdir. Beləliklə, yeni krossover Creta modelindən 234 millimetr qısa, 10 millimetr ensiz və 65 millimetr alçaqdı. Təkər bazasına gəldikdə isə, iki avtomobil arasında fərq Creta modelinin xeyrinə 70 millimetrdir. Yığcam krossoverin baqaj bölümünün tutumu 530 litrdir, arxa cərgənin qatlanması halında bu rəqəm 903 litrə qədər artır. Creta modelində bu rəqəmlər, müvafiq olaraq, 402 və 1396 litrdir.
Venue xrom düzbucaqları olan qeyri-adi radiator barmaqlığına, ikimərtəbəli işıq texnikasına, Carlino konseptinin üslubunda arxa fənərlər və ikirəngli rəng sxeminə sahibdir. Krossover standart olaraq 15-düymlük təkər diskləri ilə təklif edilir. Əlavə ödənişlə 17-düymlük diskləri də sifariş etmək olar.
Hyundai Venue Smartstream ailəsindən olan güc xarakteristikaları açıqlanmamış 1,6-litrlik mühərrik ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki qutu və ya variator ilə birlikdə çalışa bilər. Krossover yalnız öndənçəkişli olacaqdır.
Modelin təchizatına Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia kompleksi, arxa görüntü kamerası, kor zonalara nəzarət funksiyası, ön toqquşmaları xəbərdar edən sistem, zolağa nəzarət və parkinqdən arxa hərəkətlə çıxma zamanı yardım sistemi daxildir.
Hyundai Venue modelinin ABŞ-dakı satışlarına bu ilin dördüncü rübündə başlanacaqdır. Avtomobilin satış qiymətləri açıqlanmayıb.