Avtomobil boyaları tədarük edən amerikan Axalta Coating Systems şirkəti apardığı illik araşdırmanın nəticələri ilə bölüşüb. Aradırmanın nəticələrinə əsasən, son 10 ildə yeni avtomobillər üçün seçilən ən populyar boya ağ rəngdir.
Şirkət hesabatında deyilir ki, dünyadakı bütün yeni avtomobillərin 38 faizi ağ rəngə boyanıb. Maraqlıdır ki, belə avtomobillərin payı son 10 il ərzində praktik olaraq dəyişilməz qalır.
Sıralamada ikinci yeri 19 fazilik göstərici ilə qara rəng tutur. Üçüncü yerdə isə, avtomobil alıcılarının 15 faizi tərəfindən seçilən boz rəng qərarlaşıb. Eyni zamanda, analitiklər rəng seçiminin həm seqmentindən, həm də coğrafiyadan asılı olduğunu aşkarlayıblar.
Məsələn, Avropadakı lüks avtomobillərin 62 faizi qara və ya boz rəngdə alınır - digər seqmentlərdə populyar olan ağ rəngin payı burada daha azdır. Ancaq Çində ağ rəngə xüsusi tələbat var: alıcıların 57 faizi məhz ağ rəngi seçir. Avropada isə ağ rəng birinciliyi boz rənglə bölüşür - hər iki rəngin yayılması 25 faizdir.