Acura markasının orta ölçülü TLX sedanının yeni nəslini təqdim edib. Yola saldığımız TLX sedanı parlaq xarakteri ilə yadda qalan avtomobil olmayıb, lakin yaponlar yeni sedanın Acura markasının tarixindəki ən sürətli və ən idman xarakterli sedan olduğunu iddia edirlər.
Acura TLX modeli klassik quruluşa keçməyərək, mühərrikin köndələn yerləşməsini və ön ötürməni qoruyub. Buna baxmayaraq, yapon istehsalçısı sedan üçün yeni orijinal platforma hazırlayıb. Yeni platformanın əsas xüsusiyyəti McPherson dayağı əvəzinə quraşdırılan ikiqat qollara malik olan ön asqı və çoxqollu arxa dayaqdır. Əlavə ödənişlə sedanı adaptiv amortizatorlar ilə təchiz etmək olar. Ön təkər izi 30 millimetr, arxa təkər izi isə 41 millimetr genişlənmişdir. Sükan çarxı dəyişkən ötürmə nisbəti, əyləclər isə elektromexaniki gücləndirici ilə təchiz edilirlər. Əyləc pedalı, NSX superkarında olduğu kimi, gücləndiricilə naqillər vasitəsi ilə birləşdirilir.
Acura TLX Advance
Sedanın yeni nəsli sələfindən 74 millimetr daha uzun (4943 millimetr), 56 millimetr daha geniş (1910 millimetr) və 15 millimetr (1433 millimetr) daha alçaqdır. Təkər bazasının genişliyi 94 millimetr artaraq 2870 millimetrə çatıb. Bundan əlavə, salon bir qədər geri çəkildiyi üçün, ön ox ilə mühərrik çəpəri arasındakı məsafə 198 millimetrə artıb: bu, sedana daha sanballı görkəm verməyə və ağırlığın oxlar arasında paylanmasını yaxşılaşdırmağa xidmət edir. Sedanın baza variantı əvvəlki kimi 17-düymlük deyil, 18-düymlük təkər diskləri ilə təklif edilir.
Acura TLX Advance
Avtomobilin kuzovu 1,5 dəfə, asqıların bağlanma nöqtələri isə iki dəfə sərtləşdirilib. Mərkəzi tunel də ciddi şəkildə gücləndirilmiş, ön və arxa tərəfdə gücləndirici çubuqlar əlavə edilmişdir. Kuzovun strukturunun 56 faizi yüksək möhkəmlikli poladdan və alüminiumdan ibarətdir: məsələn, kapot, ön qanadlar və ön bamperin gücləndiricisi “qanadlı metaldan” hazırlanmışdır. Standart 12 voltluq batareya baqajda yerləşib, eyni zamanda, baqaj bölümünün tutumu 8 litr artaraq 374 litrə (amerikan EPA metoduna görə) bərabər olub.
Acura TLX A-Spec
İnteryer çiyin zonasında bir qədər daha geniş olub və eyni metodologiya əsasən, onun ümumi həcmi simvolik olaraq 2645 litrə (+3 litr) qədər artırılıb. Şirkətdən, tərtibat materiallarının keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını bildiriblər: interyerin tərtibatında əsl dəridən və əsl ağacdan hazırlanmış dekordan istifadə ediləcəkdir.
Maraqlıdır ki, Acura analoq cihazlar panelinə sadiq qalıb: panelindəki yeganə rəqəmsal cihaz analoq cihazların arasında yerləşdirilən 8,0-düymlük ekrandır. Əlavə ödənişlə proyeksiya displeyini də sifariş etmək olar. 10,2-düymlük ekrana malik olan mediasistemi idarə etmək üçün mərkəzi tuneldə True Tunpad quraşdırılmışdır: taçpadın zonaları ekranın hissələrinə uyğundur və baxmadan istifadə edərkən, düzgün mərkəzləşməni təmin etmək üçün yüngülcə qatlanmışdır.
Acura TLX A-Spec
Acura TLX sedanı, Honda şirkətinin Autoliv firması ilə birlikdə hazırladığı yeni ön sərnişin hava yastığı ilə təchiz edilmiş ilk seriya modelidir. Yastıq vahid qübbə əvəzinə, yumşaq bənd ilə birləşdirilmiş üç şaquli bölməyə malikdir. Mühəndislərin fikrincə, qəza zamanı sürücünün başı yastığın mərkəzinə düşür, yan hissələr isə sərnişini əhatə edərək, onun kənara sürüşmək ehtimalını azaldır.
Acura TLX A-Spec
Yaponlar TLX modelinin mühərrik çeşidini tamamilə yeniləyiblər. Atmosfer mühərrikləri tam şəkildə turbomühərriklər ilə əvəzləniblər. Baza mühərriki olaraq, Acura RDX krossoverindən tanış olan, birbaşa çiləməli 2,0-litrlik dördsilindrli turbomühərrik çıxış edir. Bu aqreqatın hasilatı 276 at qüvvəsi və 380 Nm fırlanma anıdır - yəni, yeni aqreqat güc baxımından əvvəlki 2,4-litrlik mühərriki (209 at qüvvəsi, 247 Nm), fırlanma anı baxımından isə 3,5-litrlik V6 mühərrikini (294 at qüvvəsi, 362 Nm) üstələyir.
Acura TLX Type S
Acura TLX modelinin əvvəlki nəsli 8-pilləli "robot" və ya 9-pilləli "avtomat" ilə təchiz edilirdi, lakin onlar hər ikisi də "işdən qovulub". Yeni model düyməli selektoru və sükanaltı dəstəkləri olan 10-pilləli avtomatik transmissiya ilə təklif edilir. Yeni transmissiya birbaşa dörd pillə yuxarı və ya aşağı keçmək qabiliyyətinə malikdir. Sedanın baza versiyası ön ötürməlidir. Arxa təkərlərin fərdi qoşma muftalarına malik olan dördüncü nəsil firma SH-AWD tam ötürmə sistemi isə opsiyadır. Sistem, mühərrikin fırlanma anının 70 faizini arxa oxa göndərməyə qadirdir. Üstəlik, dartma qüvvəsi bir təkərə də yönləndirilə bilər.
Acura TLX Type S
Əlavə ödənişlə A-Spec idman dəstini də sifariş etmək olar. Bu dəstə 19-düymlük təkər diskləri, baqaj qapağındakı iri spoyler, tündləşdirilmiş optika və qara rəngli tərtibat elementləri daxildir. Lakin, bu gündən etibarən, model çeşidinin zirvəsində "bərkgedən" Acura TLX Type S sedanı yerləşəcəkdir. Bu modifikasiya onillik "sürgündən" sonra yenidən həyata qaytarılıb - sonuncu "bərkgedən" Acura TL Type S modeli 2009-cu ildə konveyer xəttini tərk edib.
Acura TLX Type S
Acura TLS Type S sedanı yeni 3,0-litrlik V6 turbomühərriki ilə təchiz edilən ilk Acura modeli olacaqdır. Birbaşa çiləmə, iki axınlı turbokompressor və işlənmiş qazların təzyiqini endirən buraxılış klapanı elektron nəzarətə malikdir. Aqreqatın hasilatı hələlik adlandırılmayıb, amma onun 400 at qüvvəsinə yaxın olacağı gözlənilir. Güc aqreqatı 10-pilləli avtomat və SH-AWD ötürməsi ilə tandemdə çalışır, lakin bu qurğular.yenidən tənzimləniblər. Sedannın standart hərəkət rejimlərinə (Comfort, Normal və Sport) ən sərt Sport + rejimi əlavə olunub.
Acura TLX Type S
Sedanın təkər izi genişləndirilmiş, ön oxda dördporşenli mexanizmləri olan Brembo əyləc mexanizmləri quraşdırılmışdır. Acura TLX Type S modelini digərlərindən 20-düymlük təkər diskləri, ön splitter, arxa bamperdəki diffuzor və dörd çıxış borusu olan səsboğucu sistemi ilə fərqlənir.
Acura TLX Type S
Acura TLX sedanı Honda şirkətinin Ohayadakı zavodunda buraxılacaqdır. Avtomobilin mühərrikləri, ötürmə qutusu və SH-AWD tam ötürmə sistemi də Amerikada istehsal ediləcəkdir. Sedanın baza versiyasını ABŞ bazarındakı satışlarına bu ilin payızında start veriləcəkdir. Acura TLX modelinin qiyməti 35 min dollardan başlayır. Acura TLX Type S modelinin satışlarına 2021-ci ilin yazında start veriləcəkdir.
Yeri gəlmişkən, yeni nəsil TLX modeli premium yapon markasının ən böyük və ən bahalı sedanına çevriləcəkdir, çünki flaqman Acura RLX modelinin saylı günləri qalıb: flaqmanın ABŞ-dakı satışlarında ciddi şəkildə geriləmə müşahidə olunur - keçən il cəmi 1019 avtomobil satılıb. Buna görə də Acura RLX sedanın istehsalı yayda dayandırılmalıdır - onun varisinin hazırlanması planlaşdırılmır. Bununla belə, bu model hələ bir müddət Yaponiyada Honda Legend adı ilə satılacaqdır.