Aston Martin şirkəti koronavirus pandemiyası səbəbindən çox çətin vəziyyətə düşən şirkətlərdən biridir. Britaniya istehsalçısı ciddi itkilərə məruz qalır və onun səhmlərinin qiyməti durmadan aşağı düşür. Financial Times qəzetinin yazdığına görə, vəziyyətdən narahat olan Aston Martin şirkətinin səhmdarları köklü kadr dəyişikliklərini həyata keçirmək niyyətindədirlər.
Onların arasında, bir müddət əvvəl şirkətə böyük sərmayə qoymuş və səhmlərin 20 faizini əldə etmiş kanadalı iş adamı Lourens Stroll da vardır. Xatırladaq ki, Stroll eyni zamanda, F1 çempionatında iştirak edən BWT Racing Point F1 Team komandasının sahibidir.
Əndi Palmer. Aston Martin
Bəzi məlumatlara görə, son altı ildə markaya rəhbərlik edən Əndi Palmer tutduğu vəzifədən azad edilə bilər. Onun yerinə hazırda Mercedes-AMG bölməsinə rəhbərlik edən Tobias Moers təyin olunacaqdır.
Son zamanlar, britaniyalılar öz avtomobillərində alman mənşəli mühərriklərindən aktiv şəkildə istifadə edirlər. Moersin şirkətin başına keçməsi halında, bu əməkdaşlığın daha geniş miqyas alacağını söyləmək olar.
Tobias Moers. Mercedes-AMG
Qeyd etmək lazımdır ki, Aston Martin şirkəti bu günə qədər təfərrüatları açıqlamamağa üstünlük verib. Şirkətin mətbuat xidməti idarəetmə strukturunda dəyişikliklərin mümkün olduğunu bildirərək, hər hansı bir qərarın qəbul ediləcəyi təqdirdə rəsmi açıqlama ilə çıxış edəcəyini bildirib. Əndi Palmer də şərh verməkdən imtina edib.