Bildiyimiz kimi, Cadillac CTS sedanını əvəzləmiş CT-5 modeli liftbek kuzovu ilə təklif edilir. Lakin, bu heç də Cadillac markasının qapılarını sedanlara bağladığı anlamına gəlmir. Bu gün Detroytda təqdim edilmiş yığcam Cadillac CT4-V modeli də məhz sedan kuzovuna malikdir.
Adətən avtomobil istehsalçıları ilkin olaraq modelin “plebey” variantını, sonra isə “qaynar” versiyasını təqdim edir. Cadillac şirkəti isə bu ənənəni pozaraq birbaşa desert təklif etmək qərarına gəlib. Standart Cadillac CT4 modeli isə bir neçə həftədən sonra debüt etməlidir.
Əlbəttə ki, söhbət “qaynar” sedandan gedirsə, ilk növbədə hər kəsi onun kapotunun altındakı maraqlandırır. Beləliklə, iri həcmli mühərrik gözləyənləri məyus etməliyəm: böyük CT5-V modelinin üslubunda dizayna malik olan Cadillac CT4-V sedanı 325 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,7-litrlik dördsilindrli turbomühərriklə təchiz edilir. Mühərrikin gücü arxa oxa 10-pilləli avtomatik qutu vasitəsi ilə ötürülür. Avtomobil standart olaraq arxadan çəkişlidir, lakin əlavə ödənişlə onu tam ötürmə sistemi ilə də sifariş etmək olar.
Cadillac CT4-V modelinin qabarit uzunluğu 4756 millimetr, eni - 1815 millimetr, hündürlüyü isə 1423 millimetrdir. Sedanın təkər bazasının genişliyi 2775 millimetrdir. 1640 kiloqram ağırlığa malik olan sedanın oxlar arasında çəkinin bölünməsi nisbəti 50:50-dir.
“Qaynar” sedanının tam ötürməli versiyası ZF MVS passiv amortizatorlar;na malik olan asqı sistemi (öndə - McPherson dayağı, arxada - başqollu) ilə təchiz edilir. Cadillac CT4-V modelinin arxadan çəkişli modifikasiyası isə V-tənzimləmələrinə malik olan adaptiv Magnetic Ride Control 4.0 şassisi ilə də təchiz edilir. Sedanın avadanlıq siyahısına V-tənzimləmələrinə malik olan sükan sistemi, Brembo əyləc mexanizmləri, V-rejimi olan hərəkət rejimləri selektoru və 18-düymlük təkər diskləri daxildir. Opsional olaraq, yarıavtonom idarəetmə funksiyasına malik olan Super Cruise sistemini də sifariş etmək mümkündür.
Avtomobilin təchizatı barədə ətraflı məlumat Cadillac CT4 modelinin təqdimatı zamanı veriləcəkdir. Modelin satışlarına 2020-ci ilin əvvəlində başlanacaqdır.