18 iyun 1992-ci ildə əfsanəvi Nürburgring Nordschleife treki bir illik fasilədən sonra yenidən DTM çempionatının təqviminə qayıtmışdı. Həftəsonu avtodromda toplaşan 110 min tamaşaçı iki unudulmaz yarışa şahidlik etmişdilər. Klaus Lüdviq və Conni Çekoto arasında gedən amansız və gərgin mübarizə on illərlə azarkeşlərin hafizəsindən silinməyəcəkdir.
25 ildən sonra bu mübarizənin baş qəhrəmanları yenidən «Yaşıl cəhənnəmdə» bir araya gəliblər. Bu il 68 yaşını qeyd edən Lüdviqə və 61 yaşlı Çekottoya yaxşı qoyunub-saxlanmış «döyüş» avtomobillərini «Şimal ilgəyinə» çıxarmaq şansı veriblər. Bu təklif hər iki qəhrəmanı məmnun edib desək, yanılmarıq. Bu onların çöhrəsindəki təbəssümdən də məlum idi. Əlbəttə ki, iki pilotla bərabər Mercedes-Benz 190E 2.5-16 Evolution II və BMW M3 Sport Evolution avtomobilləri də bu mübarizənin qəhrəmanları olublar. «Şimal ilgəyinin kralı» və MotoGP üzrə keçmış Dünya çempionu yenidən bu trekdəlki xatirələrini təzələyiblər.
Hər iki pilot vaxtlarını şən keçirərək zarafatlaşıb və müəyyən sektorlarda onlar avtomobillərin sürətini həqiqi yarış sürətinə qədər artırmaqda israr ediblər.
Trekdə amansız olsaq da....
«Mən həqiqətən də səbirsizliklə Conni ilə görüşü gözləyirdim. Əlbəttə, bizim mübarizə apardığımız vaxtlar çoxdan geridə qalıb. Lakin kim bilir, bəlkə də belə tədbirlər sayəsində biz DTM çempionatının təbliğinə öz töhfəmizi vermiş oluruq, - Lüdviq bildirib. - Conninin avtomobili həqiqət güclü idi.
Biz, hətta o günlərdə də bir-birimizə qarşı ədalətli olmağa çalışırdıq. Bir neçə qəza və anlaşılmamazlıqlar olsa da, sonradan onların heç bir əhəmiyyəti yox idi.
Çox gözəl zamanlar idi, və mən o anları heç nəyə dəyişməzdim».
... trekdən kənarda zarafat öz yerində
1992-ci ildə «Şimal ilgəyində» iki pilot arasındakı gərgin mübarizə Çekottonun təsnifat mərhələsindəki gözlənilməz sürətli zamanından sonra başlamışdır. Çekotto 20 illik yubileyini qeyd edən BMW Motorsport GmbH bölməsinə xüsusi hədiyyə vermişdi. Venesuelalı dövrəni 8.44,33 zamanla başa vuraraq poul-pozişna sahib olmuşdu. Bu yarış DTM tarixinə qızıl həriflərlə yazılacaqdı. Tamaşaçılar yarışdan böyük zövq almışdılar. Yarışda heç bir pilot Lüdviq və Çekottonun tempinə ayaq uydura bilməmişdi.
İki pilot arasında sürətli liderlik əl dəyişdirsə də, sonunda Lüdviqin Galgenkopf sektorunda səhvi Çekottonu liderliyə yüksəltmişdi. Bir çoxları mübarizənin bitdiyini düşünsələr də, bu heç də belə deyildi. Finiş xəttinə qədər olan kiçik düzlükdə slipstrimdən istifadə edən Lüdviq Çekottonu keçərək 0,18 saniyəlik üstünlüklə qələbəni bayram etmişdi. Bu üçqat dünya çempionunun həmin mövsümdəki birinci qələbəsi idi. Bu finiş DTM tarixində olan ən yaxın finişlərdən biri olmuşdu.
Klaus Lüdviq (Mercedes-Benz) və Conni Çekotto (BMW)
«Uzun illər keçdiyinə görə bütün təfərrüatları xatırlaya bilmərəm, amma bu fantastik və gərgin anlarla dolu mübarizə idi, - Çekotto söyləyib. - Mən hər bir yarışı udmaq istəyirdim. Mən döngələrdə sürətli olsam da, düzlüklərdə Klaus üstünlüyə malik idi. Finiş çox yaxındı. Sonunda onu arxada saxlamaq üçün heç bir şansım yoxdu».
Həftəsonunun ikinci yarışı da həyacanverici şəkildə keçmişdi. Yarışın əvvəlində Castrol S döngəsində yoldan çıxan Lüdviq təqibçiləri Keke Rosberg və Conni Çekkotoya keçilmişdi. Lakin, yarışın bitməsinə bir dövrə qalmış Lüdviq vacib addımlar atdı: Bergwerk sektorunda Çekottonu, Döttinger Höhe'də isə Rosberqi keçərək liderliyə yüksəldi. Çekotto liderə yaxın olsa da, Lüdviq ziqzaq hərəkətləri edərək ona keçiş imkanı vermədi. Finişdə iki pilotu 0,370 saniyə ayırırdı.
Bu qələbələr Lüdviqə pilotlar çempionatında liderliyə yüksəlmək şansı verdi. Mövsümün sonunda Lüdviq çempionluq titulunu əldə etdi. Çekotto isə, Kurt Tiim və Bernd Şnayderin arxasınca dördüncü oldu.