"Mercedes-Benz" kompaniyasının Ermənistan nümayəndəliyinin sosial media səhifələrində dərc edilimiş, Ermənistanın işğalçı siyasətini dəstəkləyən posterlər Mercedes-Benz şirkətinin Azərbaycan nümayəndəliyinin səyləri nəticəsində silinmişdir.
Xatırladaq ki, bir neçə gün əvvəl məşhur alman istehsalçısının heç bir korporativ standartlarına sığmayan provokasiya xarakterli materiallar Ermənistan nümayəndəliyinin rəsmi Facebook səhifəsində yerləşdirilmiş və Azərbaycan vətəndaşlarının, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın haqlı hiddətinə səbəb olmuşdur. Mercedes-Benz şirkətinin Azərbaycanda rəsmi distribyutoru "Avtokapital" kompaniyasının rəsmi nümayəndəsi S.Şərifova 'Autograph" jurnalına açıqlamasında bildirmişdir:
- Biz bu paylaşımdan xəbər tutan kimi Mercedes-Benz şirkətinin Baş ofisinə Ermənistan nümayəndəliyinin özbaşınalığı barədə iradlarımızı bildirdik. Məlumat verdik ki, Ermənistan nümayəndəliyi öz rəsmi Facebook səhifələrində şirkətin Ermənistan ordusuna dəstək olduğu haqqında paylaşım etmişdir. Biz müraciətlərimizdə Baş və regional ofislərdən müvafiq tədbirlər görülməsini istəmişik. Həmvətənlərimizə məruzə edirəm ki, onlar həmin paylaşımları öz səhifələrindən silmək məcburiyyətində qalmış və artıq silmişlər. Yəqin ki, yaxın zamanda brendin Ermənistan nümayəndəliyi haqqında daha ciddi tədbirlər də görüləcək...
Güc birlikdədir! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!