Önümüzdəki doqquz il ərzində, General Motors konserni ənənəvi daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobilləri nəzarət etdiyi markaların model xəttindən tədricən çıxaracaqdır. Amerikalılar bütün modelləri 2030-cu ilə qədər elektrikləşdirməyi planlaşdırırlar. Automotive News nəşrinin bildiridiyinə görə, Escalade ofrouderi Cadillac markasının benzin mühərriki ilə təchiz edilən son modeli olacaqdır.
Daxili yanma mühərrikləri ilə hərəkətə gələn XT4, XT5 və XT6 modelləri birinci olaraq model xəttindən çıxarılacaqdırlar: onların istehsalı onilliyin ortalarına qədər dayandırılacaqdır. Cadillac XT5 modelinin Lyriq elektromobili ilə əvəz ediləcəyi artıq məlumdur, lakin XT4 və XT6 modellərinin də elektrik əvəzləyiciləri hazırlanacaqdır. Təqaüdə göndərilməyə növbəti namizədlər 2026-27-ci illərdə buraxılışlarına son veriləcək arxa ötürməli CT4 və CT5 sedanlarıdır. Müvafiq olaraq, onların elektrik davamçıları həmin vaxt bazara daxil olacaqdırlar.
Konveyerdə ən çox qalan model isə, Escalade ofrouderi olacaqdır. Ofrouderi əvəz edəcək elektrik modeli 2030-cu ilə qədər işıq üzü görəcəkdir. Bununla birlikdə, Cadillac şirkəti 2024-cü ildə Escalade modelinin "yaşıl" alternativi olacaq tam ölçülü elektrik ofrouderini təqdim etmək niyyətindədir. Bu model Hummer elektromobilinin əsasında yaradılacaqdır.
Cadillac şirkətinin planlarında olan başqa bir elektromobil flaqman Celestiq sedanıdır. Tam ölçülü elektrik sedanı miqyaslanan elektrik platformasında inşa ediləcək və LG Chem ilə birlikdə hazırlanmış Ultium batareya sistemi ilə təchiz ediləcəkdir. Sedanın təqdimatının bu ilin iyul və ya avqust ayında keçiriləcəyi ehtimal olunur.