Uzaq məsafələrə uçuşlar zamanı insanların axtardığı ilk şey komfortdur. Lakin onsuz da ucuz olmayan aviasiya xidmətlərində ekonom sinifdən daha komfortlu şəraitdə uçmağa hamının maddi gücü çatmır. Amma komfort da var, komfort da... Etihad Airways bu məsələdə demək olar ki, sərhəd tanımayıb. Bu, nə business-class-a bənzəyir, nə də first class-a. Qarşılayın - Etihad The Residence!
Etihad şirkəti 2014-cü ildə Boeing 787 və Airbus A380 təyyarələrində kabinə dizaynlarını tamamilə yeniləyib. Onların arasında First Suite, First Apartment kimi yüksək xidmət təklif edən siniflərlə yanaşı, iki nəfər üçün nəzərdə tutulan The Residence sinfi də var. Bu sinif yalnız A380 təyyarələrində təklif olunur. Hava yolunun ixtiyarında olan 10 ədəd A380-in hər birində bu sinfə 2 yer ayrılıb. The Residence dedikdə, sahəsi 11.6 kvadrat metr olan, yaşayış otağı, iki nəfərlik çarpayısı olan yataq otağı və hamamdan ibarət kiçik "uçan ev" nəzərdə tutulur. Lakin şirkət sizin rahatlığınızı təkcə təyyarənin içində düşünmür.
Əgər bu sinifdə uçmaq üçün bilet almısızsa, Etihad-ın xüsusi çatdırma xidmətinin premium sinif maşınları sizi qapınızdan götürür və aeroporta çatdırır. Lakin şirkət cibinizi də düşünür - xərci azaltmaq istəyirsizsə, bu xidmətdən imtina edə bilərsiz. Müştərinin uçuşla bağlı bütün istək və ehtiyaclarını şirkətin təyin etdiyi komanda yerinə yetirir. Siz əvvəlcədən istədiyiniz yeməkləri, içkiləri, hətta yastığınızın necə olacağını da sifariş verə bilərsiz. Təyyarəyə addımınızı atdığınız anda sizin üçün xüsusi ayrılmış təyyarə bələdçisi qarşılayır və sizi üç otaqlı "ev"-inizə aparır. Ora daxil olduğunuz ilk andan sizin üçün olan soyuducan istədiyiniz içkini seçərək unudulmaz uçuş təcrübəsinə başlaya bilərsiz.
Etihad-ın şefləri şərabçılarla əlaqəli işləyirlər - seçdiyiniz yeməyə uyğun şərab növlərini sizə təklif edirlər. Şirkət dünyanın istənilən mətbəxini seçmək ixtiyarını verir. Təyyarədə sizin üçün ayrılmış sahədə girişdə yaşayış otağı dediyimiz sahə var. Burada 154 sm böyüklüyündə divanın qarşısında 32 düymlük monitor yerləşdirilib ki, uçuşun çox hissəsini burada keçirə bilərsiz. Dar koridor sizi buradan ikinci otağa - yataq otağına aparır. Burada isə 210 sm uzunluğu, 121 sm eni olan iki nəfərlik çarpayı və 27 düymlük monitor var. Yüksək keyfiyyətli təbii lifdən hazırlanmış yataq dəsti və yataq geyimləri uçuşunuza əlavə rahatlıq qatır. Tam məxfilik üçün yataq otağının qapısını bağlaya, hətta səhər yeməyinizi də yataqda yeyə bilərsiz. Dəbdəbəli duş otağında isə ACQUA DI PARMA şirkətinin parfümeriya məhsulları sizi gözləyir. Yerə enənə qədər hamamdan istədiyiniz qədər istifadə edə bilərsiz.
Kifayət qədər böyük monitorlarda 180-dən çox filmə, 350-dən çox televiziya şousu ixtiyarınızdadır. Həm ilk, həm də yataq otağında monitor olduğundan, siz və tərəf müqabiliniz müxtəlif şeylər izləmək imkanına maliksiz. Uçuş zamanı dünya ilə əlaqəniz də qopmur - yüksək keyfiyyətli WI-FI xidməti sizə işinizi yerdən kilometrlərlə yuxarıdan da idarə etmənizə imkan yaradır.
Xidmətlər siz təyyarədən enəndən sonra da davam edir. Sizin üçün xüsusi lounge-da istirahət edərkən, yemək yeyərkən və ya çimərkən, xüsusi personal da sizin paltarlarınızı ütüləyə bilər. Lounge-dan ayrılma vaxtını da siz təyin edirsiz və yenə də şirkətin xüsusi maşını sizi ünvanınıza çatdırır.
Hal-hazırda bu sinifdə Əbu Dabidən London, Nyu-York, Sidney, Paris və Seul şəhərlərinə və ya əks istiqamətdə uçmaq mümkündür. Gələk əsas məsələyə. Qiymətlər istiqamətə görə dəyişir. Əbu Dabidən Nyu-Yorka uçmaq istəyirsizsə, bir nəfər üçün 31000$, iki nəfər üçün 41000$ ödəməlisiz...