Avropa bazarında satılan avtomobillərin krəş-testlərini həyata keçirən EuroNCAP təşkilatı növbəti sınaqların nəticələrini dərc edib. Təşkilat tarixində ilk dəfə olaraq hidrogen ilə çalışan avtomobilin sınaqlarını keçirib. Bu avtomobil Hyundai Nexo krossoveridir.
Nexo modeli ilə yanaşı krəş-testlərdə yeni Lexus ES sedanı, Mercedes-Benz A-Class hetçbeki, Mazda6 universalı və Peugeot Rifter furqonu da iştirak edib. Sonuncu, həmçinin, “əkiz qardaşları” olan Citroen Berlingo və Opel Combo modellərinin yerinə də çıxış edib.
Dördüncü nəsil Lexus ES sedanı sınaqlardan üzü ağ çıxıb. Lakin, ekspertlər arxa sərnişinin çanaq sümüyünün və ön sərnişinlərin başının müdafiəsinə görə cərimə balları tətbiq ediblər.
Öndən zərbə zamanı arxa sərnişin qurşaq kəmərinin altına sürüşüb, pəncərə “pərdələri” isə tam açılmayıblar. Buna baxmayaraq, yaşlı sərnişinlərin müdafiə reytinqi 91% təşkil edib. Sürücünün elektron yardımçılarının yaxşı fəaliyyəti sayəsində Lexus ES 5 ulduza layiq görülüb.
Mercedes-Benz A-Class hetçbeki də krəş-testlərdən uğurla çıxıb. Manekenlərdəki vericilərin göstəriciləri yaşıl və sarı zonaya uyğun olub. Hetçbekin sərnişinlərin müdafiəsi üzrə reytinqi 96% təşkil edib.
Zolaqda saxlama funksiyası isə, qənaətbəxş fəaliyyətinə baxmayaraq, 4 mümkün xaldan ikisinə layiq görülüb. Ekspertlər kor zonalara nəzarətin olmadığından gileyləniblər.
Hyundai Nexo modelinə gəldikdə isə, sən demə ekspertləri kapotun altında yerləşən elektrokimyəvi generatorun və arxa cərgənin altında yerlıəşdirilmiş hidrogenlə dolu balonların müdafiəsi narahat edirmiş. Ətraflı məlumat verilməsə də, sınaqların nəticəsinin normal olduğu qeyd edilib.
Sərnişinlərin müdafiə reytinqi də yüksək olub – 94%. Yeganə çatışmamazlıq arxa oturacaq başlıqlarının uğursuz forması ilə bağlıdır – arxadan zərbə zamanı onlar sərnişinlərin boynunu qamçıvari zədələrə məruz qoyur.
Sürücüyə yardım sistemləri də “yaxşı” qiymətini alıblar. Piyadaları aşkarlayan sistemə qarşı da iradlar olub – bu sistem velosipedçiləri aşkarlamaqda çətinlik çəkib. Ümumi nəticələrə görə, Hyundai Nexo krossoveri də ən yüksək reytinqə - 5 ulduza, - layiq görülüb.
Yenilənmiş Mazda6 modeli də krəş-testlərdən yüksək qiymət alıb. Avtomobilin sərnişinlərinin müdafiə reytinqi 95% təşkil edib. Yeganə çatışmamazlıq, arxa sərnişinlərin kəmərlərin altına sürüşməsi risqinin olmasıdır.
Yalnız eksteryer tərtibatı ilə seçilən Peugeot Rifter, Citroen Berlingo və Opel Combo isə dörd ulduza layiq görülüblər. Bu sadə kommersiya avtomobili üçün bu çox yüksək reytinq sayılır. Sərnişinlərin müdafiə reytinqi ekspertlər tərəfindən 91% olaraq qiymətləndirilib. Əsas iradlar – öndən sərt maneəyə zərbə zamanı sürücünün və 40 faizlik əzilən baryerlə toqquşma zamanı sərnişinin döş qəfəsinin orta səviyyəli müdafiəsinədir.
Ekspertlər ikinci cərgədəki Isofix bərkitmələrinin bir sıra bazarlarda avtomobilin standart təchizatına daxil olmadığını qeyd ediblər. Üstəlik, uşaq oturacaqlarını üçüncü opsional cərgədə quraşdırmaq da məsləhət deyil – bu çox təhlükəli ola bilər. Zolaqda saxlama funksiyasının işi yüksək qiymətləndirilsə də, piyadaları aşkarlama funksiyası qaranlıqda bir qədər zəif olub.