Ford şirkəti özünün bestselleri olan F-150 pikapının elektrik versiyasının ilk videotizerini yayımlayaraq, yeni model haqqında bəzi detalları açıqlayıb. “Yaşıl” güc qurğusu ilə hərəkətə gələn pikap F-150 Lighting adlanacaq və 19 mayda debüt edəcəkdir. Pikapın satışlarına 2022-ci ilin ortalarında başlanacaqdır.
Yeni pikapla birlikdə Ford şirkəti ilk dəfə 1993-cü ildə F Series seriyasından olan pikapların “qaynar” modifikasiyalarını adlandırmaq üçün istifadə etdiyi Lightining (“Şimşək”) adını da canlandıracaqdır. SVT Lightining modelinin ilk nəsli 240 at qüvvəli 5,8-litrlik V8 mühərrikini almışdı. Modelin ikinci nəsil isə 385 at qüvvəli kompressorlu 5,4-litrlik V8 mühərriki ilə təchiz olunurdu. Sonuncu pikap Ginnesin Rekordlar Kitabına dünyanın ən sürətli pikapı kimi düşmüşdü (pikap 60 mil/saat (97 km/saat) həddinə 5,2 saniyəyə sürətlənirdi) …
İndi isə Lightining adı yeni məna qazanacaqdır və amerikan markasının tarixindəki ən güclü aqreqat olacaq elektrik qurğusuna işarə edəcəkdir.
Ford şirkətinin rəhbəri Cim Farlinin sözlərinə görə, F-150 elektrik pikapı rekordu qeydə alan benzin pikapından daha dinamik olacaq və proqramın “hava” üzərindən yeniləməsi yolu ilə daim təkmilləşdiriləcəkdir. Tam ötürməli elektrik pikapını ikimühərrikli elektrik güc qurğusu hərəkətə gətirəcəkdir. Pikap ən azı 483 kilometrlik yürüş ehtiyatına malik olacaqdır. Bundan başqa, onun batareyaları elektriklərin kəsilməsi halında bütün evi elektrik enerjisi ilə təmin edə biləcəkdir.
Böyük ehtimalla, qabarit və nisbətlərinə görə F-150 elektrik pikapı benzin analoquna bənzəyəcəkdir. Onun ön tərəfini diod zolağı və üçölçülü naxışı olan radiator barmaqlığı taclandıracaq, yük platforması isə ildırım şəklində stilizə edilmiş T hərfi ilə bəzədiləcəkdir. Salonun texnoloji yeniliklər və böyük ekranlarla dolu olacağı gözlənilir. Böyük ehtimalla, onlar virtual cihazlar panelinin və multimedia sisteminin 12 düymlük ekranları ilə təchiz edilmiş Ford F-150 Raptor pikapındakıdan heç də az olmayacaqdır.
F-150 Lightning elektrik pikapının təqdimatı 19 mayda keçiriləcəkdir. Sifarişlərin qəbuluna 2022-ci ilin yazında başlanacaqdır. Elektrik pikapı Miçiqan ştatının Dearborn şəhərindəki yeni Rouge Electric Vehicle Center müəssisəsində buraxılacaqdır.