Bir çox ölkələr hərbi hava qüvvələrində mükəmməl döyüş təyyarəsinin olması arzusundadırlar. Bu ölkənin müdafiə qabiliyyətini yüksəldən və onun seçilib-sayılan dövlətlərdən biri olduğunun əsas göstəricisidir. Hazırda dünyada beşinci nəsil qırıcıların yaradılması üzrə gərgin mübarizə davam edir. Bu yarışda Fransa, Rusiya, Çin və Yaponiya kimi ölkələr də iştirak edir. Lakin, bu yarışın bir qalibi var - Amerika Birləşmiş Ştatları. Digərləri beşinci nəslin üzərində işləsələr də, amerikalılar artıq döyüş lazeri ilə təchiz ediləcək və süni intellekt tərəfindən idarə olunacaq altıncı nəsil qırıcının üzərində çalışmağa başlayıblar.

Messerschmitt Me.262

Bu gün biz, beşinci nəsilin ilk nümyəndəsi olan F-22 Raptor təyyarəsi barədə danışacağıq. Lockheed Martin korporasiyası tərəfindən istehsal edilmiş qırıcının ilk seriyaöncəsi nüsxəsi 7 sentyabr 1997-ci ildə səmaya qalxıb. 2001-ci ildə isə, onun seriya istehsalına başlanıb. F-22 Raptor - əsl XXI əsrin təyyarəsidir. Bu təyyarədə texniki tərəqqinin bütün nailiyyətləri əksini tapıb.

Bəs beşinci nəsil qırıcı nə deməkdir? Ona qarşı irəli sürülən tələblər hansılardır? Gəlin əvvəlcə nəsil məsələsinə aydınlıq gətirək.

F-68 Sabre

Qanadlı nəsil

Qırıcıların ilk nəslinə keçən əsrin 40-50-ci illərində yaradılmış maşınlar aiddir. Onlar düz qanada və səs sürətinə qədər olan sürətlərdə uçurdular. Belə maşınlara Messerschmitt Me.262, F-80 Shooting Star və MiG-3 təyyarələrini misal gətirmək olar.

İkinci nəslə 50-60-cı illər buraxılmış təyyarələr aiddir. Bu maşınlar səs sürətinə yaxın sürətə, öxşəkilli qanada, forsaj kamerası olan mühərrikə və quraşdırılmış radara malik idilər. Misal kimi F-86 Sabre, MiG-15, MiG-17, MiG-19 təyyarələrini göstərmək olar.

Üçüncü nəsil qırıcılara 60-80-ci illər arasında buraxılmış maşınlar  aid edilir.  Bu maşınlar səsdən sürətli (2 Maxa qədər) olmaqla yanaşı, daha mükəmməl mühərriklər və hava-hava raketləri ilə təchiz edilirdilər. Bu qrupa F-4 Phantom, MiG-21, MiG-23 qırıcılarını aid etmək olar. 

F-4 Phantom

Qırıcıların dördüncü nəsli ötən əsrin 80-ci illərinin əvvəllərində meydana çıxıblar. Dünyanın müxtəlif ölkələrinin Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələrin əksəriyyəti bu nəsilə aiddir. Onlar bu günə qədər istehsal edilir və təkmilləşdirilirlər Bu nəslə MiG-29, Su-27, F-15, F-16 və digərləri aiddir. Bu təyyarələr əvvəlki nəsildən daha mükəmmək avionikası, iki konturlu təyyarə mühərriki, idarə olunan silahları ilə fərqlənirlər.

Keçən əsrin 70-ci illərinin sonlarında, dördüncü nəsil qırıcılar yenicə «qanadlandığı" bir vaxtda ABŞ və SSRİ beşinci nəsil qırıcısının yaradılması üzrə hazırlıq işlərinə başlayıblar. Bu işlər F-22 Raptor təyyarəsinin yaradılması ilə nəticələnib.

F-16 Fighting Falcon

Beşinci nəsil təyyarələrin əsas fərqlər nələrdir? Bu qrupa aid edilmək üçün qırıcıların cavab verməli olduqları meyarların siyahısı belədir:

- düşmən radarları üçün aşağı görünmə səviyyəsi;

- forsajı işə salmadan səsdən yüksək sürətlə uçmaq imkanı;

- yüksək manevr qabiliyyəti;

- çoxfunksiyalılıq;

- hədəfləri istənilən yerdə məhv etmək qabiliyyəti;

- dairəvi məlumat sistemi;

- aktiv fazalı qəfəsi (AFQ) olan radarla təchiz edilmiş mükəmməl avionika.

F-22 Raptor

Yaranma tarixi

1981-ci ildə ABŞ hərbi idarəsi yeni qırıcı təyyarənin yaradılması üçün texniki tapşırığı hazırlayıbı. Yeni maşın üzərində iş o dövrün ən son texniki nailiyyətləri nəzərə alınmaqla aparılmalı idi: hərbçilər qırıcıları mükəmməl avionika ilə təchiz etməyi, onu düşmən radarlarına görünməz hala gətirməyi və tamamilə yeni mühərrikləri quraşdırmağı tələb edirdilər.

Yeni təyyarənin qarşısında qoyulan əsas məsələ səmada üstünlük qazanmaq idi.

1986-cı ildə, ən böyük amerikan şirkətlərinin iştirak etdiyi müsabiqəyə start verilib. Finala iki qrupdan ibarət olan şirkətlər çıxmışdı: Northrop və McDonnell Douglas alyansı və Lockheed Martin, Boeing və General Dynamics üçlüyü. 1990-cı ildə hər iki qrup öz prototiplərini təqdim ediblər. Bir il sonra isə, Lockheed Martin, Boeing və General Dynamics şirkətlərinin təmsil olunduğu qrup müsabiqənin qalibi elan edilib.

F-22 Raptor

İstehsal öncəsi maşının inşa edilməsi altı il çəkib. İlk F-22 Raptor 1997-ci ildə səmaya qalxıb. 2001-ci ildə təyyarənin kütləvi istehsalına başlanıb və 2005-ci ildən təyyarə rəsmi olaraq istismara verilib. Tamamilə F-22 Raptor qırıcılıarından ibarət olan ilk eskadriliya 2006-cı ildə fəaliyyətə başlayıb.

Qeyd edək ki, bir müddət sonra ABŞ hərbi idarəsi almağı planlaşdırdığı təyyarələrin sayını azaldıb. 2006-cı ildə hərbçilər 384 təyyarə almaq istəsələr də, iki il sonra onların sayı iki dəfə azalaraq 188 ədədə enib. Əsas səbəb isə, qırıcıların baha qiyməti və ABŞ hərbçilərini iştahlarını azaltmağa məcbur edən qlobal böhranın başlaması olub.

2009-cu ildə ABŞ-ın Müdafiə naziri təyyarənin istehsalını dayandırmaq niyyətində olduğunu açıqlayıb. Sonuncu F-22 Raptor təyyarəsi 2011-ci ildə konveyer xəttini tərk edib. Elə həmin il, ABŞ Konqresi daha aşağı qiyməti olan digər beşinci nəsil qırıcısının - F-35 Lightning təyyarəsinin yaradılması proqramını aktivləşdirmək qərarına gəlib.

F-35 Lightning II

F-22 Raptor bu günə qədər sınaqlardan keçmiş və HHQ tərəfindən qəbul edilmiş yeganə beşinci nəsil qırıcısıdır. Bundan əlavə, bu təyyarə aviasiyanın tarixindəki ən bahalı qırıcıdır. Bir maşının dəyəri 146 milyon dollar təşkil edir.

Bu təyyarəyə texniki xidmət göstərilməsi də olduqca baha başa gəlir. Əsas problem, təyyarəni radarlara görünməz edən örtüyün zədələrə qarşı zəif olması və xüsusi qayğı tələb etməsidir.

F-22 Raptor qırıcısı düşmən təyyarələrinə qarşı real döyüşdə iştirak etməyib. Ondan yalnız bir dəfə - 2014-cü ildə Suriyadakı İslam terrorçularına raket zərbəsi endirmək üçün isifadə edilib.

F-22 Raptor. Silah bölümü

Konstruksiya

Təyyarə inteqral sxem üzrə hazırlanıb, yüksəkdə yerləşən trapesiya formalı qanada malikdir. Qanadın ön kənarının öxşəkilli forması - 42 dərəcədir. Planerin konstruksiyasında titan və alüminium ərintilərindən, kompozit və radio dalğalarını udan materiallardan geniş istifadə olunur. Kompozit materiallar təyyarəni radarlara görünməz etməklə yanaşı, onun çəkisini əhəmiyyətli dərəcədə azalmasını təmin ediblər.

Şaquli dayaq - iki killidir. Killər geniş məsafədə yerləşdrilib və xarici meylə (28 dərəcə) malikdirlər. Üfüqi dayaq - bütövdönəndir.

Təyyarənin müxtəlif detallarının və hissələrinin birləşdiyi bütün calaq yerləri elektromaqnit dalğalarının əks olunmasını azaldan mişar şəklində formaya malikdirlər.

F-22 Raptor. Sələfləri ilə

Əsas diqqət, Rusiya Hərbi Hava Qüvvələrinin sərəncamında olan silah-sursata bənzər silahlar ilə vurulmadan sonra təyyarənin həyatda qalma qabiliyyətinin yüksəldilməsinə yönəldilib.

Pilot kabinası polikarbonatdan hazırlanmış fənərdən ibarətdir. Fənər radio dalğalarını səpən xüsusi örtüyə malikdir. Pilotların fikrincə, F-22 Raptor qırıcısının kabinəsi bütün amerikan qırıcı təyyarələri arasında ən rahat olanıdır. Fənər pilotu əla görüntü ilə təmin edir. ACES II katapult kreslosu pilotun bütün sürət və hündürlük diapazonunda təxliyyəsinə imkan verir. Təyyarənin şassisi üçdayaqlıdır.

F-22 Raptor təyyarəsinin güc qurğusu ikikonturlu Pratt & Whitney F119-PW-100, turboreaktiv mühərriklərindən ibarətdir. Onlar təyyarəyə forsajdan istifadə etmədən (beşinci nəsil təyyarələr üçün əsas tələblərdən biridir) səsdən yüksək sürətlərdə uçmağa imkan verir.

F-22 Raptor. Yanacaq doldurma prosesi

Bundan əlavə, mühərriklər, qırıcının manevr qabiliyyətini əhəmiyyətli dərəcədə artıran, idarəolunan dartma vektoru ilə təchiz edilmişdirlər. Çıxış ucluqları sabit yan divarlara, aşağı və yuxarı hərəkət edən kənarlara malikdirlər ki, bu da maşına dartma vektorunun sapdırmalarını dəyişdirməyə və ucluqların kəsiyini tənzimləməyə imkan verir. Bundan əlavə, rəvan çıxışlar, təyyarənin infraqırmızı diapazonda aşkarlanmasını azaldır.

Hava girişləri tənzimlənməyən və rombşəkillidirlər, həmçinin mühərrik kompressorlarını radiasiyadan qorumaq üçün S şəkilli kanala malikdirlər.

Təyyarə, TRW firması tərəfindən hazırlanmış, tərkibinə məlumatın emalı sistemi, rabitə sistemi, naviqasiya və ICNIA identifikasiya sistemi, elektron döyüş sistemi daxil olan avionika ilə təchiz olunur. Elektron döyüş sisteminin tərkibinə Sanders/General Electric tərəfindən hazırlanmış AN/ALR-944 radioelektron mübarizə sistemi və AN/APG-77 radiolokasiya sistemi daxildir.

F-22 Raptor. Səsdən yüksək sürət həddini aşan zaman

Qırıcıda quraşdırılmış radar haqqında ayrıca danışmağa dəyər. Bu, 2 min elementdən ibarət olan, siqnalı ötürən və qəbul edən, həmçinin aktiv mərhələli qəfəsı malik olan bir antennadir. Bu radar, 1 m² effektiv səpələnmə sahəsi (ESS) olan hədəfi normal rejimdə 225 kilometrlik, LPI (Low probability of intercept) rejimində 193 kilometrlik məsafədə, 0,1 m² ESS-i olan qanadlı raketləri isə 125 kilometrlik məsafədə aşkar edə bilər.

Aşağı tutulma ehtimalı (LPI) rejimi F-22 Raptor qırıcısına hədəfləri aşkar etməklə yanaşı, görünməz qalmasını təmin edir.

Raptor, 20 millimetrlik M61A2 Vulcan topu, həmçinin AIM-120C AMRAAM və AIM-9M Sidewinder hava-hava raketləri ilə silahlanmışdır.

F-22 Raptor. Kamuflyajda

Güclü tərəfləri

Təyyarənin istifadəsi konsepsiyasını növbəti şüarla təsvir etmək olar: "Tez aşkarla - cəld məhv et".

Əla elektron avadanlıq dəsti, xüsusilə də güclü və mükəmməl radar, qırıcıya düşməni uzaq məsafələrdə aşkar etməyə, özünü isə gizli saxlamağa imkan verir.

F-22 Raptor qırıcısının radarlardan gizlənmə qabiliyyəti, ona düşmən təyyarəsini birinci aşkarlayıb məhv etməyə imkan verir. Bundan əlavə, raketi atmadan öncə dördüncü nəsil təyyarələrin pilotları sürəti artırmaq üçün forsajı işə salırlar, Raptor pilotunun isə buna ehtiyacı yoxdur.

F-22 Raptor

F-22 Raptor, əhəmiyyətli dərəcədə praktik tavana malikdir ki, bu da hava döyüşündə onu böyük üstünlüklə təmin edir.

F-22 manevr qabiliyyəti baxımından istənilən dördüncü nəsil təyyarəsindən üstündür. Planerin aerodinamik keyfiyyətləri, idarə olunan dartma vektoruna malik olan mühərriklər qırıcını istənilən uçuş rejimində əla manevr və idarəetmə qabiliyyəti ilə təmin edir.

F-22 Raptor əvvəlcədən səmada üstünlük qazanmalı olan çoxfunksiyalı qırıcı təyyarə kimi yaradılıb. Buna görə də o, yerdəki hədəflərə zərbə vurmaq üçün o qədər də uyğun deyil. Amerikan standartinda olan hava-yer silahlarının əksəriyyəti onun daxili bölmələrinə yerləşmir. Xarici asqıya silah bağlamaq olar, ancaq bu halda qırıcı əsas üstünlüyünü - gizliliyini, - itirir.

F-22 Raptor. Kabin

İstismar problemləri

Bu təyyarənin istismarı zamanı ortaya çıxan əsas problem pilotun nəfəs almasını təmin edən oksigen təchizatı sistemindəki nasazlıq olub. Pilotlar boğulmadan və qeyri-adi qoxulardan şikayətləniblər. 2012-ci ildə bu səbəbdən sərt uçuş məhdudiyyətləri tətbiq edilib: pilotların uçuş zolaqlarından həddən ziyadə uzaqlaşmasına və 7.6 min metrdən yuxarı qalxmasına icazə verilməyib.

Yoxlama aparılıb, nəticədə problemin səbəbini aşkar etmək mümkün olub. Problemin mənbəyinin pilotların nəfəsi almasını asanlaşdırmaq üçün geyindiyi jiletin olduğu aşkar edilib. Jiletin quruluşunda edilmiş dəyişikliklərdən sonra problem həllini tapıb.

Texniki-uçuş xatarakteristikaları

Modifikasiya F / A-22A

Qanadlar: 13.56 metr

Təyyarənin uzunluğu: 18.9 metr

Təyyarənin hündürlüyü: 5.08 metr

Qanad sahəsi:  78.04 metr

Çəki, kilqoram

boş: 19700

normal qalxış: 29300

maksimal qalxış: 38.000

yanacaq: 8200

Mühərrikin tipi: Pratt Whitney F119-PW-100, 2 ədəd

Statik məcburi dartma, kN 2 x 156.0+

Maksimal sürət: 2410 (M = 2.25) km/saat

Kreyser sürəti: 1963 (M = 1.82) km/saat

Uzaqlıq: 3219 kilometr

AYÇ (asma yanacaq çənləri) ilə praktik diapazon:  2960 kilometr

Döyüş radiusu: 759 kilometr

Praktik tavan: 19812 metr

Maks. istismar yüklənməsi: 9g

Heyət: 1 nəfər