Beşinci nəsil qırıcı təyyarələrindən danışarkən F35 Lightning II qırıcı-bombardımançısını unutmamaq gərəkdir. Hazırda bu təyyarə Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri ilə yanaşı, digər ölkələrin də HHQ-nin tərkibində xidmət göstərir.
F-35 - aviasiya tarixindəki ən iddialı proqram olan JSF (Joint Strike Fighter, "Vahid döyüş təyyarəsi") layihəsi çərçivəsində yaradılan beşinci nəsil çoxfunksiyalı görünməyən döyüş təyyarəsi ailəsidir. Təyyarənin əsas yaradıcısı və istehsalçısı Amerikanın aerokosmik nəhəngi olan Lockheed Martin şirkətidir. LM ilə birlikdə JSF layihəsində digər məşhur şirkətlər də iştirak ediblər: Pratt&Whitney, Northrop Grumman, Rolls-Royce, Allison və British Aerospace.
Qırıcı təyyarənin ilk uçuşu 2000-ci ilin oktyabrında baş tutub, 2012-ci ildə isə onun istismarına başlanıb. Bu günə qədər F-35 kiçik seriyalar ilə istehsal edilib. Təyyarənin iri miqyaslı istehsalına bu il başlanmalıdır. 2011 - 2019-cu illərdə 491 təyyarə istehsal edilmişdir. Bunlardan İstehsalçı bu ilin aprel ayında 500-cü təyyarənin sifarişçiyə çatdırıldığını bəyan edib.
F-35 Lightning II
F-35 qırıcı təyyarəsi üç variantda buraxılır: ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün hazırlanan yerüstü qırıcı, Amerikan Dəniz Piyadaları Korpusu (DPK) və Britaniya Hərbi Dəniz Qüvvələri üçün qısaldılmış qalxış və şaquli enişə malik olan təyyarə, və nəhayət ABŞ Hərbi Dəniz Qüvvələri üçün göyərtə qırıcısı. Gələcəkdə amerikalılar bu gün xidmətdə olan bir sıra təyyarələri F-35 ilə əvəzləməyi planlaşdırırlar: A-10, F-16, F/A-18 və AV-8B hücum təyyarələrini. Britaniyalılar məşhur Sea Harrier ŞQET-nin əvəzinə F-35 Ligtning II qırıcısından istifadə etməyi düşünürlər.
Çox zaman F-35 təyyarəsinin qiymətinin nə qədər olduğunu soruşurlar. Təyyarələrin yaradılması proqramı ABŞ büdcəsinə 55 milyard dollara başa gəlib, kütləvi istehsal başlandıqdan sonra hər bir qırıcı (modifikasiyasından asılı olaraq) 77,9 - 108 milyon dollar arasında qiymətə satılacaqdır. F-35 uçuşunun bir saatı 30,7 min dollara başa gəlir ki, bu da F-16 təyyarəsinin xərcləri ilə müqayisə olunandır.
Hal-hazırda F-35 Amerika ordusu tərəfindən istismar olunur, ABŞ-ın müttəfiqləri Hollandiya, Yaponiya, Avstraliya, İtaliya, İsrail və Birləşmiş Krallıq ilk təyyarələri almağa başlayıblar.
F-35 Lightning II
Yaradılma tarixi
F-35 Lightning II, praktiki olaraq 90-cı illərin ortalarında başlayan iddialı JSF proqramının nəticəsidir. Bu proqramın əsas məqsədi hərbi hava qüvvələrini, hərbi dəniz qüvvələrini, habelə ABŞ-ın DPK-nun aviasiyasını silahlandırmaq üçün universal təyyarənin (qırıcı-bombardmançı) yaradılması idi.
Başqa sözlə, təyyarənin yaradıcıları adi qırıcının manevr imkanlarına və sürətinə, bombardımançının ciddi silah-sursat yükünə, eyni zamanda, aviadaşıyan gəminin göyərtəsinə enmə qabiliyyətinə malik olan bir təyyarə hazırlamaq istəyirdilər. Bundan əlavə, Dəniz Piyadaları Korpusu üçün nəzərdə tutulmuş modifikasiya qısaldılmış (şaquli) qalxış və eniş qabiliyyətinə malik olmalı idi. Bunlara təyyarənin cavab verməli olduğu beşinci nəsil qırıcı meyarlarını əlavə etsək, konstruktorlar qarşısında duran tapşırığın nə qədər mürəkkəb olduğunu təsəvvür etmək gərəkdir.
Hərbçilər də yeni qırıcının qiymətinin və istismar xərclərinin aşağı olmasını tələb edirdilər. Qeyd edək ki, JSF proqramının icrası zamanı iqtisadi amillər ilk yerdə qərarlaşmışdılar: hərbiçilər yeni yüksək dəqiqlikli silahlardan istifadə üçün ideal olan, eyni zamanda, ucuz qiymətli universal döyüş platformasını əldə etmək istəyirdilər. Xidmət və təmir xərclərinə də böyük diqqət yetirildi, çünki bu xərc maddələri müasir döyüş təyyarəsinin həyat dövrü boyu çəkilən xərclərin 60 faizindən çoxunu təşkil edir.
F-35 Lightning II
Layihənin ilkin mərhələsində hazırlanmış spesifikasiyalara görə, yeni təyyarənin səsdən yüksək qənaətbəxş sürətə (1,5 Max), həmçinin F-16 və F/A-18 qırıcıları səviyyəsində manevr qabiliyyətinə sahib olması gərək idi. Səsdən yüksək kreyser sürəti məsələsi əvvəlcə qaldırılmamışdı. Yeni təyyarə daha çox zərbə endirmə tapşırıqlarını həll etməyə yönəldilmişdi, o, eyni zamanda, havada üstünlük qazanmaq üçün F-22A Raptor təyyarəsini tamamlamalı idi. Bundan əlavə, yeni qırıcıdan aviadaşıcı birləşmələrin hava hücumundan müdafiəsini təmin etmək üçün istifadə olunması planlaşdırılırdı.
Yeni hücum təyyarələrinin layihələndirilməsinə keçən əsrin 80-ci illərin ortalarında başlanmışdı. ASTOVL proqramı çərçivəsindəki tədqiqatlar NASA və Britaniyanın Uçuş Araşdırma Mərkəzi tərəfindən birlikdə aparılırdı. Məqsəd köhnəlmiş Harrier təyyarəsini əvəz edəcək, şaquli uçuş və eniş qabiliyyətinə malik olan hərbi təyyarəni yaratmaq idi.
Soyuq müharibə başa çatmaq üzrə idi, hərbi büdcələr amansızcasına kəsilirdi, buna görə də 90-cı illərin əvvəllərində proqram dayandırıldı. Eyni zamanda, ABŞ-ın Müdafiə Nazirliyi gələcəkdə 70-80-ci illərdə yaradılmış F-14, F-15E, F-16, F-111 və F-117 döyüş təyyarələri əvəz edə biləcək vahid təyyarənin yaradılması təklifi ilə çıxış etdi.
CF-35 Lightning II
Bu perspektivli konsepsiyanın tədqiqat mərhələsi 1994-cü ildə başa çatdı və bir il sonra ABŞ-ın Müdafiə Nazirliyi müsabiqə iştirakçıları üçün tələbləri hazırladı. Bu müsabiqədə müvafiq olaraq X-32 və X-35 adlı iki layihənin müəllifləri olan Boeing və Lockheed Martin şirkətləri iştirak edirdi.
Yekun sınaqlar 2001-ci ildə başladı. Keçirilmiş sınaqlar Lockheed şirkətinin yaratdığı təyyarənin rəqibindən dəfələrlə üstün olduğunu nümayiş etdirdi. X-35 prototipi 150 metr uzunluğundakı platformadan qalxaraq, uçuşda səsdən yüksək sürəti nümayiş etdirdi və şaquli şəkildə eniş edə bildi. Prototipin yaradılması zamanı Lockheed şirkətinin dizaynerləri Rusiyanın Yakovlev adına TKB-nun mütəxəssisləri ilə əməkdaşlıq etmişdilər. Buna görə də, şaquli eniş sisteminin konstruksiyası sovet Yak-141 ŞQET-nin quruluşu ilə bənzərliyə malik idi. Lakin, sonradan Lockheed Martin Yakovlev TKB ilə işləməkdən imtina edərək sistemin hazırlanmasını Rolls-Royce şirkətinə həvalə etmişdi. Buna görə də, X-35 prototipində fırlanan ucluqlar deyil, pilot kabinəsinin arxasında ayrı pər quraşdırılmışdır. Səbəb fırlanan ucluqlardan çıxan işlənmiş qazların hava girişlərinə daxil olması çoxsaylı problemlər yaradırdı.
JSF proqramının maliyyələşdirilməsi təkcə ABŞ hökuməti tərəfindən deyil, həmçinin onun NATO üzrə müttəfiqləri İngiltərə, İtaliya, Danimarka, Hollandiya, Kanada və Türkiyə tərəfindən həyata keçirilirdi. Yeni təyyarə ilə İsrail hərbçiləri də maraqlanırdı. Hətta, başlanğıcda proqramın dəyəri heyrətləndirici idi: qırıcıların yaradılmasına və onların alınmasına 230 milyard dollardan çox pul xərcləmək planlaşdırılırdı. Lakin, sonunda büdcə ciddi şəkildə aşılmışdı və bu gün bir sıra mütəxəssislər layihənin ümumi məbləğinin, o cümlədən istismar xərcləri də daxil olmaqla, 1 trilyon dolları keçdiyini bildirirlər.
F-35 Lightning II
Təyyarənin yaradılması prosesi çətinliklərə üzləşirdi. 2002-ci ildə mühəndislər onun konstruksiyasının əhəmiyyətli dərəcədə ağırlaşdığını ortaya çıxardılar. Təyyarənin kütləsini azaltmaqla məşğul olan xüsusi bir qrup yaradıldı.
2008-ci ildə Lockheed Martin yeni təyyarənin uçuş xüsusiyyətlərini açıqladı və eyni zamanda təyyarənin eksperimental modelini nümayiş etdirdi.
F-35 qırıcısının yaradılması proqramı büdcə artımı və kütləvi istehsalın başlaması tarixinin təxirə salınması ilə üzləşdi. Təyyarənin komponentləri və sistemlərinin çox sayda dəyişdirilməsi layihənin dəyərini daim artırırdı və bu da, iştirakçı dövlətlər arasında başa düşülən narazılıqların yaranmasına səbəb olurdu. Hətta, təyyarənin konstruksiyasındakı xırda dəyişikliklər bütov istehsal xətlərinin dəyişdirilməsinə səbəb olurdu.
2010-cu ilin mart ayında bir qırıcının alış qiyməti 113 milyon dollara yüksəldi, bundan sonra Pentaqon proqramın dəyərinin 50% artacağını bəyan etdi. Eyni zamanda, vəsaitə qənaət etmək üçün F-35B modifikasiyasından imtina təklifi, ABŞ-ın DPK-nun qəzəbinə səbəb oldu.
F-35 Lightning II
Danimarka 2010-cu ildə proqramdan çıxdı, lakin sonradan bu qərar qismən yenidən nəzərdən keçirildi və bir il sonra Avstraliya, təyyarələrin qiymətinin təxminən iki dəfə artmasını və çatdırılma tarixinin yeddi il qədər təxirə salınmasını səbəb gətirərək, təyyarələri almaqdan intima etdiyini açıqladı. Kanada və Yaponiya, qiymətin artmağa davam edəcəyi təqdirdə, F-35 qırıcısını almaqdan imtina edəcəklərini bildirdilər.
2011-ci ilin mayında Pentaqon 133 milyon dollarlıq qiymətin qəbuledilməz olduğu barədə kəskin bəyanatla çıxış etdi.
2010-cu ildə ABŞ və İsrail arasında iyirmi təyyarənin alınması barədə razılıq əldə edildi, israillilərə təyyarəyə öz istehsalları olan çoxsaylı sistemləri, xüsusən də elektronikanı quraşdırmaq icazəsi verildi.
25 fevral 2011-ci ildə ilk seriya F-35B qırıcısı səmaya qalxdı və bir neçə ay sonra ilk təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verildi. 2013-cü ildə Parisdə keçirilən aviasiya sərgisində Lockheed Martin şirkətinin vitse-prezidenti İsrailin ABŞ-dan sonra F-35 təyyarələrini alan ilk ölkə olacağını söylədi. 2014-cü ilin noyabr ayında ABŞ Müdafiə Nazirliyi təyyarələrin alınması üçün 4,7 milyard dollarlıq müqaviləni imzaladı.
2020-ci ildə İtaliyada təyyarələrin kütləvi istehsalına başlandı. 2020-ci ildə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, həddindən artıq baha olduğuna görə F-35 layihəsini ciddi şəkildə tənqid etdi. Buna cavab olaraq, istehsalçı 2020-ci ildə qiyməti 85 milyon dollara endirəcəyinə söz verdi.
F-35 Lightning II
Quruluşu
F-35 Lightning II təyyarəsi beşinci nəsil qırıcılara aiddir, onun hazırlmasında F-22 Raptor təyyarəsinin yaradılması zamanı qazanılmış təcrübədən geniş istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, F-35 modeli Raptor qırıcısındakından daha qabaqcıl avionika ilə təchiz edilmişdir. Qırıcının avionikası, şübhəsiz ki, bu döyüş platformasının güclü tərəfidir. F-35 modelinin elektron kompleksinə aşağıdakılar daxildir:
- Həm yerdəki, həm də havadakı hədəfləri eyni dərəcədə effektiv şəkildə aşkarlaya bilən aktiv mərhələli antenası olan ikinci nəsil çoxfunksiyalı AN/APG-81 radarı.
- Füzeyyajın müxtəlif tərəflərində yerləşən altı infraqırmızı sensoru olan AN/AAQ-37 elektron-optik sistemi. Sistem, 1300 km məsafədə ballistik raketlərin atılmasını aşkar etməyə imkan verir, həm gündüz, həm də gecə uçuşu zamanı naviqasiyanı təmin edir, pilotu raket hücumu barədə xəbərdar edir, zenit silahlarının yerini müəyyənləşdirir, hava hədəflərini aşkarlayır və onları müşayiət edir.
F-35B Lightning II
- Əhəmiyyətli məsafələrdə hədəf təyinetməyi həyata keçirə bilən, yerdəki və havadakı düşmən obyektlərini aşkar edə bilən yüksək icazəli passiv çoxyönlü CCD-TV infraqırmızı kamerası. Təyyarənin lazer şüalanmasına məruz qalması barədə pilotu xəbərdar edir.
- AN/ASQ-239 fərdi yayındırmaların quraşdırilması sistemi.
- Pilotun kaskasına quraşdırılmış, başın və gözlərin hərəkətindən istifadə edərək təyyarəni idarə etməyə imkan verən, hədəf göstərmə və indikasiya sistemi. F-35 pilotunun dəbilqəsini ümumiyyətlə unikal adlandırmaq olar: dəbilqə pilota sanki kokpitin arasından baxmağa imkan verir. Bu qabiliyyət, təyyarənin fuzelyajında yerləşdirilmiş çoxsaylı videosensorlar tərəfindən təmin edilir. Bundan başqa, dəbilqədə görüntü və səs vasitəsi ilə pilota uçuş şəraiti haqqında məlumat verən sistemlər quraşdırılmışdır.
Qeyd etmək lazımdır ki, F-35B modifikasiyasının yük bölməsi pər qurğusunun quraşdırılması səbəbindən F-35A və F-35C modifikasiyalarından daha kiçikdir
- Kokpitdə, qırıcının uçuşu və sistemlərin fəaliyyəti ilə bağlı olan məlumatları əks etdirən geniş formatlı sensorlu PCD ekran quraşdırılmışdır. Üstəlik, bu ekranda düşmənin hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi nöqtələr və onları keçmək üçün mümkün yollar göstərilir.
- F-35 təyyarəsinin bəzi sistemlərini səslə idarəetməyə imkanı verən səs tanıma sistemi.
- Qırıcı bir sıra qabaqcıl hədəfalma və rabitə sistemləri ilə təchiz edilmişdir. Onların arasında çox vaxt "səma interneti" adlandırılan Link 16 məlumat mübadiləsi kompleksi də vardır.
F-35B kiçik döyüş sursatı və tam dolu olmayan çənlər ilə şaquli istiqamətdə yüksələ və enə bilər
Təyyarənin konstruksiyasında kompozit materiallardan və ən yeni texnologiyalardan geniş istifadə olunur. F-35 "stels" texnologiyasından istifadə etməklə hazırlanıb, yaradıcıları onun radar ekranlarında görünmə səviyyəsinin F-22 Raptor modelindən daha az olduğunu dəfələrlə bildirdilər. Təyyarənin effektiv səpələnmə sahəsini (ESS) azaltmaq məqsədi ilə onun silahları daxili bölmələrdə yerləşir. Bununla belə, silahları xarici asma nöqtələrində də yerləşdirmək olar. Qırıcının forması da onun radar ekranlarında görünmə səviyyəsini azaltmağa yardım edir.
Qırıcının A və C modifikasiyaları Pratt&Whitney F135 mühərrikləri ilə təchiz olunurlar - bu mühərrik, Raptor qırıcısında quraşdırılmış F119 modelinin sonrakı inkişafıdır. Qısaldılmış qalxışa malik olan F-35B modifikasiyasında Britaniyanın Rolls-Royce Defence şirkətinin hazırladığı mühərrik quraşdırılır. İlkin olaraq, qırıcının yaradıcılarının qarşısında səsdən yüksək kreyser sürəti ilə uçuş tapşırığı qoyulmasa da, Lockheed Martin şirkətinin rəhbərliyi, F-35 qırıcısının 1,2 Max sürəti ilə təqribən 240 km məsafə qət etmək iqtidarında olduğunu bildirib.
F-35C Lightning II
F-35B modifikasiyasının güc qurğusunun maraqlı quruluşu var. Kokpitin arxasında, mühərrikə sərt ötürmə ilə bağlı olan pər yerləşir. Bu pər üst və alt tərəfdə qapaqlarla bağlanır. Havada asılı qalma zamanı pər işə düşür və mühərrikin ucluğu, demək olar ki, düz bucaqla (95 °) aşağıya doğru istiqamətlənir. Qırıcının vurnuxmasına və yana əyilmələrinə nəzarət əlavə ucluqlardan istifadə etməklə həyata keçirilir. Yüksəlmə və eniş tamamilə kompüter tərəfindən idarə olunur ki, bu da pilotun işini asanlaşdırır.
Təyyarədə sükan səthləri üçün elektro-hidrostatik ötürmələrdən istifadə olunur ki, bu da, hidravlik təyyarə sistemlərindən tamamilə imtina etməyə imkan verir və qırıcının çəkisini əhəmiyyətli dərəcədə azaldır.
F-35 geniş çeşidli silahlardan istifadə edə bilər. Təyyarənin hər üç modifikasiyası sol hava girişinin yuxarı hissəsində yerləşən 25 mm-lik GAU-22/A avtomatik topu ilə silahlanmışdır. Topun döyüş sursatı 180 mərmidən ibarətdir.
F-35C Lightning II
Modifikasiyalar
F-35A. ABŞ-ın Hərbi Hava Qüvvələri və onun müttəfiqləri üçün hazırlanan təyyarənin ən sadə və kütləvi modifikasiyası. Bu qırıcı yerüstü aerodromların uçuş zolaqlarından istifadə edir.
F-35I. İsrail Hərbi Hava Qüvvələri üçün hazırlanan təyyarə. Əslində, bu, adi F-35A qırıcısının İsrail istehsalı olan avadanlıqlar quraşdırılmış versiyasıdır: avadanlıqlar tərkibinə, o cümlədən, radio-elektron mübarizə sistemi (REMS) və atəşin idarəedilməsi sistemi (AİS) daxil olan avionikadan və kabinə avadanlıqlarından ibarətdir.
CF-35. Kanada Hava Qüvvələri üçün hazırlanmış F-35A təyyarəsinin başqa variantı. Standart modeldən yalnız əyləc paraşütünün olması (buzlu uçuş-enmə zolaqları səbəbindən) və havada yanacaq doldurma sistemindəki dəyişikliklər ilə fərqlənir.
F-35 qırıcısının bütün modifikasiyaları 70-90% unifikasiya edilmişdir
F-35B. Təyyarənin ABŞ-ın DPK üçün hazırlanmış qısaldılmış (şaquli) qalxışa və şaquli enişə malik olan modifikasiyası. Əslində, bu təyyarəni yüngül aviadaşıyıcılar olan "Amerika" tipli yeni desant gəmilərinin əsas hücum gücünə çevirməyi planlaşdırırlar. Bu günə qədər yalnız İtaliya bu modifikasiyadan olan qırıcıları satın almağa razılıq verib. Böyük Britaniya isə rəsmi olaraq bu təyyarəni almaqdan imtina edib.
F-35C. Təyyarənin ABŞ və Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış modifikasiyası. Təyyarə katapultdan istifadə edərək aviadaşıyıcının göyərtəsindən qalxmaq və "finişer" (təyyarənin eniş qarmağı var) vasitəsi ilə enmək üçün nəzərdə tutulmuşdur. Qırıcının bu versiyası böyüdülmüş qanadı və quyruq dayağı ilə fərqlənir ki, bu da ona aşağı sürətlərdə daha inamla manevr etməyə imkan verir və yükgötürmə qabiliyyətini artırır. F-35C qırıcısı F/A-18C ilə müqayisədə iki dəfə artıq döyüş radiusuna malikdir.
F-35 Lightning II
Layihənin qiymətləndirilməsi
F-35 proqramı bəşəriyyət tarixindəki ən bahalı hərbi layihələrdən biridir. Təkcə bu həqiqət artıq təyyarəni tənqid etmək üçün əla bir səbəbdir, lakin milyardlarla dollar xərclənməsinə və illərlə inkişaf etdirilməsinə baxmayaraq, F-35 qırıcısının konstruksiyasında daim qüsurları üzə çıxır. Qiyməti yüz milyon dollardan çox olan bir təyyarənin problemləri ictimaiyyət tərəfindən xüsusilə kəskin şəkildə qarşılanır.
Bir çox mütəxəssis F-35 təyyarəsinin beşinci nəsil qırıcıların meyarlarına uyğun olmasını şübhə altına alır. Əvvəla, bu, forsajdan istifadə etmədən səsdən yüksək sürətlə uçuşa aiddir. Bununla birlikdə, yaradıcıları qırıcının belə imkana sahib olduğunu dəfələrlə bəyan ediblər. Görünməzlik texnologiyaları ilə bağlı suallar da mövcuddur: 2020-ci ildə F-35 qırıcısı, fuselaja vurulan keyfiyyətsiz "stels" örtüyünə görə, F-15 təyyarəsi ilə döyüşdə məğlub olub.
F-35 Lightning II
Qırıcının əməliyyat sistemi də çoxlu sayda suallar doğurur. Yaxınlarda hərbçilər tərəfindən aparılmış yoxlama zamanı 276 potensial zəifliyi aşkar edilib. Lakin, proqram təminatı sonunda düzəldilsə də, artıq aradan qaldırıla bilməyən çatışmazlıqlar da mövcuddur. Bunlara aşağıdakılar aiddir:
- Təyyarənin yaradılması zamanı artan kütləsi onun dartma qüvvəsinin (0.8-0.85) çatışmamazlığına səbəb olub.
- Qırıcının manevr qabiliyyətini əhəmiyyətli dərəcədə azaldan qanada düşən yüksək xüsusi çəki.
- Təyyarənin daxili bölmələrinin götürə biləcəyi silah-sursatın nisbətən aşağı çəkisi.
- Kifayət qədər böyük minimal sürəti, aşağı yükgötürmə qabiliyyəti və yerdən açılan atəşə həssaslıq səbəbi ilə F-35 qırıcısı qoşunları birbaşa dəstəkləmək üçün təsirli olmaya bilər. Bu baxımdan köhnə və sınanmış A-10 Thunderbolt daha məqsədəuyğun görünür.
F-35 Lightning II
F-35 təyyarələrinin güclü tərəflərinə düşmən radarları üçün aşağı görünmə qabiliyyətinə malik olmasını və güclü avionika kompleksini aid etmək olar. Bununla birlikdə, bu sistemlərin real döyüşdə qırıcıya kömək edəcəkləri barədə suallar hələ də cavabsız qalır.
Sonunda qeyd etmək lazımdır ki, bütün bu tənqidlərə baxmayaraq, F-35 Lightning II olduqca mükəmməl və qabaqcıl döyüş maşınıdır. Başqa cür ola da bilməzdi: ABŞ bu layihəyə həddən artıq ciddi maliyyə, təşkilati, intellektual resurslarını qoyub.