Bakıda keçirilən Avropa Qran Prisinin bu gün keçirilən sərbəst yürüşlərinin ikinci hissəsinin, günün birinci hissəsində keçirilmiş yürüşlərə nisbətən sakit keçdiyini söyləmək olar. Lakin, birinci sessiyadan sonra bütün bolidlərin sol arxa təkərlərinin zədə aldığı aşkarlanmışdı. Sən demə, bu zədəni döngələrin birindəki dəmir porebrikləri asfalta bərkidən boltların yük altında tədricən açılması səbəb olmuşdur.
Boltlar qaynaq ilə bərkitdikdən sonra Çarli Uaytinq pilotlara "Xəzər" (6-cı) döngəsindəki porebriklərdən uzaq durmağı məsləhət gördü. Komandalar isə səhər başladıqları işi - şinlərin tərkiblərin qiymətləndirilməsini və bir çoxlarına sadə görünən, lakin pilotlara çətin anlar yaşadan trekimizdə ən əlverişli tənzimləmələrin axtarılması üzərində işi davam etdirdilər.
İlk sessiyada olduğu kimi, pilotların əksər hissəsi "Abşeron" (1-ci) və "Ağ ev" (15-ci) döngələrində səhvlərə yol verərək təhlükəsizlik zonalarına "səyahət" etmiş oldular. Formula 1 yarışlarına baxdığım bu uzun müddət ərzində pilotların arxaya hərəkət üçün ötürmədən bu qədər intensivşəkildə istifadə etdiklərini xatırlamıram.
İkinci sessiya çoxsaylı texniki problemlərlə də yadda qaldı. Hətta, çempionatda liderlik edən Mercedes komandası belə bu problemlərdən nəsibini aldı. Fernando Alonso sürətlər qutusunun yeddinci pillədə ilişib qalması səbəbindən boksa qayıtmaq məcburittətində qaldı. Pilotlar çempionatının lideri Niko Rosberq ümumiyyətlə bolidi trekin kənarına park etməli oldu - mühərriki güc itirən alman pilota komanda körpüsündən dayanmaq əmri gəldi.
Sessiyanın qurtarmasına 5 dəqiqə qalmış Rəykkonen öz boldini "Köhnə dəyirmanın" yanındakı təhlükəsizlik zonasında MGU-K sisteminin nasazlığı ucbatından park etməli oldu. İkinci hissə qəzasız ötüşdu. Yeganə hadisə, Peresin "Hotel" (9-cu) döngəsində bolidini divara sürtərək keçməsi oldu. Bu xətadan yüngül xəsarətlə qurtaran piıot sərbəst yürüşləri uğurla başa vurdu. Günün ən sürətli pilotu yenidən Mercedes komandasının Britaniyalı pilotu Lyuis Həmilton oldu.
Səhərki zamanını iki saniyə yaxşılaşdıran Britaniyalı pilot, komanda yoldaşını 0,690 saniyə üstələmiş oldu. Qeyd etmək lazımdır ki, protokoldan da göründüyü kimi, sərbəst yürüşlərdə Mercedes mühərrikləri ilə təchiz edilmiş bolidlər digərlərinə nisbətən daha yaxşı nəticələr göstərmişlər.
Günün ən yüksək sürətini də - 350 kilometr-saatı Mercedes pilotu Niko Rosberq göstərmiş oldu.












