Bu gün Formula 1 üzrə növbəti 67-ci çempionatın ilk yarışı olan Avstraliya Qran Prisi keçirilmişdir. Mövsümün ilk qələbəsini Petronas Mercedes-AMG komandasının alman pilotu Niko Rosberq qazanmışdır. Podiumun ikinci pilləsinə Rosberqin komanda yoldaşı və hazırki çempion Lyuis Həmilton qalxıb. Üçüncü yer Scuderia Ferrari komandasının pilotu Sebastyan Fettelə qismət olub.
Dünənki təsnifat mərhələsindən sonra, bir çoxları qələbə uğrunda mübarizənin Ferrari və Mercedes pilotları arasında gedəcəyindən əmindilər. Yeri gəlmişkən, mövsümün yeni formatda keçirilən ilk təsnifat mərhələsi ona bəslənən ümidləri doğrultmamışdır. Bu səbəbdən də komandalar köhnə formata qayıtmağı qərara almışdırlar. Həqiqətən də, pilotların sıralama dövrələrinin bitməsinə 2-3 dəqiqə qalmış poul uğrunda mübarizəni dayandırması xoşagələn hal deyildir. Ataların «ziyanın yarısından qayıtmaq da xeyirdir» kəlməsini nəzərə alan komandalar bu dəfə düzgün qərar qəbul ediblər.
Melburndakı Albertparkda keçən yarışa gəldikdə isə, startdan başlayaraq damalı bayrağa qədər maraqlı keçən bir yarış izləyə bildik. Mövsümün ilk yarışı bizə irəlidə mübarizə və həyəcan dolu daha maraqlı yarışlar izləyəcəyimizdən xəbər verir. İlk növbədə bu yarış Ferrari komandasının həqiqətən güclü sıçrayiş etdiyini sübut etdi və italyan komandasının Mercedes-AMG komandasının hegemonluğuna son qoya biləcək gücə malik olduğunu göstərdi.
Qırmızı işıqların sönməsi ilə başlayan ilk mübarizədən qalib çıxan pilotlar qırmızı rəngli avtomobillərin pilotları oldu. Sebastyan Fettel əla start götürərək iki Mercedes pilotunun arasından keçməyə müvəffəq oldu. Onun komanda yoldaşı olan Kimi Rəykkönen də iki «Gümüş oxu» arxada qoymağı bacardı. Niko Rosberq Ferrari pilotlarını təqib etməyə müvəffəq olsa da, hazırki dünya çempionu Həmiltonun startı çox bərbad alındı. İlk sıradan start almış britaniyalı pilot ikinci dövrədə artıq beşinci yer uğrunda mübarizə aparırdı.
Yenidən Ferrari mühərrikləri ilə yarışan Scuderia Toro Rosso komandasının gənc pilotu Ferstappen də uğurlu start alaraq bir pillə yüksələ bilmişdir. Ümumiyyətlə, bu həftəsonunun qəhrəmanını seçmək lazım olarsa, keçmiş F1 pilotu Yos Ferstappenin oğlu Maks Ferstappenin Avstraliya Qran Prisində iştirak edən pilotlar arasında tamaşaçıların diqqət ən çox cəlb edən pilot olduğunu söyləmək gərəkir. Gənc hollandiyalı artıq təsnifat mərhələsində uğurlu çıxış edərək komandasının peletonun orta sıralarında mübarizə aparmaq imkanlarına malik olduğunu göstərmişdir.
Həftəsonunun ən bəxti gətirməyən pilotu isə, Red Bull Racing komandasının rusiyalı pilotu Daniel Kvyat oldu. Rus pilotun avtomobili, elə isitmə dövrəsinin sonunda start-finiş düzlüyündə ömrünü rusiyalı fanatlara bağışladı. Bu səbəbdən də, yarış rəhbərliyi bolidləri yenidən bir isitmə dövrəsinə göndərdi.
Liderlik edən Ferrari pilotları isə Rosberqdən qopmağı bacarmadılar. Alman pilot qırmız bolidləri təqib edərək onların aranı açmasına icazə vermədi. İlk planlaşdırılan pit-stop 10 dövrədə Sauber pilotu Felipe Nasrdan gəldi. Bir dövrə sonra Massa, Eriksson və Verlyayn təzə təkərlərin arxasınca yollandılar. 12 dövrədə Bottas effektiv üslubda Palmeri qabaqlaya bildi. Elə həmin dövrədə Rosberq, Alonso, Rikkardo və Palmer pit-stopa baş çəkdilər. 13-cü dövrədə pit-stopa Fettel və Ferstappen yollandılar.
Pit-stop çıxışında Fettel Rosberqi qabaqladı və həmyerlisinin hücumlarından müdafiə oluna bildi. SuperSoft şinləri əldə etmiş Fettel pit-stopa getməyən Həmiltonu ötməyi də bacardı. 15-ci dövrədə Batton, Rəyykönen, Həmilton və Hülkenberq pit-stopa yönəldilər. Bu pit-stopdan sonra Rəykkönen ikinci yeri Rosberqə verməyə məcbur oldu.
Artıq bir sıra tamaşaçılarda Fettelin qalib gələcəyi barədə fikir yaransa da, Avropa Qran Prisinin elçisi Fernando Alonsonun Haas F1 pilotu Qutyerreslə toqquşması bu yarışın taleyini dəyişən an oldu. Haas pilotunu ötməyə çalışan ispan pilotun bolidinin ön təkəri digər bolidin təkəri ilə toqquşaraq onu havaya qaldırdı və bolid uçaraq baryerlərə çırpıldı. Yalnız möcüzə sayəsində Alonso tamamilə dağılmış McLaren bolidini zədəsiz tərk edə bildi. Trekdəki qırıntıların çoxluğunu nəzərə alan Çarli Uaytinq qırmızı bayraqla yarışı dayandırmaq qərarına gəldi.
Fasilə zamanı bir çox komandalar yarışı pit-stopsuz bitirmək üçün medium şinlərinə keçməyi qərara alsalar da Ferrari rəhbərliyi SuperSoft şinlərində qalmağa üstünlük verdil.
Təhlükəsizlik avtomobilinin başçılığı ilə verilən restardan üç dövrə sonra Rəyykönenin bolidinin mühərriki tüstüləməyə başladı və finlyandiyalı boksa qayıtmalı oldu. Avtomobilin havalandırmasından çıxan alov Ferrari mühərrikinin ömrünü bizlərə tapşırdığından xəbər verdi.
Lakin bu hələ son deyildi. Ferrrari rəhbərliyinin atdığı səhv addım Fetteli qələbədən məhrum etdi. SuperSoft şinləri Sebastyana gözlənilən üstünlüyü verə bilmədi. Medium şinləri ilə yaxşı çalışan Mercedes-AMG bolidi Rosberqə Ferrari pilotunu təqib edərək aradakı məsafəni azaltmağa imkan verdi. 35-ci dövrədə pit-stopa gedən Fettel bu da azmış kimi mexaniklərin səhvi ucbatından pitdə vaxt itirdi və liderliyi Rosberqə ötürməyə məcbur oldu. Eyni zamanda pit-stopdan sonra o Rikkardo və Həmiltonun arxasında qaldı.
40-cı dövrədən sonra diqqətlər Palmer-Sayns-Ferstappen üçlüyünə yönəldi. Palmeri ötməkdə çətinlik çəkən Karlos Sayns Ferstappenin çoxsaylı şikayətlərinə baxmayaraq komanda yoldaşına yol vermədi və açığını desək onun yarışını məhv etmiş oldu.
Düzdü, sonrada Palmeri keçməyi bacaran Sayns yenidən Bottasla mübarizəyə başladı. 42-ci dövrədə Həmilton Rikkardonu qabaqlayaraq ikinci yerə çıxmağı bacardı. Fettel isə Danielin pit-stopa yollanmasından sonra üçüncü yerə qalmağa müvəffəq oldu. 53 dövrədə Sayns-Ferstappen qarşıdurması toqquşma ilə nəticələndi. Son dövrələrdə Həmiltona yaxınlaşan Fettelin onu ötmək cəhdləri boşa çıxdı və alman pilot səhv buraxaraq trekdən çıxsa da yenidən trekə qayıtmağı bacardı.
Niko Rosberq finiş xəttini keçərək karyerasında 15-ci qələbəsini qazandı. Bu həmçinin alman pilotunu ardıcıl olaraq qazandığı dördüncü qələbə oldu. Birinci onluğa iki Mercedes və bir Ferrari pilotundan savayı Rikkardo, Massa, Qrojan, Hülkenberq, Bottas, sayns və Ferstappen daxil olmuşdurlar.
Beləliklə, ilk mərhələdən sonra pilotlar çempionatına 25 xalla Nico Rosberq başçılıq edir. 18 xal toplamış Həmilton ikinci, hesabına 15 xal yazdırmış Fettel üçüncü yerdədir. Sonrakı yerləri Rikkardo (12), Massa (10), Qrojan (8), Hülkenberq (6), Bottas (4), Sayns (2) və Ferstappen (1) tuturlar.
Konstruktorlar kubokunda isə vəziyyət belədir: Mercedes (43 xal), Ferrari (15), Williams (14), Red Bull (12), Haas (8), Force India (6), Toro Rosso (3).
Formula 1 çempionatının növbəti mərhələsi aprelin 1-3 tarixlərində Bəhreyndə keçiriləcəkdir.












