Budur, yeni mövsümün ikinci yarışı da geridə qaldı. Albert-parkda keçirilən yarışdan sonra bir çoxları Bəhreyndə də maraqlı yarış olacağını gözləyirdilər. Ümumiyyətlə qeyd etmək lazımdır ki, hər iki yarış bu ilki mövsümün maraqlı keçəcəyindən xəbər verir. Sıralama turlarında ilk iki yeri tutan Mercedes pilotlarını narahat edən yeganə faktor Ferrari komandasının ikinci cərgədə start alan pilotları idi. Əlbəttə, start düzülüşünə baxsaq peletonun orta sıralarında da bizi maraqlı mübarizə gözləyirdi.
Bəhreyn Qran Prisinin alman komandasının pilotları üçün yüngül gəzinti olmayacağı məlum idi, amma, isitmə dövrəsində Ferrari komandasının alman pilotu Fettelin bolidində iflas edən italyan mühərriki Mercedes komandasının rəhbərlərinin həyəcanını bir qədər azaltmış oldu. Lakin, start ala bilməyən yeganə pilot Fettel deyildi - bu arada hidravlika ilə problem yaşayan Renault komandasının pilotu Palmer də yarışı start almadan tərk etmiş ikinci pilot oldu. Startda Kimi Rəykkonenin zəif startı alman komandasının həyəcanını bir qədər də azaltmağa müəssər oldu. Hər bir Formula 1 çempionatını izləyən azarkeşə məlumdur ki, damalı bayrağı görməyənə qədər qələbə haqqında danışmaq əbəsdir.
Rəyykonen nə qədər pis start alsa da, ondan yaxşı start götürən Willimas komandasının pilotları, poulun sahibi Lyuis Həmiltonu da geridə qoymağı bacardılar.
İlk döngədə ingilis komandasının finlyandiyalı pilotu Bottasla toqquşan Həmilton bolidinin yerində fırlanması nəticəsində yeddinci yerə gerilədi. Başlanğıcda birinci yeri ələ keçirmiş Niko Rosberq Felipe Massa ilə aranı açmağı bacardı və özü üçün rahat liderliyi təmin etdi. Bərbad startdan sonra ğzünə gələn Kimi Rəykkonen Rikkardo və Bottası keçərək üçüncü yerə qalxamağa müvəffəq oldu.Yeddinci dövrədə ilk pit-stop edən pilot Rikkardo oldu.
Elə həmin dövrədə də McLaren-Honda pilotu Censon Batton bolidini trekin kənarında park etməli oldu.
Səkkizinci dövrədə pit-stopa yollanan Massa Həmiltona üçüncü yerin yolunu açmış oldu. Lyuis Massanın komanda yoldaşı Bottası arxada qoyaraq üçüncü yerə yiyələnmiş oldu. Onuncu dövrədən sonra pit-stoplar dalğası başladı. Eyni zamanda Bottas Həmiltonla toqquşmaya görə pit-leydən keçmə cəzasını aldı.
13-cü dövrədə Rəykkonen, bir dövrə sonra isə Rosberq və Həmilton pit-stopa yollandılar. Bu arada 17-ci dövrədə Haas komandasının pilotu Qrojan Massanı ötməyi bacardı. İlk pit-stop sonuncu yerinə yetirən pilot Dəniil Kvyat oldu. Elə həmin dövrədə də Hülkenberq ikinci pit-stopu gerçəkləşdirən ilk pilot oldu. 22 dövrədən sonra birinci onluq belə sıralanmışdı: Rosberq-Rəykkonen-Həmilton-Qrojan-Ferstappen-Massa-Vandorn-Bottas-Kvyat. İkinci pit-stoplar dalğası 25 dövrədən başlayaraq 31 dövrə kimi davam etdi.
Liderlərdə ikinci pit-stopa girən pilot Kimi Rəykkonen oldu. Sarı haşiyəli Soft təkələrinə keçən fin pilot sürətli dövrələr vuraraq lider Rosberqlə aranı azaltmağa başladı.
Bunu görən Mercedes komandasının rəhbərləri Rosberqi pitə çağıraraq onun da sarı haşiyəli təkərlərə keçməsini təmin etdilər. Nəticədə alman pilot ara məsafəni qorumağa müəssər oldu və mövsümün ikinci yarışını da qələbə ilə başa vurdu. Rəykkonen ikinci,Lyuis Həmilton isə üçüncü oldu.
Yarışın 36 dövrəsindən sonrakı dövrələr pilotlar arasında çoxsaylı mübarizələrlə yadda qaldı. Kvyat, Verlyayn, Qrojan rəqiblərini ötməyə müvəffəq oldular. Damalı bayraqadan sonra finiş xəttini keçmiş onluq növbəti şəkildə oldu: Rosberq-Rəykkonen-Həmilton-Rikkardo-Qrojan-Ferstappen-Kvyat-Massa-Bottas-Vandorn.
Bu qələbə Rosberqin bu mövsümdə ikinci qələbəsi və ardıcıq beşinci qələbəsi olmuşdur. Artıq alman pilot 16-cı qələbəsini qazanmış oldu. Mövsümün ikinci yarışından sonra pilotlar çempionatına 50 xalla Rosberq başçılıq edir.
Onu 33 xalla komanda yoldaşı Həmilton təqib edir. Üçüncü yerdə 24 xal toplamış Rikkardo, dördüncü yerdə isə 18 xalla Kimi Rəykkonen qərarlaşmişdır. Konstruktorlar kubokunda isı birinci üç yeri Mercedes-AMG, Ferrari və Red Bull Racing bölüşdürür.












