Təsnifat mərhələsindən sonra hər kəs iki Mercedes pilotunun üstünlüyü ilə keçəcək bir yarış gözləsə də, Britaniya havası bazar günü keçirilən yarışa öz damğasını vurmuş oldu. Yarışın başlamasına az qalmış müddətdə qısa, amma güclü yağış Çarli Uaytinqi yarışı təhlükəsizlik avtomobilinin müşayəti ilə başlamaq qərarını qəbul etmək məcburiyyətində qoydu.

Peletondakı bütün pilotlar trekdəki şəraiti nəzərə alaraq yarışı güclü yağış üçün nəzərdə tutulmuş şinlərlə başladılar. Beş dövrə təhlükəsizlik avtomobilin müşayəti ilə dövrə vuran pilotlar nəhayət altıncı dövrədən başlayaraq hücuma atıldılar. Pilotların əksər hissəsi trekin beş dövrə ərzində nisbətən sudan təmizləndiyini nəzərə alaraq, orta yağış təkərlərinə keçmək üçün pitə yollandılar. Bununla belə, liderlər trekdə qalaraq yarışa güclü yağış təkərləri ilə davam etirməyi üstün tutdular.

Bir dövrə sonra bir neçə pilot da pitə yollansa da, Həmilton, Rosberq, Ferstappen, Peres, Nasr və Eriksson yenə də trekdə qalmış oldular. Yeddinci dövrədə sürüşərək trekdən çıxan Paskal Verlyayn virtual təhlükəsizlik avtomobili rejiminin elan edilməsinə səbəb oldu. Fürsətdən istifadə edən Həmilton, Rosberq, Ferstappen, Peres, Nasr və Eriksson pit-stopa yollandılar.10-cu dövrədə Hülkenberqi üstələyən Bottas dövrənin sonunda idarəetməni itirərək yerində fırlandı və bir neçə mövqeyi əldən verdi.

14-cü dövrədə avtomobili ilə problem yaşayan Eriksson Verlyayndan sonra yarışı tərk edən növbəti pilot oldu. 16-cı dövrədə trekin quruduğuna qərar verən Fettel sliklərə keçən ilk pilot oldu. Bu arada Maks Ferstappen gözəl manevrlə Rosberqi keçərək ikinciliyə yüksəldi.

Fettelin pit-stopundan bir dövrə sonra bir çox pilot sliklərin arxasınca pitə yoillandılar. Pit-stoplar zamanı Renault komandası kiçik bir hadisə yaşadı - yerindən tərpənməyə çalışan Palmerin avtomobilindən sağ arxa təkəri çıxdı. Mexaniklər operativ olaraq bolidi boksa çəksələr də bu pilotu 10 saniyəlik stop&go cəzasından qurtara bilmədi.

18-ci dövrədə Həmilton, Rosberq, Rikkardo və Sayns pit-stopa gedərək sliklərə keçdilər, Ferstappen isə liderliyə yüksəlmiş oldu.

Bir dövrə sonra pit-stop edən Ferstappen yenidən ikinci sıraya düşdü. Bu arada əylənmədə səhvə yol verən Fettel bir neçə mövqeyi itirdi. 20-ci dövrədə avtomobilini 9-cü döngədə park edən Qrojan yarışı tərk etdi.

İlk döngədə qalan su bir neçə pilotun idarəetməni itirməsinə səbəb oldu. Belə ki, 24-ci dövrədə Alonso, 25-ci dövrədə Sayns, 26-cı dövrədə Haryanto, 27-ci dövrədə isə Həmilton və Ferstappen burada problem yaşamış oldular. Bu hadisələrdən sonra yarışdan kənar qalan yeganə pilot Haryanto oldu.

29-cu dövrədə Fettel Kvyatı keçdi. Bu zaman Rosberq Ferstappenə təzyiq göstərməyə başladı. Lakin, alman pilot gənc hollandiyalını keçə bilmədi. Öz növbəsində Fettel doqquzuncu yer uğrunda mübarizədə Massanı üstələmiş oldu.

Rosberq ancaq 39-cu dövrədə Maks Ferstappeni üstələyə bildi və ondan uzaqlaşmağa başladı. 46-cı dövrədə sürətlər qutusu ilə problem yaşayan Rosberq bir qədər hollandiyalını yaxın buraxsa da sonunda damalı bayrağı ikinci görən pilot oldu. Maks Ferstappen podiumun üçüncü pilləsinə qalxmağı bacardı.

Silversoun trekində üçüncü, mövsümdə isə dördüncü qələbəsini əldə etmiş Həmilton sevincindən yerə-göyə sığmırdı. Hətta, britaniyalı baryerləri keçərək azarkeşləri salamlamaq üçün qaydaları da pozmuş oldu. Beləliklə, Britaniya Qran Prsindən sonra pilotlar çempionatına Niko Rosberq başçılıq edir. Lyuis Həmilton isə iki ardıcıl qələbə sayəsində liderlə arasındakı fərqi 4 xala endirə bildi. Üçüncü yerə isə Ferrari pilotu Kimi Rəykkonen qalxmış oldu.

Komandalar çempionatında ilk üçlükdəki vəziyyət dəyişilməz qalır - lider Mercedesi, Ferrari və Red Bull təqib edir.