Formula 1 üzrə 67-ci dünya çempionatı dünən keçirilmiş Əbu-Dabi Qran Prisi ilə sona çatmışdır. İyirmi bir yarışlıq mövsümün sonuncu yarışını Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton qazanmışdır. Lakin, mükafatların təqdim edilməsi mərasimi zamanı qalib o qədər də xoşbəxt görünmürdü. Səbəb – sevinc və həyəcandan göz yaşlarını saxlaya bilməyən Niko Rosberq idi. Alman pilot sonunda peletonda bir çoxlarının xəyal etdiyi Dünya çempionu titulunu qazanmışdır.

Bildiyimiz kimi, Rosberq Əbu-Dabiyə gələrkən, onu əsas rəqibi və komanda yoldaşı olan Həmiltondan 12 xal ayırırdı. Belə fərq alman pilotun işini bir qədər asanlaşdırmışdı – Həmiltonun qələbə çalması və Nikonun podiumda finiş görməsi sonuncunun çempion olmasına bəs edirdi. Bir çoxları Nikonu qorxaqlıqda və cəsarətsizlikdə ittiham etsə də, alman pilot boş yerə risq etməməyi və qarşısında duran vəzifəni təmkinlə həll etməyi çalışmışdır. Buna missal olaraq son üç yarışı göstərmək olar - Niko sabitlik nümayiş etdirərək son üç yarışda ikinci olmağı bacarmışdır. Beləliklə, Rosberq nəinki xal üstünlüyünə, həmçinin müəyyən qədər psixoloji üstünlüyə malik idi.

Həmilton isə bunu gözəl anlayır və yeganə ümidinin Nikonu yavaşladaraq arxadan gələn pilotlara “yem” etmək olduğunu başa düşmüşdü. Elə bu səbəbədən də, son 20 dövrədə Həmilton yavaşlayaraq Red Bul Racing pilotlarının Rosberqə çataraq onu keçməsinə ümid edirdi. Lakin, Həmiltonun hesaba almadığı bir pilot da mövcud idi ki, bu da fərqli taktikanı seçmış Sebastyan Fettel idi.

İkinci pit stoplarda sonra liderliyə yüksəlmiş alman pilot sonuncu pit-stopunu  maksimum uzatmaq və yarışın sonlarını yumşaq və sürətli UltraSoft təkərləri ilə keçirməyi qərarlaşdırmışdı.

Həqiqətən də bu taktika özünü döğrultu və Sebastyan 37-ci dövrədəki ikinci pit-stopundan sonra birinci olaraq komanda yoldaşı Rəykkoneni, sonra isə Rikkardonu asanlıqla geridə qoymağı bacardı. Onun növbəti hədəfi RBR komandasının gənc və dəlisov pilotu Maks Ferstappen idi.

Fettel Maksın asanlıqla mövqeyini verməyəcəyini bilirdi - əvvəllər də bu pilotlar arasında gərgin mübarizələr olmuşdu. Lakin, bu dəfə Ferrari pilotu, yavaşlayan Həmiltonu nəzərə alsaq, real qələbə şansına malik idi.

Hətta, Fettelin əzmkarlığını müşahidə edən Pəddi Lou Həmiltona sürətlənmək barədə göstəriş versə də, sonuncu “boğulanın saman çöpündən yapışdığı” kimi yavaşlamaq qərarından döndərmədi. Digər tərəfdən Niko Rosberqin hücuma keçməməsinin də müəyyən səbəbləri var idi. Niko anlayırdı ki, Lyuis onu trekdən vurub çıxarmaqdan belə çəkinməyəcək və elə bu səbəbdən də onu ötmürdü.

Yarışın bitməsinə beş dövrə qala Ferstappenin müqavimətini qıran Fettel üçüncü yerə yüksələrək Rosberqə təhlükə yaratmış oldu.  Doğrudur, Mercedes rəhbərliyi Nikoya üçüncü yerində çempionluq üçün bəs etdiyini söyləyərək onu risq etməkdən çəkindirsə də , alman pilot öz həmyerlisinin hücumuna davam gətirə bildi. Çox güman ki, Fettel də həmyerlisinin çempion olmasını istədiyindən onu çox da sıxışdırmadı.

Beləliklə, Rosberq Həmiltonun hiylələrinə və Ferrari və Red Bull pilotlarının təzyiqinə davam gətirərək finiş xəttini ikinci keçərək dünya çempiotu titulunu qazanmış oldu. Podiumda sivnc göz yaşlarına boğulan Rosberq 33-cü dünya çempionu olmaqla yanaşı, həm də Qrehem və Deymon Hillərdən sonra, Formula 1 üzrə dünya çempionu olan ikinci ata və oğul cütlüyünü “təsis” etdi. Fürsətdən istifadə edərək Niko Rosberqə azarkeşlik edən oxucularımız kumirlətinin qələbəsi münasibəti ilə təbrik edirik!

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt