Söz verdiyimiz kimi, bu gün sürprizlərlə dolu bir yarış izləməyə müəssər olduq. Əlbəttə ki, yarışın taleyini həll edən an, əsəblərini cilovlaya bilməyən Lyüis Həmiltonun önu startda keçən komanda yoldaşı Niko Rosberqi vurub trekdən çıxartdığı an oldu. Mercedes pilotlarının mübarizədən kənarda qaldığı bir zamanda tale Red Bull və Ferrari pilotlarının üzünə gülməyə başladı. Startı inamla alan Red Bull pilotları Rikkardo və Ferstappen yarışa liderlik etməyə başladılar.
Onu da qeyd etmək lazımdır ki, yarışı uğursuz startla başlayan Kimi Rəykkonen, bəlkə də qələbə şansını bu anda itirmiş oldu. Nəzərə alsaq ki, Katalunyadakı trekdə ötməni həyata keçirmək çətin məsələlərdən biridir, o zaman startda qazanılan hər bir mövqe böyük qiymətə malikdir. Sonrakı hadisələr bunu bir daha təsdiq etdi - yarışın ortalarından başlayaraq sonuna qədər Red Bull və Ferrari pilotları arasında davam edən gərgin mübarizə bunun əyani sübutu oldu.
Düzdür, Red-Bull pilotlarına Ferrarilərdən uzaqlaşmağa, startdan sonra üçüncü yerə yüksəlmiş Toro Rosso komandasının ispan pilotu Karlos Sayns da kömək etmişdi.
Rosberq Həmiltonu geridə qoyur
Barselonadakı asfaltın cod olması çoxlu sayda pit-stopların yaşanacağından xəbər verirdi. Liderlik edən komandalar pilotları üçün iki müxtəlif strategiya seçmişdilər. Demək olar ki, həm Red Bull, həm də Ferrari iki və üç pit-stopdan ibarət strategiya hazırlamışdılar.
Yarışın əvvəlindən də pilotların üstünlüyü daha çox ağ haşiyəli Medium təkərlərinə verəcəyi bəlli idi. Yarışı yumşaq tərkibli Soft təkərləri ilə başlayan birinci onluğun 10-cu dövrədən başlayaraq pit-stopa getməsi də ehtimal olunurdu. Elə kütləvi pit-stopar da ehimal edildiyi kimi bu dövrədə başladı.
Ferrari pilotları Saynsı təqib edirlər
Sonrakı hadisələr də iki pit-stop taksikasını seçmiş pilotların daha şanslı olduğunu sübut etdi. Gənc Maks Ferstappenin və Kimi Rəykkonenin seçdiyi taktika, yarışı Medium təkərləri ilə davam etdırmək idi və iki pit-top strategiyası onlara komanda yoldaşlarını keçməyə imkan yaratdı.
Elə yarışın da ən həyəcan verici anları bundan sonra başladı. 12-ci dövrədə ilk pit-stoplarını edən Ferstappen və Rəykkonen irəlidə olan komanda yoldaşlarına yaxınlaşmağa başladılar.
Mercedes komandasının motorhoumda yığışan alman komandasının rəhbərliyi və pilotları baş vermiş hadisəni müzakirə edən zaman, Mercedesə daha bir zərbə 22-ci dövrədə Force İndia boldində alışıb yanan mühərrikdən gəldi.
Son yeddi yarışın qalibin qarşısını Həmilton aldı
Yarışın 25-ci dövrəsində Ferstappeni yaxalayan Fettel onu keçməyə cəhd etsə də bunu bacara bilmədi. 28-ci dövrədə Soft təkərlərinə keçən Rikkardo 3 pit-stop taktikasında olduğunu təsdiqləmiş oldu. Soft təkərinin maksimum 15-17 dövrə dözəcəyini hesab etsək 3-cü pit-stopun olması qaçınılmaz idi. Ondan iki dövrə sonra pit-stop edən Fetteldə Soft təkərlərini seçməklə Dəniel ilə eyni taktikada olduğunu bildirmiş oldu.
Komanda yoldaşlarının pit-stoplarından sonra liderliyə yüksələn Ferstappen və onu təqib edən Rəykkonen, müvafiq olaraq 35-ci və 36-cı dövrədə pit-stop edib yenidən Medium təkərlərini seçərək komanda yoldaşlarını taktiki olaraq üstələmiş oldular.
Rəykkonenə şans verməyən Maks Ferstappen
Sonradan üçüncü pit-stop edən Rikkardo və Fettel ancaq podiumun son pilləsi uğrunda gərgin mübarizə aparmalı oldular ki, bu mübarizəyə də son qoyan, yarışın bitməyinə 2 dövrə qalmış Red Bull bolidinin ömrünü sizlərə tapşıran arxa sol təkəri oldu.
Qeyd etmək lazımdır ki, İspaniya Qran Prisi ilk növbədə Ferrari və Red Bul pilotlarının birinci və üçüncü yer uğrunda apardıqları mübarizə ilə yadda qaldı. Yarışın 40-cı dövrəsindən sonra podiumun ilk pilləsinə çəxma şansının Maks Ferstappendə olduğu məlum idi.
Ona bu şansını həyata keçirməyə mane ola biləcək yeganə pilot təcrübəli Rəykkonen idi. Yarışın 43-cü dövrəsində liderliyi komanda yoldaşından təhvil alan gənc hollandiyalı, Kiminin təzyiqlərinə baxmayaraq, birinci yerini qoruyub saxlayaraq F1 karyerasındakı ilk qələbəsini əldə etmiş oldu.
Rikkardonun podium ümidinə son qoyan təkər
Podiumda istedadlı gənc pilotun sağında və solunda dünya çempionaları olmuş Rəykkonen və Fettel durmuşdular və bütün dünya F1 çempionatında ilk dəfə səslənən Niderlandın himnini dinləmiş oldu. Gənc pilot çıxış etdiyi yeni komandada ilk yarışında qalibiyyətə imza ataraq F1 dünyasına növbəti sensasiyanı yaşatmış oldu. Bu qələbə Red Bul rəhbərliyinin Kvyatı Ferstappenlə əvəzləməkdə haqlı olduğunu təsdiqləmiş oldu.
Bu yarış həmçinin Red Bull bolidinin daha güclü şassiyə malik olduğunu, yalnız TAG Heuer brendi altında iştirak edən Renault mühərriki sayəsində Mercedes və Ferrariyə uduzduğunu təsdiq etmiş oldu. Formula 1 çempionatının növbəti mərhələsi 27-29 may tarixlərində Monakoda keçiriləcək yarış olacaqdır ki, bundan sonra Bakıda Avropa Qran Prisi adı altında keçiriləcək F1 bayramı ilə bizi ancaq Kanada mərhələsi ayıracaqdır.












