Artıq hər bir azərbaycanlının həyəcanla gözlədiyi ana sayılı günlər qalmışdır. Bu günlərdə Formula 1 aləminin diqqəti, gələn həftə Bakı şəhərinin küçələrində keçirələcək Avropa Qran Prisindən öncəki mərhələ olan Kanada Qran Prisinə yönəlmişdir. Şənbə günü keçirilən sıralama turlarında poul-pozişn Mercedes-AMG komandasının Britaniyalı pilotu Lyüis Həmiltona qismət olmuşdur. Həmilton sıralama turlarının final mərhələsində dövrəni 1:12,812 zamanla başa vuraraq ilk yerdən start almaq hüququnu əldə etmişdir.
Bu günki yarışda Həmiltonla birlikdə ilk sıradan start alacaq pilotun onun komanda yoldaşı Niko Rosberqin olacağı da məlumdur. Mercedes komandasının alman pilotu 1:12,874 zamanla poulun sahibindən 0,062 saniyə geridə qalmışdır.
İki Mercedes pilotunun ardınca üçüncü yerdən start alan pilot Scuderia Ferrari komandasının alman pilotu Sebastyan Fettel olacaqdır. İtalyan komandasının alman pilotu 1:12,990 zamanla dövrəni başa vuraraq Mercedes pilotlarının arxasında yer almağı bacarmışdır.
Lakin, Ferrari komandasının digər pilotu Kimi Rəykkonen komanda yoldaşı qədər uğurlu ola bilməmişdir. Bu gün fin pilot yarışı altıncı yerdən başlayacaqdır.
Start xəttində Ferrari pilotlarını iki Red Bull pilotu bölmüşdür. Monako Qran Prisində komandanın səhvi ucbatından qələbəni əldən vermiş Daniel Rikkardo dördüncü , onun komanda yoldaşı Maks Ferstappen isə beşinci nəticəni göstərmişdirlər.
Start xəttindəki yeddinci və səkkizinci yerdən Williams pilotları Valteri Bottas və Felipe Massa start alacaqdırlar. İlk onluğu tamamlayan pilotlar Niko Hülkenberq (Force İndia) və Avropa Qran Prisinin səfiri Fernando Alonso (McLaren-Honda) olmuşdurlar.












