Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton Meksika Qran Prisində qalib gələrək karyerasındakı 51-ci qələbəsini əldə etmişdir. Həmilton qələbələrinin sayına görə, əfsanəvi pilot, “Professor” ləqəbli Alen Prostu geridə qoymuşdur. Artıq Lyuisin qarşısında digər bir rekorda çatmaq məsələsi durur: əfsanəvi pilot Mixael Şumaxerin 91 qələbədən ibarət rekordunu qırmaq məsələsi.

Ümumiyyətlə, Meksika Qran Prisi bir çox hadisələrlə yadda qaldı. Bunlardan ən maraqlısı podiumun üçüncü pilləsinin sahibinin kim olacağı məsələsi idi. İlk iki yerin sahibinin Həmilton və Rosberq olacağı artıq şübhə doğurmasa da, üçüncü pillənin, müharibədə yüksəkliyinin tez-tez əl dəyişdirməsi sayağı əl dəyişdirməsi bu yarışın ən əyləncəli anı oldu. Yarışın sonuna yaxın Fettelin hücumu zamanı səhvə yol verən Ferstappen trekdən çıxaraq yolunu qısaltdı və yenidən Fettelin qarşısında qayıtdı.

Mühəndisinin mövqeyini Fettelə verməsi xəbərdarlığına baxmayaraq Maks israrla üçüncü yerdə yarışı başa vurdu.

Podium hazırlıqları zamanı ekranda yarışın stüardlarının ona 5 saniyəlik cəza verdiyini oxuyan Ferstappenin üzündəki ifadə onun dilxor olduğunu açıq-aydın göstərirdi. Sonunda F1 stüardlarının, bu ərköyün uşağa çempionatın yazılmış və yazılmamış qaydalarına əməl etməyın vacib olduğunu başa salmağa cəsarəti çatdı. 

Bu qərardan sonra Fettel podiumun üçüncü pilləsinə qalmağa müvəffəq oldu. Ferstappen gözləmə otağından çıxarılıdı və onun yerinə Fettel gətirildi. Elə bilirsiniz iş bununla bitdi? Xeyir! Sən demə, Fettel Rikkardo ilə mübarizədə “Maks Ferstappen qaydasını” pozmuşdu və stüardlar bu səbəbdən Fettelə 10 saniyəlik cəza yazmış oldular. Beləliklə, üçüncü yer yeni sahibinə - Dəniel Rikkardoya ötürülmüş oldu.

Yarışın başlanğıcı da sonu kimi bir qədər xaotik oldu.

Yaxşı start almış Həmilton birinci döngəyə çatanda sərt əyləcləmə edərək trekdən çıxdı və çəmənliklə davam etdi. Yaxşı start almış Maks Ferstappen Rosberqi sıxışdırdı və nəticədə bolidlərin təması səbəbindən Niko da çəmənliyə çıxmış oldu. Bu insidenti araşdıran stüardlar  onu “yarış hadisəsi” kimi qiymətləndirdilər.

Bununla belə, arxa sıralarda Verlyayn ilə Erikssonun qəzası əvvəlcə virtual, sonra isə əsil təhlükəsizlik avtomobili rejiminin elan edilməsi ilə müşayət olundu. Əslində bu qəzadə hər iki pilotun günahı yox idi - əsas səbəbkar Verlyaynın avtomobilinə toxunan Esteban Qutyerres idi.

VSC rejiminin əsil təhlükəsizlik avtomobilinin keçməsindən ilk istifadə edən pilot Rikkardo oldu. O, Medium şinlərinə keçdi. Restart anına olan ilk onluq belə sıralanmışdı: Həmilton, Rosberq, Ferstappen, Hülkenberq, Rəykkonen, Massa,  Fettel, Bottas, Peres, Sayns.

Ən maraqlısı o idi ki, Qutyerresə heç bir cəza gəlməsə də, Sayns Alonsonu trekdən çıxardığına görə 5 saniyəlik cəza aldı. 22-ci dövrədə Red Bull rəhbərliyi Rikkardoya daha təzə təkərləri olan Ferstappeni irəli buraxmaq əmrini verdi.

 Lakin, Rosberq artıq kifayət qədər məsafəni açmışdı və komandanın bu qərarı bir qədər gecikmiş oldu. 33-cü dövrədə başa çatan ilk pit-stoplar dalğasında sonuncu təkər dəyişən pilot Sebastyan Fettel oldu. İlk pit-stoplardan sonra liderlik edən onluq növbəti kimi sıralanmışdı: Həmilton, Rosberq, Ferstappen, Rikkardo, Rəykkonen, Fettel, Hülkenberq, Bottas, Massa və Peres.

Ferstappen 37-ci dövrədə Nikonu sıxışdırmaq şansını əldə etsə də, alman pilot tempi artıraraq hollandiyalıdan uzaqlaşdı. Yarışın ikinci seqmentində ən maraqlı mübarizə doqquzuncu yer uğrundan Massa ilə yerli pərəsişkarların qəhrəmanı Peres arasında gedən çəkişmə idi. Meksikalı braziliyalını bir neçə dəfə birinci döngədə keçməyə cəhd etsə də, eyni ilə Mercedes mühərrikinə sahib olan Willimas pilotu hücumları dəf etməyi bacardı.

50-ci dövrədə dairəvi Saynsı ötməyə çalişan Rosberq təkərlərini qapatdı və Ferstappen bundan istifadə etməyə çalışdı. 

Lakin, Maks əylənmədə səhv edərək yoldan çıxıdı və Rosberqlə ara məsafəsini itirmiş oldu. 56-cı dövrədə mavi bayraqlara saymamazlıq göstərdiyinə görə stüardlar Kvyata beş dəqiqəlik cəza verdilər. Yarışın sonlarında diqqətlər Ferstappen, Fettel və Rikkardo üçlüyünə yönəldi.

Ferstappeni haqlayan Fettel olnu ötməyə cəh etsə də hollandiyalı döngəni kəsərək yerini qorumuş oldu. Sonrakı hadisələr barədə artıq yuxarıda məlumat vermişik. Mövsümün növbəti yarışı 13 noyabr tarixində Braziliyada keçiriləcəkdir.

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt