Beləliklə daha bir həftəsonu arxada qaldı və Mercedes-AMG komandasının alman pilotu Niko Rosberq dünən qazandığı ikinci poulu qələbəyə çevirərək F1 karyerasındakı 18-ci, bu mövsümdə dördüncü qələbəsini əldə etmiş oldu. Alman pilot, həmçinin keçən mövsümün sonunda başlayan qələbələr seriyasını davam etdirmiş oldu. Rusiya Qran Prisində əldə etdiyi qələbə, Rosberqin ardıcıl olaraq qazandığı yeddinci qələbədir və bu göstəriciyə görə o həmyerlisi yeddiqat dünya çempionu Mixael Şumaxerə çatmış oldu.

Soçidə keçirilən yarış da bundan əvvəlki üç yarış kimi hadisələrlə bol oldu. Uğurlu start alan Rosberq liderliyini qorusa da, onun arxasında start almış iki fin pilot - Bottas və Rəykkonenin mübarizəsindən sonuncu qalib çıxmış oldu. Rəykkonenin komanda yoldaşı Fettelin startı da uğurlu oldu. Red Bull pilotu Rikkardo ilə mübarizə aparan alman pilot, digər Red Bull pilotu Dəniil «Yarbala» Kvyatın qurbanı oldu - rus «torpedosu» Fettelin «gəmisini» ikinci döngədə vursada, alman pilot yarışa davam edə bildi.

Lakin ürəyi bununla soyumayan Kvyatın üçüncü döngədə göndərdiyi növbəti «torpedo» hədəfi sıradan çıxarmağa müəssər oldu. Yerində dönən Ferrari bolidi baryerlərlə toqquşaraq trekin kənarında durdu. Bundan sonra, necə deyərlər, Fettelin gül ağzı açılmış oldu və alman pilotun xalq folkloru ilə bol olan monoloqu başladı. Son iki yarışda Fettel və Kvyat arasında baş vermiş hadisədən sonra, rus pilotun qırmızı rəngə boldinin üzərindəki öküz sayağı reaksiya verdiyini söyləmək olar.

Dəniil Kvyat - sür ala, mənəm də Dəniil!

Fettelin qəzası öz növbəsində digər qəzalara da səbəb oldu - Peres, Qutyerres, Rikkardo və Kvyat da avtomobillərini qaydaya salmaq üçün pit-stopa yollanmalı oldular. Lakin, trekə səpələnmiş çoxsaylı qırıntıların və Fettelin boldinin yığışdırılmasını təmin etmək üçün yarış rəhbərliyi trassaya təhlükəsizlik avtomobilini buraxmaq məcburiyyətində qaldı. Dördüncü dövrədə pilotlar mübarizəni yenidən davam etdirdilər - Bottas Rəykkoneni, Həmilton isə Massanı ötməyə müvəffəq oldular. Öz növbəsində Eriksson ilə Kvyat arasında gərgin mübarizənin şahidi olduq - ötmələr mübadiləsinin sonunda Merkus Dəniili geridə qoymağı bacardı. Yeddinci dövrədə Kiminin Bottasla mübarizəsindən istifadə edən Həmilton Rəykkoneni keçməyi bacardı. Doqquzuncu dövrədə isə Kvyat 10 saniyəlik «Dur&Get» cəriməsini çəkməyə yollandı. Bu yarışda cəza alan təkcə rus «torpedosu» olmadı - 24 dövrədə Palmeri trekin kənarına «gəzməyə göndərən» Sayns 10 saniyəlik cəzaya layiq görüldü. İ kinci döngədə yarış rəhbərliyinin tövsiyyə etmədiyi yerdən treka qayıdan Felipe Nasr da 5 saniyəlik cəzadan nəsibini almış oldu.

Kvyatın hoqqabazlığı digər pilotlara baha başa gəldi

33-cü dövrədə texniki problemlərin ilk qurbanı gənc Maks Ferstappen oldu. Bu arada Rosberqin bir qədər yavaşladığını görən Həmilton tempi artırmağa başldı və liderlə olan 10 saniyəlik fərqi azaltmağa nail olmuşdu ki ... Ueyn Runi topu mərkəzdən oyuna daxil etdi.

Bəli, əziz oxucularımız, məhz AzTV İdman kanalında Rusiya Qran Prisini izləyənlər belə bir mənzərənin şahidi oldular. Səbəbini bilməsək də, sən demə kanal rəhbərliyi F1 azarkeşlərinə xüsusi «sürpriz» hazırlayıbmış.  Çox güman ki, kanal rəhbərliyi Rosberqin fanatı olduğundan acığa düşüb yayımı yarıdan kəsmişdi. AzTV İdman rəhbərliyinin əsəbləşdiyini eşidən Mercedes komandasının mühəndisi Həmiltona suyun təzyiqinin aşağı düşdüyü bildirdi və yavaşlamağı məsləhət gördü. Nəticədə Lyuis liderdən 10 saniyədən bir az çox geri qaldıqdan sonra təzyiqin qaydaya düşdüyü xəbərini aldı. Yəqin ki, finişdən sonra Həmiltonun çöhrəsində olan dilxorluq əlamətlərinə səbəb komandanın onu qəsdən yavaşlatdığı barədə qənaətə gəlməsi olmuşdur.

Hər-halda yaxın vaxtlarda, ardıcıl olaraq problemlər yaşayan Lyuisin «Bəxtiyar» filmindəki Yusifin «şampanskisi» kimi partlamasının  şahidi ola bilərik.

Kimi fürsətdən istifadə edib boğazını «yaşlayır»

Beləliklə, ilk dörd yarışda 100 faizlik nəticə göstərən Rosberq (100 xal) pilotlar çempionatındakı yerini möhkəmlətməyə müəssər olmuşdur. O, ən yaxın rəqibi olan komanda yoldaşı Həmiltonun 43 xal önündədir. Podiumda finişi sayəsində Kimi Rəykkonen (43 xal) çempionatda üçüncü yerə yüksələ bilmişdir. Onu Red Bull Racing pilotu Dəniel Rikkardo (36 xal) və komanda yoldaşı Fettel (33 xal) təqib edirlər. Konstruktorlar kubokunda 157 xal toplamış Mercedes AMG F1 Team komandası arxayınlıqla liderliyini davam etdirir. Alman komandasını izləyən Scuderia Ferrari 76 xalla ikinci, Red Bull Racing isə 57 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi 13-15 may tarixlərində İspaniyadakı Barselona-Katalunya  trekində keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt