Suzukada keçirilən Yaponiya Qran Prisinin təsnifat mərhələsi Mercedes-AMG komandasının almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə nəticələnib. Onun komanda yoldaşı Lyuis Həmilton ikinci, Scuderia Ferrari komandasının fin pilotu Kimi Rəykkonen isə üçüncü nəticə göstərmişdirlər.

Honda şirkətinə məxsus olan Suzuka trekindəki sıralama turlarının ilk seqmenti McLaren Honda komandası üçün faciəvi başlayıb - Censon Batton ilk mərhələni adlaya bilməmiş, Fernando Alonso isə 15-ci nəticəni göstərərək ikinci seqmentdə sıralamalarla sağollaşmalı olmuşdur. Bu Uokinqdən olan komanda üçün o qədər də ürəkaçan hal deyildir - McLaren Honda mütləq bu trekdə öz gücünü nümayiş etdirməlidir. Battonla birlikdə ilk mərhələdə sıralamaları tərk edən pilotlar Maqnussen, Eriksson, Nasr, Okon və Verlyayn olmuşdurlar.

Mercedes pilotları, həmişə olduğu kimi, ikinci seqmentdə də rəqibləri üzərindəki böyük üstünlüklərini bir daha nümayiş etdirmişdirlər - Niko Rosberq dövrəni 1:30,714 zamanla başa vuraraq protokola başçılıq etmişdir. Onun komanda yoldaşı Rosberqdən cəmi 0,4 saniyə geridə qalmışdı.  Ferrari, Red Bull və Haas pilotları rahatlıqla üçüncü seqmentə adlamışdırlar. Haas komandasından belə nəticəni, açığı, kimsə gözləmirdi. Üçüncü seqmentə adlayan sonuncu pilotlar Force İndia komandasının pilotları Niko Hülkenberq və Serxio Peres olmuşdurlar. 

Üçüncü seqment daha çox pilotlar arasında olan sıx nəticələrlə yadda qaldı. İlk cəhddən 1:30,758 zamanı göstərən Lyuis Həmilton komanda yoldaşı Rosberqi üstələməyə nail olmuşdur. Ən maraqlısı da odur ki, Rosberq, Rəykkonen, Fettel, Ferstappen və Rikkardo 0,5 saniyə içərisində yerləşə bilmişdirlər. İkinci cəhddə bütün pilotlar nəticələrini yeniləməyə müvəffəq oldurlar.  Rosberq 1:30,67 zamanla poula sahiblənmişdir. Sabahkı yarışda Rosberq və Həmilton ilk sıradan start alacaqdırlar. İkinci cərgədən Ferrari pilotları Rəykkonen və Fettel, üçüncü cərgədən isə Ferstappen və Rikkardo start götürəcəklər. Bundan  əlavə, ilk onluğa daxil olan pilotlar belə sıralanmışdırlar :Serxio Peres, Roman Qrojan, Niko Hülkenberq və Esteban Qutyerres. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt