Rusiyanın Motor saytı Reddit adlı istifadəçiyə istinadən «gələcəyin pedalları» adlandırılan detalların şəklini dərc edib. Ideya müəllifi 3D-modelləşdirilməsi yolu ilə hazırlanmış pedalın Formula 1 bolidi üçün nəzərdə tutulduğunu iddia edir. 30 qram çəkiyə malik olan pedal hörümçək toruna bənzəyən struktura malikdir.
Pedalın təsvirində, onun tərkibində vanadium, alüminium, dəmir, oksigen, karbon, azot, hidrogen və ittirium olan titan ərintisindən hazırlandığı bildirilib. Hörümçək toruna bənzəyən qeyri-adi quruluşu sayəsində 30 qramlıq pedal sərtliyinə görə ənənəvi pedallardan geridə qalmır. İki gün çəkən mürəkkəb istehsal prosesi ucbatından bir detalın qiyməti 150 min dollar təşkil edir.
Xəbəri yayan müəllifin sözlərinə görə, şəkildə təsvir edilmiş prototiplər F1 bolidinin tamölçülü detalından fərqlənir. Formula 1 çempionatında iştirak edən komandaların xərclərin azaldılmasına istiqamət götürdüyünə görə, onların belə pedalları almaq fikrindən uzaq olduqlarını söyləmək olar. Belə çıxır ki, ideya müəllifi, atalarımız demişkən, «papağını boş yerə günə yandırıb».
Mənbə: Motor