Dassault Falcon təyyarəsi bütün seqmentlərdə eyni dərəcədə yaxşıdır. Fransız istehsalçısının bütün təyyarələri üçün salonun ən yüksək keyfiyyətli tərtibatı xarakterikdir. Dassault şirkəti tərtibat üçün ən qiymətli ağac növlərindən hazırlanmış şpondan istifadə edir.
"Falkonları" Rafale qırıcıları ilə eyni istehsal xəttində inşa edirlər, müvafiq olaraq, onların konstruksiyasında da qırıcılara xas olan yüngüllük və möhkəmlik öz əksini tapıb. Cetlər uzun istismar müddətinə malikdirlər, lakin "sinif yoldaşlarından" orta hesabla 10% baha başa gəlirlər - bu, texnologiyalara görə ödənişdir.
Artıq sizi Falcon 8X ceti ilə tanış etmişik, bu gün isə Falcon 2000S modeli haqqında danışacağıq. Bu model 2011-ci ilin may ayında EBACE (European Business Aviation Convention & Exhibition) sərgisində anons edilmişdi. İstehsalçı onu başlanğıc səviyyəli super orta biznes ceti kimi mövqeləndirir.
Falcon 2000S, fransız şirkətinin Easy II avionikası və FalconCabin HD + əyləncə sistemi da daxil olmaqla, standart funksiyalarının tam dəsti ilə təchiz olunur. Eyni zamanda, təyyarə BMW Group DesignworksUSA tərəfindən hazırlanmış sərnişin salonunun yeni konfiqurasiyasına malikdir. Reaktiv təyyarə Pratt Whitney Canada PWC308C reaktiv mühərrikləri ilə təchiz edilir.
Təyyarənin salonu 19 sərnişini qəbul etmək üçün nəzərdə tutulmuşdur, amma standart olaraq ön hissədə dörd kreslo, arxada isə, dörd kreslo və ikiyerli divan olan variant qəbul edilib. Bu təyyarənin uçuş xarakteristikaları da mükəmməldir.
"Müştərilər yüksək məhsuldarlıqlı iri biznes təyyarələrinin salonunu, uzaqlığını və sürətini əldə edəcək, eyni zamanda, turbovintli təyyarələr üçün nəzərdə tutulan hava limanlarından da istifadə edə biləcəklər",- Dassault şirkətindən bildiriblər. - "Bu xüsusiyyətlər Falcon 2000S təyyarəsinə məsafəni və müxtəlif marşrutları, hava limanlarını seçimək üçün böyük imkanlar verir".
Falcon 2000S, sinifindəki digər biznes cetlərdən daha çox hava limanına girişə malikdir. 0.80 Max (850 km/saat) kreyser sürətinə malik olan Falcon 2000S, altı sərnişin ilə 3350 dəniz mili (təxminən 6200 km) qət edə bilər.
Maksimum uçuş çəkisi 41.000 funt (18.597 kq) olan təyyarənin qalxış zolağının uzunluğu 4.325 fut (1320 m) təşkil edir. Cet 19 dəqiqə ərzində 41.000 fut (12.5 km) yüksəkliyə qalxa bilər və onun adi kreyser hündürlüyü 45.000 fut (13.700 km), təsdiqlənmiş tavanı isə 47.000 futdur (14.325 km).
Təyyarə maksimum qalxış çəkisinin 95 faizi və ya 39.300 funt (17.826 kq) ilə eniş edə bilər ki, bu da uçuşa daha çox yanacaq götürməyə imkan verir və bu təyyarənin operatorlarını çevikliklə təmin edir. Bundan əlavə, eniş sürəti 107 düyün (315 km/saat) olan Falcon 2000S mürəkkəb və dik qlissadaları və qısa uçuş-eniş zolaqları olan hava limanlarına enməyə qadirdir.
Adi halda Falcon 2000S üçün uzunluğu cəmi 2,315 fut (705 m) olan uçuş-eniş zolağı tələb olunur. Bu, adi super orta biznes təyyarələrinin tələb etdiyindən azdır və adi turbovintli təyyarələr ilə müqayisə edilə bilər.
Sərnişinlər geniş baqaj bölməsini, təyyarədəki əyləncə sistemini və rahat daxili işıqlandırmanı yüksək qiymətləndirəcəklər. Falcon 2000S də, bütün Dassault təyyarələri kimi, qiymətli ağac şponundan istifadə etməklə tərtib olunmuş son dərəcə yüksək keyfiyyətli salona malikdir.
Dassault Falcon 2000S təyyarəsinin təxmini qiyməti 27,7 milyon dollardan başlayır.