Çinin FAW şirkətinin Bestune ailəsinə bu markanın ən bahalı və mütərəqqi modelləri daxildir. Bu günə qədər bu ailənin tərkibinə T33 və T77 indeksli krossoverlər daxil olub. Bu günlərdə çin markası özünün bayraqdar krossoveri olan T99 modelini təqdim edib.
FAW Bestune T99 modeli ölçülərinə görə Range Rover Velar modelinə yaxındır. Krossoverin uzunluğu 4800 mm, eni - 1915 mm, hündürlüyü isə, 1685 mm təşkil edir. Krossoverin təkər bazasının uzunluğu 2870 mm bərabərdir. Lakin, çin krossoveri daha sadə platformaya, köndələn yerləşən mühərrikə və ön ötürməyə malikdir. Bütün asqılar müstəqil olsalar da, tam ötürməli versiyanın buraxılması nəzərdə tutulmayıb.
Bestune T99 interyerin üç tərtibat variantına malikdir: standart, lyuks və sport. Variantlar yalnız müvafiq dekorları ilə fərqlənirlər. Sürücünün gözü qarşısında yeganə panel altında birləşdirilmiş iki 12,3-düymlük displey yerləşir. Onlardan biri cihazlar panelinin, digəri isə multimedia sisteminindir. Mərkəzi konsolda yerləşən sensorlu displey klimat-kontrolun, oturacaqların qızdırılmasının və bir sıra ikinci dərəcəli funksiyaların idarə edilməsi üçün nəzərdə tutulub.
Bundan başqa, yeni krossover holoqrafik D-Life proyektoruna malikdir - bu ön paneldə holoqram şəklində çıxan elektron yardımçıdır. Sürücü üç personajdan birini seçə bilər. Bütün yardımçılar səs komandalarını anlayır və multimedia ilə havalandırma sistemini idarə etməyə imkan verirlər. Salon güzgüsünü isə, arxa kameralardan görüntünü qəbul edən displey əvəzləyib.
Texniki cəhətdən hər şey çox sadədir. Krossover 224 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən yeganə 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Güc aqreqatı Shengrui firmasının Ricardo mühəndislik bürosu ilə birlikdə hazırladığı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Avtomobilin yerli bazardakı satışlarına bu ay başlanmalıdır.