Fiat Chrysler Automobiles (FCA) və Peugeot Citroen (PSA Group) alyansları keçən ilin sonunda birləşəcəklərini elan ediblər. İndi isə, tərəflər yeni birliyin adını açıqlayıblar - Stellantis. Bu ad latıncadan götürülmüş "stello" ("ulduz") sözündən yaranmışdır.
Fiat Chrysler Automobiles (FCA) konserni və Fransanın avtomobil nəhəngi olan PSA Peugeot Citroen alyansları arasındakı sövdələşmənin qiyməti 50 milyard dollar təşkil edir. Birləşmə prosesinin başa çatmasına il yarım vaxtın tələb olunacağı gözlənilir. Bundan sonra, yeni yaradılmış konsern, Volkswagen Group, Toyota Motor və Renault-Nissan-Mitsubishi alyansından sonra dünyanın dördüncü ən iri avtomobil istehsalçısı olacaqdır.
Birləşmənin məqsədinin əməliyyat xərclərinin azaldılması və son mənfəətin artırılması olmasına baxmayaraq, iki sənaye nəhənginin bir konqlomeratda birləşməsi heç bir müəssisənin bağlanması ilə müşayət olunmayacaqdır. Avtomobil konqlomeratını 11 nəfərdən ibarət şura idarə edəcəkdir. Üzvlərdən beşi PSA tərəfdən, beşi isə FCA tərəfdən olacaqdır. Yeni şirkətə PSA Group-un indiki başçısı Karlos Tavares rəhbərlik edəcəkdir. FCA alyansının rəhbəri Con Elkann direktorlar şurasının sədri olacaqdır.