Fiat Chrysler Automobiles (FCA) konserni və Fransanın avtomobil nəhəngi olan PAS Peugeot Citroen alyansı tam birləşmək barədə razılığa gəliblər. Sövdələşmənin qiyməti 50 milyard dollar təşkil edir. Birləşmə prosesinin başa çatmasına il yarım vaxtın tələb olunacağı gözlənilir. Bundan sonra, yeni yaradılmış konsern, Volkswagen Group, Toyota Motor və Renault-Nissan-Mitsubishi alyansından sonra dünyanın dördüncü ən iri avtomobil istehsalçısı olacaqdır.
Birləşmənin məqsədinin əməliyyat xərclərinin azaldılması və son mənfəətin artırılması olmasına baxmayaraq, iki sənaye nəhənginin bir konqlomeratda birləşməsi heç bir müəssisənin bağlanması ilə müşayət olunmayacaqdır. Avtomobil konqlomeratını 11 nəfərdən ibarət şura idarə edəcəkdir. Üzvlərdən beşi PSA tərəfdən, beşi isə FCA tərəfdən olacaqdır. Yeni şirkətə PSA Group-un indiki başçısı Karlos Tavares rəhbərlik edəcəkdir. FCA alyansının rəhbəri Con Elkann direktorlar şurasının sədri olacaqdır.
Daxili analitiklərin hesablamalarına görə, birləşmədən alınacaq maksimum iqtisadi effektə dörd il ərzində əldə edilməlidir. Ümumilikdə 2,8 milyard avroya qənaət etməyin mümkün olacağı gözlənilir. 2018-ci ilin məlumatlarına əsaslansaq, yeni konsernin ümumi gəliri 170 milyard, satışları isə ildə 9 milyon avtomobil təşkil etməlidir.
Bundan başqa, avtomobil sənayesində ciddi dəyişikliklərin baş verəcəyini gözləmək olar: çox güman ki, alyansın daxilində platforma və mühərriklərin hərtərəfli aktiv istifadəsinə başlanacaqdır. Günlərin birində Alfa Romeo platformasında inşa edilmiş və Hellcat mühərriki ilə hərəkətə gələn Opel pikapını görsəniz təəccüblənməyin...