Volkswagen konserninin sabiq başçısı Ferdinand Piex 82 yaşında vəfat edib. Frankfurter Allgemeine, Bild, Handelsblatt kimi alman KİV-lərinin verdiyi məlumata əsasən, ailəsi ilə birlikdə Rozenhaym şəhərinə xüsusi tədbirdə iştirak etmək üçün gəlmiş Piexin halı şam yeməyi zamanı piləşib. Təcili yardım onu hospitala çatdırsa da, həkimlərin səyi nəticə verməyib. Ferdinand Piex 26 avqusta keçən gecə vəfat edib və onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Ferdinand Piex istedadlı mühəndis və avtomobil sənayesinin ən effektiv idarəçilərindən biri olub. O, 1937-ci ildə Avstriyada dünyaya göz açıb və iki nüfuzlu ailənin varisi olub. Onun atası vəkil Anton Piex, anası isə Ferdinand Porşenin qızı Luiza Porşe olub.

Piex əmək fəaliyyətinə 1963-cü ildə Porsche şirkətində başlayıb. O, alman şirkətində yarış avtomobilləri ilə məşğul olub. Bundan sonra, o, öz mühəndislik bürosunu təsis edərək, Daimler konserninin sifarişi ilə beşsilindrli dizel mühərrikini hazırlayıb. 1972-ci ildə Piex Audi şirkətinə keçib. O, Audi 80 və 100 modellərinin, həmçinin quattro tam çəkiş sisteminin aparıcı mühəndislərindən biri olub.

1993-cü ildə Piexi müflis elan edilməyin bir addımlığında olan Volkswagen konserninin İdarə heyətinin sədri vəzifəsinə dəvət ediblər. Sərt tədbirlərə əl atan Ferdinand konserni müflis olmaqdan xilas edib və alman konsernini ən iri avtomobil istehsalçılarından birinə çevirib. Məhz Piex Lamborghini, Bentley və Bugatti markalarının əldə edilməsinin təşəbbüskarı olub.

2002-ci ildə Piex vəzifəsindən istefa verərək, konsernin müşahidə şurasının başçısı vəzifəsinə keçib. O, əvvəlki kimi böyük nüfuza malik idi və qəbul edilən qərarlara təsir edə bilirdi. Eyni zamanda o, səhmdarlar arasında Porşe və Piex ailələrinin baş təmsilçisi idi. 2015-ci ildə konsernin o zamankı başçısı Martin Vinterkorn və idarə heyətinin digər üzvləri ilə münaqişə yaşayan Piex bütün vəzifələrindən istefa verib.

1999-cu ildə Ferdinand Piex avtomobil sənayesində XX əsrin ən yaxşı idarəçisi seçilib. 2014-cü ildə onu Detroytdakı Avtomobil sənayesinin şərəf lövhəsinin üzvləri siyahısına daxil ediblər.

Mənbə: Frankfuter Allgemeine