Formula 1 üzrə dünya çempionatını izləyən hər bir kəs, keçən həftənin bazar günü keçirilmiş ilk yarışın 17-ci dövrəsində baş verən toqquşmaya şahid olmuşdur. Bilindiyi kimi, McLaren-Honda komandasının pilotu və 2016-cı il Avropa Qran Prisinin Rəsmi Elçisi Fernando Alonsonun bolidi yeksək sürətlə Haas F1 komandasının pilotu Esteban Qutyeressin bolidi ilə toqquşaraq havaya qalxmış və uçaraq baryerlərə çırpilmışdır. Çox şanslı olan ikiqat dünya çempionu belə bir dəhşətli qəzadan zədəsiz qurtula bilmişdir.
İspan pilotunun azarkeşlərinin sevindiyi an, Alonsonun bolidi sərbəst şəkildə tərk etməsi və baş barmağını qaldıraraq hər şeyin qaydada olduğunu bildirdiyi an olmuşdur. Avtomobilin qalıqlarına nəzər saldıqda, həqiqətən də ispan pilotun bəxtinin gətirdiyini açıq-aydın söyləyə bilərik. Bu qəza həmçinin, Formula 1 bolidlərinin təhlükəsizlik səviyyəsinin yüksək və bu yarışların təhlükəli olduğuna dəlalət edir.
Bunu sübut etmək üçün 15 il bundan öncə, elə Melburnda Ralf Şumaxerlə Jak Vilnyov arasında olan qəzanı da misal gətirmək olar. O zaman pilotlar xəsarətsiz qurtulsa da, bu qəza marşalın həyatına son qoymuşdu.
İspan pilot keçirdiyi qəzadan sonra Azərbaycanlı azarkeşlərindən aldığı saysız-hesabsız dəstəyə görə minnətdarlığını belə ifadə edib: «Son iki gündə Azərbaycandakı azarkeşlərimdən aldığım dəstəyə görə təşəkkürümü bildirirəm. Bazar günü keçirdiyim qəzada ciddi zədə almadığıma və sağ qaldığıma görə şükr edirəm.
Belə hadisə hər bir yarış pilotunun başına gələ bilər, lakin Azərbaycandakı fanatlarım da daxil olmaqla çoxsaylı azarkeşlərimdən aldığım dəstək məni ruhlandırdı.
Odur ki, indi bir daha Baklda ilk dəfə olaraq keçiriləcək Formula 1 yarışınının Rəsmi Elçisi olmaqdan qürur duyduğumu bildirirəm və yaydakı yarışlarda fanatlarımın qarşısında yarışmağı səbrsizliklə gözləyirəm».












