McLaren komandasının pilotu, ikiqat dünya çempionu Fernando Alonso gələn ilin yanvarında “Daytonanın 24 saat” marafonunda çıxış edəcəkdir. İspan pilot bu yarışda United Autosport komandasını təmsil edəcəkdir.
Alonso karyerasında ilk dəfə olaraq Ligier JS P217 prototipinin sükanı arxasına əyləşəcəkdir. Onun komanda yoldaşları isə, McLaren komandasının təsis etdiyi gənc pilotlara dəstək proqramının üzvü Lando Norris, həmçinin “Le Manın” asiya seriyasının LMP3 kateqoriyasında qüvvədə olan çempionu Fil Hanson olacaqdır.
United Autosports komandası McLaren komandasının rəhbəri Zak Braun və yarışçı Riçard Din tərəfindən yaradılmışdır. Komanda “Daytonanın 24 saatı” marafonunda iki prototiplə çıxış edəcəkdir. İkinci Ligier prototipini Uill Ouen və Williams komandasının ehtiyat pilotu Po di Resta idarə edəcəkdirlər.
Bir müddət bundan əvvəl Fernando Alonso McLaren komandası ilə müqaviləsini uzadıb. Alonso artıq okeanın o tayında keçirilən yarışlarda iştirak etməyə imkan tapıb. Monako Qran Prisini buraxan ispan pilot “Indy 500” yarışına qatılıb.
Yarışda 27 dövrə liderlik edən Alonso, sonunda Honda mühərrikinin iflas etməsi ilə qələbə şansını itirib. Buna baxmayaraq, o yarışın ən yaxşı debütantı seçilib.