Bu günlərdə McLaren komandası ilə müqaviləsini uzadan Fernando Alonso karlos Saynsın Renault komandasında uğurlu debütündən danışıb. İkiqat dünya çempionu gənc həmyerlisinə ismarıc göndərməyi də yaddan çıxarmayıb.

Keçən həftəsonu boyunca fransız komandasında ilk yarışına çıxan gənc ispan pilot sıralamalarda səkkizinci, yarışda isə yeddinci yeri tutub. Bu mövsümdə 54 xal toplayan Karlos Sayns pilotlar birinciliyində doqquzuncu yeri tutur. Mövsümdə uğursuzluqlarla mübarizə aparan Fernando Alonso isə 10 xalla 16-cı yerdədir.

«Mənim üçün onun Ostindəki güclü çıxışı heç də sürpriz olmadı, - ispan Movistar telekanalına müsahibə verən Alonso bildirib. - Onun güclü olduğundan başqa deməyə sözüm yoxdur. Lakin gələn il Karlosa asan olmayacaqdır, çünki McLaren Renault’dan öndə olacaqdır. Hələki məndən öndədir, qoy bu anlardan həzz alsın».