Ferrari elektrikləşdirmə prosesinə qoşulsa da, ənənəvi V12 atmosfer mühərrikindən imtina etmək niyyətində deyil. Birincisi, belə mühərrik Ferrari Purosangue krossoverində quraşdırılır, ikincisi, sadə ada malik olan yeni Ferrari 12Cilindri superkarı debüt edib. O, 2017-ci ildə debüt edən Ferrari 812 Superfast superkarını əvəzləyəcək və Ferrari brendinin ilk buraxdığı 12-silindrli klassik Gran Turismo modellərinin tarixini davam etdirəcək.

Bununla belə, həqiqətən də yeni mühərrikin indi peyda olacağını gözləmək sadəlövhlükdür. Ferrari 12Cilindri modeli 2002-ci ildən buraxılan, 65 dərəcəlik ayrılma bucağı və quru karteri olan F140 alüminium mühərrikinin növbəti iterasiyası ilə təchiz edilib.

F140HD mühərrikinin yeni versiyası praktiki olaraq 2021-ci il Ferrari 812 Competizione kupesinin güc aqreqatını təkrarlayır: 6,5-litrlik atmosfer mühərriki birbaşa yanacaq püskürdülməsinə (350 bar təzyiqdə), titandan sürgü qollarına (onlar poladdan hazırlanmışlardan 40% yüngüldür), yüngülləşdirilmiş dirsəkli vala və porşenlərə, eləcə də dəyişən məhsuldarlıqlı yağ nasosuna malikdir.

Bu mühərriki müasir Euro 6E ekonormlarına uyğunlaşdırmaq üçün, buraxılış traktını tamamilə yenidən işlənmək və sərt hissəciklər filtrini quraşdırmaq lazım olub. Təəssüf ki, bu yeniliklər hasilata təsir göstəriblər. Güc 812 Competizione modeli ilə eyni səviyyədə qalır: 830 at qüvvəsi (9250 dövr/dəqiqədə).

Bununla belə, fırlanma anı azalıb. Əgər 812 modelinin baza versiyası 718 Nm, Competizione isə, 692 Nm-ə malik idisə, indi fırlanma anı 678 Nm (7250 dövr/dəqiqədə) təşkil edir. Lakin mühərrik artıq 2500 dövr/dəqiqədə dartma qüvvəsinin 80 faizini hasil edir, məhdudiyyət isə, 9500 dövr/dəqiqədə işə düşür!

Ötürmələr qutusu yenidir: arxa oxda əvvəlki yeddi pilləli “robotun” əvəzinə, ilk dəfə SF90 modelində debüt edən və indi bütün Ferrari modellərində istifadə olunan səkkiz pilləli Magna preselektiv ötürmələr qutusu quraşdırılıb. O, əvvəlki transmissiyadan 30% daha sürətli işləyir. Ötürmə - yalnız arxa oxadır.

Ferrari 12Cilindri yeni 8.0 versiyasında olan PCV 3.0 (Virtual Short Wheelbase) tam idarələnən şassisinə və həmçinin SSC (Side Slip Control) elektron köməkçisinə malikdir. Qeyd etmək lazımdır ki, 812 Competizione modelində şassinin yeddinci versiyası quraşdırılıb. Bu sistemlə döngələrdəki sürəti 10% artırmaq mümkün olub. Əsas texniki yenilik isə, naqillərlə idarə olunan əyləc sistemidir.

Ferrari 812 Superfast modeli ilə müqayisədə yeni kupe 20 millimetr (2700 millimetr) qısaldılmış təkər bazasına və daha möhkəm kuzova malikdir: burulma sərtliyi 15 faiz artıb. Dizaynda 60-cı illərin modelləri ilə oxşarlıqlar var: məsələn, Ferrari 12Cilindri modelinin fənərlərinin  forması və ön hissəsi klassik Daytona modelini xatırladır.

Ənənəvi olaraq, önmühərrikli Ferrari avtomobillərində kapot ön rəzələrdə quraşdırılıb və irəli açılır. Modelin uzunluğu 4733, eni - 2176, hündürlüyü isə, 1292 millimetrdir.Kupe standart olaraq şüşədən dam paneli ilə təchiz edilir. 

Eyni zamanda, 14 saniyəyə açılıb-bağlanan olan sərt damı olan Ferrari 12Cilindri Spider rodsteri də nümayiş etdirilib. Hər iki versiya aktiv aerodinamik elementlərlə təchiz olunub - arxa tərəfin künclərində 60 km/saatdan yuxarı sürətlərdə yuxarı qalxan və yerəbasma gücünü artıran bir cüt qalxancıq (280 km/saatda əlavə 50 kiloqram) var.

High Downforce rejimi elektronika tərəfindən 300 km/saat həddinə qədər sürətlərdə aktivləşdirilir, lakin bu qalxancıqlar yalnız sinxron işləyir - yəni, sistem döngələrdə yerəbasma qüvvəsini paylaşdıra bilmir.

12-silindrli avtomobillərin maksimal sürəti “340 km/saatı keçir”. Kupe 1560 kiloqram quru çəkiyə malikdir. O, 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir, 200 km/saat həddini isə 7,9 saniyəyə toplayır: eyni dinamikaya əvvəlki Ferrari 812 Superfast modeli də malik idi.

Rodster nəzərəçarpacaq dərəcədə ağırdır (quru çəkisi 1620 kiloqram), ona görə də onun dinamikası bir qədər zəifdir: Spider 100 km/saat həddini 3,0, 200 km/saat həddini isə 8,3 saniyəyə toplayır.

İnteryer Purosangue krossoveri ilə eyni üslubda hazırlanıb, lakin burada iki deyil, üç ekran var. Cihazlar panelinin ekranı ən böyüyüdür (15,6 düym), mərkəzi sensorlu ekran bir qədər kiçikdir (10,25 düym), ən kiçik ekran isə, sərnişinin qarşısındakıdır (8,8 düym).

Zəmanəyə uyğun olaraq, Apple CarPlay, Android Auto tətbiqlərinin dəstəyi və smartfonların simsiz doldurulması sistemi mövcuddur. Oturacaqların üzlüyüdə qismən təkrar emal olunmuş (alkantaranın 65 faizi plastik tullantılardan hazırlanır) materiallardan istifadə olunur. On beş dinamiki olan 1600 vattlıq Burmester audio sistemi quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ferrari 12Cilindri superkarının satışlarına bu ilin dördüncü rübündə başlanacaq. Doğma İtaliyada kupenin qiyməti 395 min avrodan başlayacaq, Spider üçün isə, ən azı 435 min avro tələb olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.