Lotus şirkətinin keçmiş rəhbəri Deni Bahara məxsus olan Ares Design şirkəti 1970-ci illərin məşhur sportkarlarından olan De Tomaso Pantera kupesinin müasir təsfirinin buraxılması ilə məşhurlaşıb.
Yeni superkarın əsasını Lamborghini Huracan superkarının alüminium və karbondan hazırlanmış şassisi təşkil edir. Sportkar italyan kupesindən alınmış 5,2-litrlik V10 atmosfer mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.
Lakin, Deni Bahar Pantera layihəsi ilə kifayətlənmək fikrində deyildir. O, əfsanəvi Ferrari 250 GTO modelinin müasir variantını da yaratmaq arzusundadır. Məlumdur ki, hazırda klassik Ferrari 250 GTO modelinin bu günə gəlib çatan nüsxələri hərraclarda çox yüksək qiymətə satılır.
Əlbəttə ki, Ares Design mütəxəssisləri yeni layihəni müasir sportkarının bazasında inşa etməyi düşünürlər və onların hədəfində Ferrari 812 Superfast modelidir. Baharın fikrincə 812 Superfast bu layihə üçün ideal proporsiyalara malikdir. Ares Design 250 GTO modelinin müasir variantından 10 nüsxədə buraxmağı planlaşdırır. Məlum məsələdir ki, avtomobilin qiyməti milyonlarla ölçüləcəkdir.