Ferrari 296 ailəsinin ən ekstremal üzvlərindən birini təqdim edib. 296 GT Modificata yalnız trekdə istifadə üçün nəzərdə tutulub və 296 GT3 Evo yarış avtomobilinin texnologiyalarını heç bir yarış homologasiyası məhdudiyyəti olmadan tətbiq edir. Model Ferrari-nin müştərilər üçün təşkil etdiyi Club Competizioni GT proqramında istifadə olunacaq.
296 GT Modificata-nın əsasını 2,992 kubsantimetr həcmli, 120 dərəcəlik V6 biturbo mühərrik təşkil edir. Ferrari mühərrikin konstruksiyasını dəyişdirərək yeni dirsəkli valı, yumruqcuqları, havaqəbuledici sistemi, interkulerlər və turbokompressorları tətbiq edib.
Nəticədə mühərrik 730 at gücü (537 kVt) haasil edir. Bu, GT3 Evo-nun yarış qaydaları ilə məhdudlaşdırılandan təxminən 130 at gücü çoxdur.
Mühərrik hibrid sistemdən istifadə etmir. Bu baxımdan 296 GT Modificata yol üçün nəzərdə tutulmuş 296 GTB-dən fərqlənir. Adi 296 GTB-nin V6 mühərriki və elektrik sistemi birlikdə 830 at gücü hasil edir.
Ferrari aerodinamika üzərində də ciddi işləyib. Avtomobil yeni ön splitter, yenidən işlənmiş arxa antiqanad və daha böyük Görni (Gurney) elementləri əldə edib. Arxa antiqanadın konstruksiyasında Ferrari 499P-dən götürülmüş həllərdən istifadə olunub.
Şirkətin məlumatına görə, bütün bu dəyişikliklər 296 GT Modificata-ya Fiorano trekində 296 GT3 Evo-dan təxminən üç saniyə daha yeyin dövrə vurmağa imkan verir.
Əyləc sistemi də trek istifadəsinə uyğunlaşdırılıb. Ön disklərin soyudulması yaxşılaşdırılıb, əlavə hava girişləri və yenilənmiş əyləc kanalları yüksək temperatur şəraitində daha effektiv işləməyə hesablanıb.
Salon iki nəfərlikdir. Ferrari bu quruluşu sürücünün yanında təlimçi və ya sərnişinin yerləşdirilməsini təmin etmək üçün seçib. Beləliklə, avtomobil yalnız fərdi trek günləri üçün deyil, Ferrari-nin sürücülük proqramları üçün də istifadə edilə bilər.
296 GT Modificata-nın alınması Club Competizioni GT proqramında iki il və ya 12 mərhələdə iştirak imkanını da əhatə edir. Ferrari avtomobili son dərəcə məhdud sayda istehsal edəcəyini bildirir, lakin dəqiq istehsal həcmini açıqlamayıb.
AUTOGRAPH NOTE
296 GT Modificata maraqlı bir tendensiyanı göstərir: müasir yarış avtomobillərinin texnologiyası artıq yalnız peşəkar komandaların ixtiyarında qalmır. Ferrari burada GT3 avtomobilinin əsasını götürərək onu yarış qaydalarından azad edib və müştəri üçün trek təcrübəsinə çevirib.
Ən maraqlısı isə odur ki, 730 at güclü bu Ferrari yarışmaq üçün yaradılmayıb. O, yarış avtomobilinin potensialını qaydaların tələb etdiyi məhdudiyyətlər olmadan hiss etmək istəyən müştərilər üçündür. Bu baxımdan 296 GT Modificata klassik “track day” avtomobilindən daha çox, Ferrari-nin yarış dünyası ilə müştəriləri arasında yaradılmış xüsusi bir körpüdür.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









