Adi avtomobilləri elektrokarlara çevirən Electric GT şirkəti dünyada ilk elektrik mühərriki ilə təchiz edilmiş Ferrari sportkarını təqdim etmişdir. Ferrari 308 GTE adını almış elektrokar 1978-cu ilin Ferrari 308 GTS sportkarının bazasında hazırlanmışdır. Bu avtomobilin mühərrik bölümü yanacağın sızması nəticəsində yanmışdır. Amerikalı mütəxəssislər avtomobilin kuzovunu və salonunu bərpa edərək, yanmış 2,9-litrlik V8 mühərrikinin əvəzinə 415 at qüvvəsi gücü olan elektromotorla və 1990-cı ilin Porsche 911 modelindən götürülmüş beş pilləli mexaniki sürətlər qutusu ilə təchiz etmişdirlər.
Electric GT nümayəndələrinin sözlərinə görə, mexaniki sürətlər qutusunun seçilməsində məqsəd «Ferrari avtomobilinin idarə edilməsindən əldə edilən həzzi» hiss etdirmək idi.
Porsche transmissiyasının seçilməsinin səbəbi isə, sürətlər qutusunun elektromotorun böyük fırlanma anını «həzm etmə» qabiliyyəti olmuşdur. Elektrik güc aqreqatı tutumu 30 kilovat-saat olan batareyalardan qidalanır. Bu batareyalar sayəsində avtomobil 180 kilometr məsafə qət etmək iqtidarındadır.
Sonradan mütəxəssislər avtomobili daha iri tutumlu batareyalarla təchiz etmək fikrindədirlər. Elektrik avtomobilinin çəkisi 1500 kiloqram təşkil edir ki, bu da Ferrari 308 GTS modelinin çəkisindən 300 kiloqram artıqdır. Elektrokarın kütləvi nümayişi Montereydəki (Kaliforniya, ABŞ) Mazda Laguna Seca Raceway trekində baş tutacaq hərrac çərçıvəsində keçiriləcəkdir.