Dünən, məşhur idman avtomobilləri istehsalçısı olan Ferrari şirkətinin Azərbaycandakı nümayəndəsi «Avtolux-Azerbaijan LLC» şirkəti, italyan markasının yeni modeli olan Ferrari 488 Spider sportkarının rəsmi təqdimat mərasimini keçirmişdir. Təqdimat mərasiminə italyan markasının yerli pərəstişkarları və müştəriləri, həmçinin media nümayəndələri dəvət olunmuşdular. Təqdimat mərasimindən öncə təşkil edilmiş mətbuat konfransında şirkətin baş direktoru İbrahim Əhmədov və brend meneceri Azər Cəlilov çıxış etdilər. Onlar yeni avtomobil haqqında toplaşanlara ətraflı məlumat təqdim etdikdən sonra, jurnalistlərin çoxsaylı suallarına cavab verdilər.
Yeni avtomobilin rəsmi təqdimat mərasimi Ferrari Bakı Mərkəzində keçirildi. Mərasimdə İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillo da iştirak edirdi. Səfir çıxış edərək Bakıda fəaliyyət göstərən Ferrari Bakı Mərkəzinin timsalında İtaliya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini bildirdi. Yeni spayder haqqında qısa videoçarxın nümayişindən sonra, gecənin gəhrəmanı olan Ferrari 488 Spider sportkarı toplaşanlara təqdim edildi. Ferrari 488 Spider modeli faktiki olaraq 488 GTB kupesinin açıq kuzovlu variantıdır.
Yeni avtomobil yüksək texnologiyalı açılan sərt dam örtüyü ilə təchiz edilmişdir. Ferrari 488 Spider modelinin ilk rəsmi təqdimat mərasini keçən ilin payızında keçirilmiş Frankfurt avtosalonunda baş tutmuşdur.
Ferrari şirkəti, mühərriki ortada yerləşən sportkarlar istehsal edən avtomobil şirkətləri arasında RHT (Retractable Hard Top) texnologiyasını tətbiq edən ilk şirkət olmuşdur. Yeni spayderin qabarit uzunluğu 4568 millimetr, eni - 1952 millimetr, hündürlüyü isə 1211 millimetr təşkil edir. Spayderin təkər bazasının uzunluğu 2560 millimetrə bərabərdir. Ferrari 488 Spider modelinin çəkisi 1420 kiloqram təşkil edir ki, bu da 488 GTB kupesində olduğundan 50 kiloqram daha artıqdır. Eyni zamanda yeni 488 Spider sələfi 458 Spider modelinə nisbətən 10 kiloqram daha yüngüldür. Çəkidə qənaətə avtomobilin konstruksiyasında tətbiq edilən yüngül metallar sayəsində nail olunmuşdur. İtalyan istehsalçı tərkibində alüminium və maqnezium olan 11 növ qatışıqdan istifadə etmişdir.
Ferrari 488 Spider modelinin mühərrik bölümü üzərində yerləşən xüsusi şöbəyə yığılan sərt tavanın çəkisi 25 kiloqrama bərabərdir. Sərt tavan 14 saniyə ərzində qatlanaraq, açıq avtomobildə səyahətdən həzz almağa imkan yaradır. Bundan əlavə, avtomobilin salonunda xoş atmosferin yaradılması üçün superkar külək ekranı ilə təchiz edilmişdir ki, bu ekran da elektriklə tənzimlənən üç müxtəlif mövqeyə malikdir.
Yeni spayder 661 at qüvvəsi gücü və 760 Nm fırlanma anı olan 3,9-litrlik iki turboüfürməli V8 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı iki muftalı 7 pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Ferrari 488 Spider yerindən 100 km/saat həddinə sürətlənməyə 3,0 saniyə, 200 km/saat həddinə isə 8,7 saniyə sərf edir. Sportkarın maksimal sürəti 325 km/saat təşkil edir.
Ferrari şirkətinin yerli nümayəndəliyinin verdiyi məlumata görə, Ferrari 488 Spider sportkarının satış qiyməti 350 min ABŞ dolları təşkil edir. Bundan əlavə, Ferrari aşıqləri italyan istehsalçısının model cərgəsində olan digər avtomobilləri də Ferrari Bakı Mərkəzində əldə edə bilərlər.