Superkarları ilə məşhur olan Ferrari markası, özü üçün yeni bir seqmentə addım atmaq üzrədir. Üstəlik, "Car" nəşrinin bildirdiyinə görə, italyan markasının planlarında bir krossoverin deyil, üç krossover var. Ferrari markasının ilk krossoveri, 2022-ci ildə işıq üzü görəcək Purosangue modeli olacaqdır. Onun ardından elektrik güc qurğusu ilə hərəkətə gələcək daha iki krossover olacaqdır.

Purosangue modeli zavoddaxili F175 indeksini daşıyır, digərləri isə, hələlik təsdiqlənməmiş layihələrdir - F244 və F245. "Car" nəşrinin bildirdiyinə görə, hər iki krossover Ferrari markasının ilk krossoverinin də inşa edildiyi Front Mid Engine Arrchitecture arxitekturasına əsaslanacaqdır.

Hər iki avtomobil tərkibinə dörd elektrik mühərrikinin (hər təkərdə biri) daxil olduğu 619 at qüvvəli elektrik güc qurğusu ilə hərəkətə gələcəkdir. Mühərriklər 80 kilovat-saatlıq litium-ion batareyadan qidalanacaqdırlar.

Nəşrin bildirdiyinə görə, ilk elektrik krossoveri 2024-cü ildə, ikincisi isə iki il sonra təqdim ediləcəkdir. Bununla birlikdə, may ayında italyan istehsalçısının direktoru Enriko Qalliera ilk Ferrari elektrokarının 2025-ci ildən sonra satışa çıxacağını və superkar olacağını bildirmişdi.