Ferrari hər bir avtomobil həvəskarına yaxşı tanış olan əfsanəvi Testarossa adını yenidən canlandırıb. Əvvəlki dövrlərdə bu adı italyan komandasının müxtəlif yarış avtomobilləri daşıyıb, Ferrari Testarossa yol superkarı isə, 1984-1991-ci illərdə istehsal olunub. Dünən təqdim edilmiş yeni Ferrari 849 Testarossa hibrid modeli isə, 2019-cu ilin SF90 Stradale hiperkarının modernləşdirilməsinin nəticəsidir.

Ferrari 849 Testarossa
Təəssüf ki, yeni hiperkarın köhnə Testrossa ilə bənzərliyi yoxdur. Bununla belə, yeni avtomobilin SF90 modeli ilə də oxşarlığı nəzərə çarpmır: hiperkarın xarici görünüşü italyan brendinin müasir üslubunda yenidən işlənib. Ön optika qara zolaqla maskalanıb, kuzova künclər əlavə edilib, eyni zamanda aerodinamikanın bütün müasir nailiyyətlərindən istifadə olunub.
Məsələn, avtomobilin iti burunun ön hissəsi iri splitter və yuxarı səviyyəsində yerləşən, italyanların bamperetlər adlandırdıqları yan çəpərciklər ilə seçilir. Arxa tərəfin künclərində ayrıca spoylerlər quraşdırılıb və onların arasında iki mövqeyə malik olan irəli çıxan antiqanad var – mövqelərin dəyişməsi bir saniyədən az vaxt aparır. Aşağıda iki səviyyəli diffuzor mövcuddur.

Ferrari 849 Testarossa
Bütün fəndlər nəticəsində 250 km/saat sürətində yerəsıxma qüvvəsi 415 kiloqrama çatır ki, bu da SF90 Stradale modelində olduğundan (390 kiloqram) 15% çoxdur. İnkişaf etmiş hava girişləri sahəsi 18% artmış radiatorlara və interkulerlərə yönəldilən hava axınının 30% artımını təmin edir.
Yeni Testarossa modelinin uzunluğu 4718, eni – 2304, təkər bazasının genişliyi isə, 2650 millimetrdir. Kupenin hündürlüyü 1225, spayderin isə, 1186 millimetr təşkil edir. Sonuncu, 45 km/saat sürətində 14 saniyəyə açılıb-bağlanan elektrik ötürməli sərt dama malikdir.

Ferrari 849 Testarossa Spider
Spayderin mənfi cəhəti artan çəkisidir: kupedəki 1570-ə qarşı 1660 kiloqram (SF90 kimi). Öndə 265/35 R20,ə arxada isə, 325/30 R20 ölçülü şinlər taxılmış təkər diskləri quraşdırılır.
Ferrari 849 Testarossa hiperkarının hibrid güc qurğusu demək olar ki, dəyişməz şəkildə əvvəlki SF90 modelindən götürülüb. Bazanın daxilində 90 dərəcəlik blok bucağı olan F154 ailəsinin 4,0-litrlik biturbo V8 mühərriki yerləşib. O, növbəti dəfə geniş şəkildə yenidən işlənib və gücləndirilib, əsas yenilik isə, böyüdülmüş turbokompressorlardır (Ferrari seriya avtomobillərindəki ən böyük).

Ferrari 849 Testarossa
Nəticədə güc aqreqatının hasilatı 780 at qüvvəsi və 800 Nm-dən 830 at qüvvəsi və 842 Nm-ə qədər yüksəlib. Maraqlıdır ki, Ferrari tarixində ilk dəfə olaraq, mühərrikin istehsalı üçün təkrar emal edilmiş alüminiumdan istifadə olunub. Daxili yanma mühərriki əvvəlki kimi, iki muftalı səkkiz pilləli "robot" vasitəsilə arxa təkərləri hərəkətə gətirir.
Hibrid sistemin elektrik hissəsi dəyişməyib. Ümumilikdə üç elektrik mühərriki var: biri benzin mühərriki ilə ötürmələr qutusunun arasında, daha ikisi isə, ön təkərlərdə quraşdırılıb. Sonuncular dartma vektorunun nizamlanması sisteminin həyata keçirilməsinə imkan verən müstəqil idarəetmə sisteminə malikdirlər.
Elektrik mühərriklərinin ümumi gücü 220 at qüvvəsi təşkil edir, lakin sırf elektrik eDrive rejimində yalnız 163 at qüvvəli ön mühərrikləri işləyir. Yəni, Testarossa pasport üzrə 25 kilometrlik yürüş ehtiyatı olan önötürməli elektromobilə çevrilir: 7,45 kilovat/saatlıq batareyanın cərəyanı yalnız buna kifayət edir. Elektromühərriklər hiperkarı geri doğru hərəkətlə təmin edir, çünki səkkiz pilləli “robotda” əvvəlki kimi arxa ötürmə yoxdur.
Ferrari 849 Testarossa modelinin hibrid qurğusunun maksimum hasilatı SF90 Stradale modelindəki 1000 at qüvvəsinə qarşı 1050 at qüvvəsidir. 100 km/saat sürətlənmə 2,5 saniyə əvəzinə 2,3 saniyə, 200 km/saat sürətlənmə isə, 6,7 saniyəyə qarşı cəmi 6,35 saniyə (Spider versiyasında 6,5 saniyə) çəkir.

Ferrari 849 Testarossa Spider
SF90 hiperkarı 340 km/saata sürətlənsə də, Testarossa modelinin maksimal sürəti 330 km/saatdan çoxdur. 100 km/saat sürətindən tam dayanmaq üçün 28,5 metr, 200 km/saatdan yavaşlama üçün isə, 108 metr tələb olunur. Nəhayət, Testarossa Fioranodakı zavod sınaq trekini 1 dəqiqə 17,5 saniyəyə (spayder - 1 dəqiqə 18,1 saniyəyə) qət edir.
Hiperkarın şassisi optimallaşdırılmış kinematikası olan yenidən tənzimlənmiş asmaları əldə edib ki, bu təkmilləşdirmələr sayəsində maksimal yana sürətlənmə 3% artıb. Sabitləşdirmə və qabaqcıl ABS Evo sistemləri, habelə Ferrari Integrated Vehicle Estimator (FIVE) funskiyası sürücüyə əlavə yardım göstərəcəklər. Sonuncu hiperkarın virtual əkizini yaradır və onun riyazi modelindən istifadə edərək real vaxt rejimində avtomobilin yoldakı davranışını proqnozlaşdırır.

Ferrari 849 Testarossa Assetto Fiorano
Ferrari 849 Testarossa üçün Assetto Fiorano trek paketi hazırlanıb – bu dəst karbonplastik və titandan hazırlanmış yüngül komponentlər hesabına avtomobilin çəkisini 30 kiloqram azaldır. Məsələn, alkantara ilə üzlənmiş yeni kompozit kreslolar standart oturacaqlarla müqayisədə 18 kiloqram çəkiyə qənaət etməyə imkan verir, Pirelli P Zero R və ya Bridgestone Potenza Sport şinləri ilə təchiz edilmiş döymə disklərin əvəzinə quraşdırılan Michelin Pilot Sport Cup 2 şinləri taxılmış karbonplastik təkərlər qeyri ressoraltı kütlələri azaldır.
Multimatic yarış amortizatorları idarəetməni daha da təkmilləşdirmək üçün nəzərdə tutulub, həmçinin yoldakı kələ-kötürlükləri qət etmək üçün ön tərəfin qaldırması sistemi də mövcuddur. Nəhayət, Assetto Fiorano paketi olan hiperkarlar xüsusi iki rəngli livrayaya boyana bilərlər.
Salonda indi yeni sükan və ayrıca yerləşən havalandırma deflektorları olan ön panel, həmçinin sərnişin üçün əlavə ekran peyda olub. Transmissiyanın selektoru mərkəzi konsola köçüb, baxmayaraq ki, əvvəllər o dhah aşağıda tuneldə yerləşirdi. HMI media sistemi modernləşdirilib və Apple CarPlay, Android Auto və MyFerrari Connect protokollarını (smartfon vasitəsilə telematika) dəstəkləyir.
Yeni Ferrari 849 Testarossa hiperkarının qiyməti 480 min avrodan başlayr, hiperkara sifarişlər artıq qəbul olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.