Bu gün Ferrari şirkəti 812 Superfast modelinin ekstremal versiyalarını - Competizione və Competizione A indeksini almış kupe və tarqanı təqdim edib. Xatırladaq ki, bir müddət bundan öncə italyan istehsalçısı ekstremal superkarın şəkillərini dərc edərək, müəyyən məlumatı paylaşmışdı.
Ferrari 812 Competizione və 812 Competizione A (böyük ehtimalla, A hərfi “Aperta”, yəni italyancadan tərcümədə “açıq” sözündən götürülüb) modelləri 830 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 mühərriki ilə hərəkətə gəlirlər. Beləliklə, bu mühərrik 30 at qüvvəsi daha güclü olsa da, onun fırlanma anı 26 Nm azaldılıb. Tam güc 9250 dövr/dəqiqədə əldə edilir ki, bu da yeni superkarları Ferrari markasının tarixindəki ən güclü yol avtomobillərinə çevirir.
Güc aqreqatı təkmilləşdirilimiş yeddi pilləli iki muftalı avtomatik transmissiya ilə tandemdə çalışır. İstehsalçının bildiridiyinə görə, yeni tənzimləmələr sayəsində ötürmələrin həyata keçirilməsinə 5 faiz daha az vaxt tələb olunur. Sükan idarəetməsi də təkmilləşdirilib - indi avtomobil sürücünün komandalarına daha yeyin cavab verir.
İstehsalçının bildirdiyinə görə, Ferrari stil mərkəzinin əməkdaşları və aerodinamika üzrə mütəxəssisləri yol avtomobili üçün misilsiz təkmilləşdirmələrə nail olublar. Bunun üçün onlar ön bamperdəki hava girişlərinin formasını dəyişdirməli, bamperin kənarlarına kiçik “üzgəclər” əlavə etməli, diffuzoru yenidən işləməli və buraxılış traktının konfiqurasiyasını təkrar nəzərdən keçirməli olublar.
Ancaq ən başlıcası isə, arxa pəncərənin yerinə quraşdırılmış burulğan generatorları ilə təchiz olunmuş alüminium örtük, habelə kapotda quraşdırılan və avtomobilin ümumi nisbətlərinin mənimsənilməsini dəyişdirən bumeranq formalı köndələn zolaqdır.
Tam idarə olunan şassi yenidən işlənib: avtomoblin bütün təkərlərin müstəqil dönmə sistemini alacağı elan edilib! SSC (Side Slip Control) sistemi 7.0 versiyaya qədər təkmilləşdirilib. Xatırladaq ki, adi Ferrari 812 Superfast kupesi bu sistemin beşinci versiyasına malikdir. Karbonplastikdən geniş istifadə sayəsində avtomobil orijinal 812 Superfast modelindən daha yüngül olub - 1487 kiloqram.
Ferrari 812 Competizione modeli 100 km/saat həddinə 2,85 saniyəyə (- 0,05 saniyə), 200 km/saat həddinə isə 7,5 saniyəyə (- 0,4 saniyə) sürətlənir. Buna həm də gücün çəkiyə düşən nisbəti sayəsində nail olunub - ekstremal versiyada 1 at qüvvəsinə 1,79 kiloqram düşürsə, adi kupedə bu rəqəm 1,9 kiloqram təşkil edir.
Ferrari 812 Competizione A tarqasının dinamikasını açıqlamayıb. Çox güman ki, kupe ilə tarqa arasındakı çəki fərqi sonuncunu bir qədər yavaşladacaqdır. Ferrari çəki artımını minimallaşdırmaq üçün tarqanı karbondan hazırlanmış çıxarılan dam panelləri ilə təchiz edib. Bu panellərdən istifadə edilmədikdə, onları xüsusi bölməyə yerləşdirmək olar ki, bu bölmənın içi dam paneli ilə eyni formaya malikdir.
Digər bir maraqlı element buraxılış sisteminin karbon ucluqları olan dörd çıxış borulsudur. Bu borular sayəsində işlənmiş qazlar ölçüləri böyüdülmüş diffuzora daha effektiv şəkildə yönəldilir ki, bu da yerəbasma gücünün artmasına xidmət edir.
Ferrari hələlik avtomobillərin qiymətləri barədə məlumatla bölüşməyib. Üstəlik, kupe və kabrioletin hansı tirajla buraxılacağı da məlum deyil. Lakin yuxarıda sadalananları nəzərə alsaq avtomobillərin qiymətinin yüksək olacağını gözləmək olar.
Bir də ki, 812 Competizione və 812 Competizione A modellərinin bütün tirajının satıldığını eşitsəniz təəccüblənməyin…