Bu günə qədər, Ferrari şirkətinin XX proqramı mülki istifadə üçün nəzərdə tutulmayan və ictimai yollara çıxışı olmayan sırf trek avtomobillərinin yaradılmasını nəzərdə tutub. Ancaq indi ümumi yollarda istismarına icazə veriləcək ilk XX modeli təqdim olunub - bu, Ferrari SF90 XX hibrid superkardır. Üstəlik, eyni vaxtda həm SF90 XX Stradale kupesi, həm də açıq SF90 XX Spider spayderi təqdim olunub.
Yeni modelin yaradılmasında əsas rolu, əlbəttə ki, XX yarış bölməsinin mühəndisləri öz üzərlərinə götürüblər, lakin avtomobil mülki statusa malik olduğu üçün, bu işə Flavio Manzoninin rəhbərlik etdiyi Ferrari dizayn mərkəzi də cəlb olunub. Mühəndislər SF90 modelinə əlavə aerodinamik elementləri quraşdırmaqla kifayətlənməyiblər, həm də yerəbasma qüvvəsini artırmaq üçün onun kuzovunu ciddi şəkildə dəyişdiriblər.
İşlər o qədər geniş miqyasda aparılıb ki, orijinal superkardan faktiki olaraq heç bir xarici panel belə qalmayıb. Arxa tərəf, hətta fərqli şəkildə tərtibata malikdir - burada ənənəvi dörd fənər əvəzinə tək işıq zolağı var. Ön və yan hava girişlərinin kanalları genişləndirilib, təkər tağlarının üstündə hava axınını yönləndirmək üçün kəsiklər peyda olub, altlığın konfiqurasiyası dəyişdirilib, daha böyük ön splitter quraşdırılıb. Bütün bunların tətbiqi nəticəsində ön oxdakı yerəbasma qüvvəsi maksimal sürətdə 325 kiloqrama çatır.
Arxada incə pilonlard üzərində duran iri arxa antiqanad quraşdırılıb: Ferrari sonuncu dəfə yol avtomobilləri üçün belə həlldən doxsanıncı illərin F50 modelində istifadə etmişdi. Arxa antiqanad sabit mövqeyə malikdir və 250 km/saat sürətində 315 kiloqrama bərabər yerəbasma qüvvəsi yaradır. Spider üçün aerodinamik elementlərin konfiqurasiyası nöqtəbənöqtə optimallaşdırılıb. Bununla belə 45 km/saat sürətində 14 saniyə ərzində qatlana bilən standart alüminium dam paneli saxlanılıb.
Hibrid güc qurğusu da təkmilləşdirilib, lakin köklü şəkildə deyil. Təkər bazasının daxilində quraşdırılmış 4,0-litrlik V8 biturbo mühərriki yeni porşenləri alıb, sıxılma nisbətini artırılıb, habelə giriş və buraxılış sistemlərinin kanalları əlavə olaraq cilalanıblar. Yeni rezonatorlar və fərqli trakt konfiqurasiyası mühərrikin səsini daha “qəzəbli” edib. Ancaq mühərrikin hasilatındakı artım cüzidir: baza modelindəki 797 at qüvvəsi və 800 Nm əvəzinə 780 at qüvvəsi və 804 Nm.
Üç elektrik mühərriki də (ikisi ön oxda, biri arxada) ümumilikdə daha güclü olublar: 220 at qüvvəsinə qarşı 233 at qüvvəsi. Nəticədə hibrid sistemin pik gücü 1000-dən 1030 at qüvvəsinə yüksəldilib. Lakin bütün güc qurğusunun, o cümlədən səkkiz pilləli qoşa muftalı robotlaşdırılmış ötürmələr qutusunun tənzimləmələri yenidən nəzərdən keçirilib: trekdə Ferrari SF90 XX daha da həssas və dinamik olmalıdır.
Məsələn, sırlama rejimində elektronika dartma batareyasını əsirgəmir, döngələrdən çıxarkən qaz pedalının basılmasına ani cavab üçün maksimum güc verir. Eyni zamanda, mülki istismarda, tam dolu halda olan 7,9 kilovat/saatlıq batareyası elektrik rejimində (ön ötürmə ilə) 25 kilometrlik yürüş məsafəsinə kifayət etməlidir.
Əyləclər yenidən işlənib: yeni friksion qəlibləri peyda olub, öndə soyutma yaxşılaşdırılıb, arxada isə daha böyük diametrli disklər quraşdırılıb. Salonda - daha çox karbon, yüngül oturacaqlar və sadələşdirilmiş tərtibat panelləri var. Məhz bunların sayəsində avtomobilin çəkisini 10 kiloqram azaltmaq mümkün olub: SF90 XX Stradale kupesinin boş çəkisi 1560, spayderin isə 1660 kiloqram təşkil edir.
XX versiyalarının dinamik xüsusiyyətləri, əlbəttə ki, yaxşılaşdırılıb. İlk “yüzlüyə” sürətlənmə müddəti, kuzov növündən asılı olmayaraq, 2,3 saniyəyə (- 0,2 saniyə) endirilib. 200 km/saata qədər kupe 6,7 saniyə əvəzinə 6,5 saniyəyə, spayder isə 7,0 saniyə əvəzinə 6,7 saniyəyə sürətlənir. Lakin aqressiv aerodinamika maksimal sürəti 340-dan 320 km/saata endirib. 799 ədəd SF90 XX Stradale kupesi və 599 ədəd analoji spayder istehsal ediləcəkdir. Ekstremal versiyalara sifarişlərin qəbuluna artıq başlanılıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.