Bu ayın son günü təqdim ediləcək yeni Ferrari hibrid superkarı italyan markasının tarixindəki ən güclü seriya modeli olacaqdır. Hibrid qurğunun ümumi hasilatı 1000 at qüvvəsi olmalıdır ki, bu da hazırda ən güclü Ferrari modelləri sayılan LaFerrari və LaFerrari Aperta modelində olduğundan 37 at qüvvəsi çoxdur.
Yeni modelin təqdimatı keçiriləcək mərasimə dəvətnamənin skrinşotunu Ferrari Chat forumunun istifadəçilərindən biri dərc edib. Bu dəvətnamədə təqdimatın tarixi və hibrid qurğunun gücü (1000 at qüvvəsi) yazılıbdır. Təsdiq edilməmiş məlumata görə, hibrid superkarının əsasını Ferrari 488 Pista modelindən götürülmüş V8 mühərriki təşkil edəcəkdir.
Xatırladaq ki, bu günə qədər Ferrari markasının ən güclü seriya modeli LaFerrari və LaFerrari Aperta modelləridir. Ferrari LaFerrari 963 at qüvvəsi hasil edən hibrid güc qurğusuna malikdir. Qurğunun tərkibinə 6,3-litrlik nV12 mühərriki, elektromotor, iki muftalı “robot” və batareyalar dəsti daxildir. LaFerrari Aperta 100 km/saat həddini üç saniyəyə toplayır və 350 km/saatlıq maksimal sürət həddinə malikdir.