Belçikada keçirilən həftəsonu öncəsi, çempionatın lideri olan Sebastyan Fettel jurnalistlərə, növbəti iki həftə ərzində müqavilə barədə yeniliklərin olmayacağını bildirmişdi. Lakin, artıq şənbə günü üçüncü sərbəst yürüşlər ilə təsnifat mərhələsi arasında Scuderia Ferrari komandası alman pilotla müqaviləni 2020-ci ilə qədər uzatdığını bəyan edib.
"Düşünürdüm ki, bunun vaxtı hələ yetişməyib və hadisələri sürətləndirmək istəmirdim. Buna baxmayaraq, biz bütün məsələləri kifayət qədər tez həll edib bəyanat verdik.
Başa düşürəm ki, əvvəlcə bir şeyi söyləyib, iki gündən sonra başqa şey demək yaxşı hal deyil, amma vəziyyət belədir, - şənbə günü mətbuat konfransında Fettel izahat verib. - Yeni müqavilə nə vaxt imzalandı? Bu həftəsonu".
Şənbə günü axşam Mercedes Motorsport rəhbəri Toto Volf Fettel ilə danışıqlar faktını qəti surətdə təkzib edib. Alman pilot da danışıqların getmədiyini bir daha təsdiqləyib.
"Mən Formula 1-də çoxdan çıxış edirəm, və paddokda çoxlu tanışlarım var. Təbii ki, biz belə bir imkanın olması barədə danışdıq, ancaq bu sadəcə söhbət idi. Mən danışıqları yalnız Ferrari ilə aparırdım.
Əlbəttə, mən əvvəldən Scuderia’da qalmaq istəyirdim - çünki biz hələlik istədiyimizə nail olmamışıq. Mən qırmızı bolidin sükanı arxasında çempionluq yaşamaq istəyirəm, - Sebastyan şərh edib. - Mixael Şumaxer karyerasının əksər hissəsini qırmızı kombinezonda keçirib və titullarının çoxunu məhz bu komanda ilə qazanıb.
Mən sadəcə onun yolu ilə getmək istəmirəm. Ferrari əməkdaşlarının indiki nəsil komandanın tarixinə öz töhfəsini vermək arzusundadır. Əlbəttə, Şumaxer bizim hamımız üçün ilham qaynağıdır. Ona görə də ən böyük arzum Ferrari ilə birlikdə qələbə qazanmaqdır".